Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:02

'DTX-ya çağırılanda bildim ki, adıma şirkətlər var, ora böyük pullar gəlib'


DTX
DTX

Paytaxtda taksi sürücüsü kimi fəaliyyət göstərən Nicat Ələkbərov sənəd üzərində beş şirkətə rəhbərlik edən işadamıdır. Onun şirkətləri Xarici İşlər Nazirliyinin (XİN) tenderlərində qalib olub, yüz minlərlə manatlıq əməliyyat həyata keçirib. Ələkbərovun dediyinə görə, özü bütün bunlardan xəbərsiz olub. Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılandan sonra orada xəbər tutub: "Onda bildim ki, adıma dörd-beş şirkət var, ora böyük pullar gəlib...".

"Mən bunları bilməmişəm"

Ələkbərov XİN-in İşlər İdarəsinin keçmiş müdiri Fərhad Mollazadə və idarənin Təsərrüfat şöbəsinə rəhbərlik etmiş Səlim Əlizadənin işi üzrə DTX-da aparılan istintaqda dindirilib. Oktyabrın 7-də isə onların məhkəməsində şahid qismində ifadə verib.

Şahid deyir ki, onun şəxsiyyət vəsiqəsi ilə adına şirkətlər yaradılıb. Amma konkret kimin, nə vaxt və necə yaratdığını bilmir: "Mən taksi sürücüsüyəm, həm də su filtrlərinin satışıyla məşğul oluram. Məni çağıranda dedilər ki, adıma şirkətlər olub, pul gəlib, Rövşən Məmmədov çıxarıb kiməsə verib. Mən bunları bilməmişəm...".

Ələkbərov təqsirləndirilən şəxslərin heç birini tanımadığını vurğulayıb.

Pulun 1-2 faizi məbləğində qazanc

Rövşən Məmmədov "Əmrahbank"ın əməkdaşı olub. XİN işi üzrə bundan əvvəlki məhkəmə iclaslarında da bir neçə dəfə onun adı hallanıb. İfadələrdən məlum olub ki, o, XİN-in vəzifəli şəxsləri, özəlliklə təqsirləndirilən Əlizadə ilə adlarına şirkət yaradılan şəxslər arasında vasitəçilik edib. Dindirilənlərin bir neçəsi bildirib ki, şirkət yaradıb hesabına köçürülən pulun 1-2 faizi məbləğində qazanc əldə etmək təklifi Məmmədovdan gəlib, onlar da razılaşıb. Hətta bir neçə şahid deyib ki, Məmmədova etibarnamə vermişdi, şirkəti yaratmaqdan tutmuş, hesabına köçürülən vəsaitin çıxarılmasına qədər bütün məsələləri o, həll edirdi. Ona isə ya aylıq, ya da hər dəfə pul köçürüləndə müəyyən qədər pul verilirdi.

İttihama görə, belə şirkətlərin hesabına köçürülən vəsaitlər də nağdlaşdırılaraq nazirliyin vəzifəli şəxslərinə qaytarılıb. Bu puldan şirkət rəhbəri və ya vasitəçiyə çatacaq məbləğ və vergi ödənişi üçün lazımi qədər vəsait onlara verilib.

"Tenderlərdə qalib olmaqdan ötrü..."

"A Dizayn" və "M Dizayn" şirkətlərinin rəhbəri Azər Əliyev deyir ki, çap işiylə məşğuldur və bu sahədə XİN-lə əməkdaşlıq edib. 2011-2014-cü illərdə 456 min, 2015-2017-ci illərdə isə 512 min manatlıq tenderlərin qalibi olub: "Fərhad Mollazadə və Səlim Əlizadəni də nazirlikdən tanımışam. Müqaviləni nazirliyin İşlər İdarəsi ilə bağlayırdıq. Tenderlərdə qalib olmaqdan ötrü Səlim Əlizadəyə 61 min manat pul vermişəm".

Başqa bir şahid Cavanşir Məmmədov da məhkəmədə etiraf edib ki, adına olan şirkətlərin hesabına köçürülən vəsaitlərin 2 faizi ona çatıb. O, XİN-in vəzifəli şəxsləri ilə bu cür işbirliyi nəticəsində ümumilikdə 7 min manat pul qazandığını vurğulayıb: "Səhv etdiyimi bilirəm...".

XİN işi üzrə bundan öncəki məhkəmə iclaslarında "Yaşıl bazar"da göyərti satan, ev təmiriylə məşğul olan və s. şəxslərin adlarına şirkətlər yaradılıb, XİN-in büdcəsindən onların hesabına yüz minlərlə vəsaitin köçürüldüyü məlum olmuşdu.

Bu cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir.

Xatırlatma

Təqsirləndirilən Fərhad Mollazadə XİN-in İşlər İdarəsinə rəhbərlik etməklə yanaşı, həm də Tender Komissiyasının sədri olub.

DTX əməkdaşlarının 2020-ci il iyulun 3-də keçirdiyi əməliyyat nəticəsində həbs olunan Mollazadə və Əlizadə dekabrda ev dustaqlığına buraxılıb. Onlar nazirlik üçün dəftərxana ləvazimatları, suvenir, hədiyyələr və s. almaq adıyla 2 milyon 543 min manatlıq yeyintidə ittiham edilir. Sabiq məmurlara qarşı CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Onlar özlərini qismən təqsirli bilirlər. Hələlik məhkəmədə dindirilməyiblər. Bildiriblər ki, şahidlər dindiriləndən sonra ifadə verəcəklər.

Təqsirləndirilən sabiq məmurlar istintaq zamanı 2 milyon 543 min manatlıq ziyandan 2 milyon 325 min manatını ödəyiblər. Bu vəsaitin 2 milyon 300 minini Mollazadə, 25 min manatını isə Əlizadə ödəyib.

XS
SM
MD
LG