Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:10

YAP-ın Gənclər Birliyi üzvünə 10 il həbs cəzası


Cəbrayıl Fərzəliyev
Cəbrayıl Fərzəliyev

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin üzvü, uzun müddət "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının nümayəndəsi kimi fəaliyyət göstərmiş Cəbrayıl Fərzəliyevə 10 il həbs cəzası kəsilib. Fevralın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. O, "Paşabank" və Gənclər Fondundan yarım milyon manatdan çox yeyintidə suçlu sayılıb.

Cəbrayıl Fərzəliyev "Paşabank"ın 342 min, Gənclər Fondunun 385 min manat vəsaitinin yeyintisində təqsirləndirilir. Cinayət işinin materiallarında iddia olunur ki, o, ayrılan pulları təyinatı üzrə xərcləməyərək mənimsəyib. Məsələn, bank onun adına olan "Universal" MMC-yə avadanlıqların alınması, dövriyyəsinin artırılması və başqa işlərin görülməsindən ötrü vəsait ayırıb. İttihama görə, o, pulu götürsə də, bu işlərin heç birini görməyib. Yaxud da Gənclər Fondu bir sıra layihələrə qrant ayırıb, onunla müqavilələr bağlanıb. Qrantla görülməli layihələrdən biri də Qarabağdan bəhs edən "Qayıdışın izi ilə" filminin çəkilməsi olub. Cinayət işində iddia edilir ki, bu filmlə bağlı "Böyük Qayıdış" Gənclər Təşkilatının üzvü Nail Şükürovun adından sənədləri C.Fərzəliyev imzalayıb. O, ayrılan vəsaiti təyinatı üzrə xərcləməyib.

"Azadlıqda qalarsa, pulu ödəyə bilər"

C.Fərzəliyev külli miqdarda mənimsəmə, dələduzluq və başqa əməllərdə suçlansa da, özünü təqsirli bilmir. Məhkəmədəki ifadəsində bildirib ki, əməlində səhlənkarlıq ola bilər, amma pulları ələ keçirməsindən, dələduzluqdan söhbət gedə bilməz.

Fevralın 19-da məhkəmədə son sözündə də deyib ki, bankla onun arasında müqavilələr olub. Orada vəsaitin hissə-hissə ödənişi nəzərdə tutulub və o, pulu zamanla ödəməyə hazırdır. Onun vəkili də C.Fərzəliyevin əməlində cinayət tərkibi olmadığını vurğulayaraq deyib ki, zərərçəkmiş qismində tanınan tərəflər – "Paşabank" və Gənclər Fondu mülki qaydada məhkəmədə iddia qaldırıb, pullarını istəyə bilərdi.

Vəkil deyir ki, C.Fərzəliyev dəymiş ziyanın bir hissəsini ödəyib, qalanını da ödəməyə çalışır: "Bu adamı uzun müddət azadlıqdan məhrum etmək heç bir fayda gətirməyəcək, çünki azadlıqda qalarsa, pulu ödəyə bilər".

C.Fərzəliyev Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzində (BMAM) sədrin beynəlxalq əlaqələr üzrə müşaviri də olub. O, politoloq kimi, YAP-ın rəsmi saytına, AZƏRTAC dövlət informasiya agentliyinə tez-tez müsahibələr verir, ölkədəki prosesləri şərh edirdi.

XS
SM
MD
LG