Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:43

"Sanki öz evimizdə kirayədə qalırıq"


Illüstrasiya
Illüstrasiya

►İki şirkətin pul mübahisəsi, ortada qalan sakinlər...

“Od qiymətinə ev almışıq, od qiymətinə də təmir etdirib köçmüşük. İndi də o qədər aylıq xərcimiz çıxır ki... 250 manatadək... Sanki öz evimizdə kirayədə yaşayırıq”.

Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2945/46 ünvandakı yeni tikilinin sakinləri “Qaynar xətt”ə şikayət ediblər.

Bina sakini Rüstəm Həşimov deyir, binanı inşa edən və mənzilləri onlara satan şirkət payçılarla bağladığı müqavilənin şərtlərinə əməl etmir.

Buna da bax: “Törətmədiyim cinayəti boynuma qoymaq istəyirlər”

Onun sözlərinə görə, binanın inşası 2007-ci ildə başlanıb. 2012-ci ildə təhvil verilməli olan bina 1 il gecikmə ilə - 2013-cü ildə təhvil verilib. Sakinlər də elə həmin il mənzillərinə köçüblər.

Rüstəm Həşimov:

“Guya bina hazır olan kimi bütün payçılara dərhal mənzillərinə çıxarışlar veriləcəkdi. Bina dərhal maye qazla təmin olunacaqdı. Yəni belə vədləri sadalamaqla bitmir. Şirkət ilk növbədə şərti onda pozdu ki, binanı bir il gecikmə ilə təhvil verdi. Bəlkə də baş-qulaqlarını aparmasaydıq, hələ də təhvil verilməyəcəkdi. Bir sözlə, bina gecikmə ilə təhvil verildi, indi də belə...”

Buna da bax: İcra nümayəndəsi niyə özünü öldürmək istəyib?

“AYAQLARIM SOYUQDAN TUTULUB”

Sakinlər deyirlər, pis-yaxşı – birtəhər köçüb oturublar. Ancaq həyatlarının rahatlığı üçün ətəklə pul töküb aldıqları mənzillərdə "işgəncəyə dözmək fikirləri yoxdur". Belə davam edərsə, məsələn, 72 yaşlı Elza İsmayılova şirkəti hətta məhkəməyə də verə bilər:

“Ayaqlarım soyuqdan tutulub. Yaşlı arvadam. 2 ildir bu binada yaşayırıq. Müqavilədəki şərtlərin heç birinə əməl olunmayıb. Qaz yoxdur. Məcburuq evlərimizi elektriklə qızdıraq. Naqillər də ucuz, keyfiyyətsizdir deyə, bir az yüklənəndə narahat oluruq ki, yanğın baş verər. Bir sözlə, həyatımız narahatçılıqlar içərisində keçir. Hər ay xeyli işıqpulu ödəyirik. Bunun üstünə hər kvadrata görə ödənişləri, zibilpulunu, liftpulunu da gəlsək, 200 manatı ötür. Kirayədə yaşamaq bundan sərfəlidir”.

Buna da bax: "Qoy köçək, sonra sökün də binanı"- [Fotolar]

İKİ ŞİRKƏT NİYƏ DİL TAPMIR?..

Binanı “İnşaat 2002” MTK inşa edib. Binada yaşayan Fərahim Umudov deyir, mənzil üçün şirkətə ayaq basanda qulaqları nə vədlər eşitməyib ki:

“Bircə evin açarını qızıl məcməyidə təqdim etməkləri qalmışdı. Elə ki pulu ödədik... ondan sonra sanki bizi tanımırlar”.

İş orasındadır ki, binanın qazla təmin olunmamasının günahkarını axtarmaq da müşkülə dönüb.

Mənzili satan “İnşaat 2002” MTK-dan bildiriblər ki, şirkətin möhürü və sənədləri “Xəmsə” MMC-nin sahibindədir. Buna görə də bina sakinlərinə nə çıxarış üçün, nə də binaya qaz verilməsi üçün rəsmi qurumlara müraciət edə bilmirlər.

Sual çıxır ki, “Xəmsə” MMC-nin məsələ ilə nə əlaqəsi? İş orasındadır ki, “İnşaat 2002” MTK-nın sahibi binanı tikərkən torpaq sahəsini vaxtilə “Xəmsə” MMC-dən alıb. MMC-nin sahibi, 2-ci qrup Qarabağ əlili olan Ziyafət Həzrətpur deyir, binanı “İnşaat 2002” MTK inşa etsə də, torpaq sahəsi “Xəmsə” MMC-yə məxsus olduğuna görə, sənədləşmələr, möhür MMC-nin adına olub. MTK MMC-yə 45 min manat ödəyib, qalan 64 min manatı isə hələ də ödəməyib. Sənədlər və möhür də MTK-ya ortadakı borc bağlanandan sonra qaytarılacaq.

Buna da bax: Saakashvili vətəndaşlıqdan çıxarıldı

HÜQUQŞÜNAS: HƏR İKİSİ MƏHKƏMƏYƏ VERİLMƏLİDİR

İndi iki şirkət arasındakı borc mübahisəsinin əziyyəti payçıların çiyinlərinə düşüb.

Hüquqşünas Fuad Hüseynov deyir, iki şirkət arasındakı mübahisənin payçılara aidiyyəti yoxdur:

“Payçılarla bağlanan müqavilədə göstərilmir ki, “filankəs mənə borcunu tam ödəyəndə möhürünü özünə qaytaracam”. Yaxud, “filankəs möhürü mənə qaytarmasa, binanın qaz, sənəd məsələsini həll etməyəcəm”. Bu məsələdə payçılar hər iki şirkəti məhkəməyə verməlidilər. Çünki belə anladım ki, rəsmi sənədlərdə də “Xəmsə” MMC-nin möhürü və adı hallanır”.

XS
SM
MD
LG