Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:58

Səfirin bacısının məhkəməsində Vasim Məmmədəliyevin adı hallandı


Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadənin bacısı, BDU-nun İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə
Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadənin bacısı, BDU-nun İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə

Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadənin bacısı, BDU-nun İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə fakültənin tələbəsi Zəka Mirağayevə daha bir maddə ilə ittiham qaldırıb.

Bundan əvvəl Z. Murağayevin CM-nin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırılması üçün məhkəməyə müraciət edən dekan müavini mayın 25-də daha bir iddia qaldırıb.

Dekan müavininin tələbəyə xüsusi ittiham qaydasında qaldırdığı iddiaya Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyev baxır.

Buna da bax:​ Səfirin bacısı tələbəni həbs etdirmək istəyir

“DEKAN MÜAVİNİ NƏ VƏZİFƏDİR Kİ?”

Məhkəmədə Nigar İsmayılzadə deyib ki, fakültənin dördüncü kurs tələbəsi Zəka Mirağayev mediada ona böhtan atıb, "rüşvətxor" adlandırıb, universitetdə neqativ əməllərlə məşğul olduğunu deyib.

İsmayılzadə söyləyib ki, 2015-ci ilin dekabrında həbsdə intihar etmiş MTN polkovniki İlqar Əliyevlə əlaqəsi haqda yazılanları özünə təhqir hesab edir:

"Mətbuatda "Xanım dekan müavininin intihar etmiş MTN polkovniki ilə nə əlaqəsi var?" başlığı ilə məqalə yayılmışdı. Azərbaycanlıyıq, bu cümləni oxuyan mənim haqqımda nə düşünər? Guya, mənim dekan müavini təyin olunmağımda İlqar Əliyevin rolu olub. Yalandır. İlqar Əliyev mənim qrup yoldaşım olub, "Türkologiya"da birlikdə təhsil almışıq. Dekan müavini nə vəzifədir ki, məni MTN polkovniki ora təyin elətdirsin? Mənim təqdimatımı dekanımız, dünya şöhrətli alim Vasim Məmmədəliyev verib".

Buna da bax:​ BDU 'dekan müavini' olayı ilə bağlı açıqlama verəcək

“TƏLƏBƏNİ KİMLƏRSƏ ÖYRƏDİR”

Nigar İsmayılzadə deyir ki, Zəka Mirağayev 14 ildir universiteti bitirə bilmir. Onun fikrincə, onun barəsində ittihamlar səsləndirən tələbəni kimlərsə öyrədir.

N. İsmayılzadənin vəkilləri Kamandar NəsibovSadiq Rəsulov iddia ərizəsinə əlavəni məhkəməyə təqdim edib. Məlum olub ki, dekan müavini tələbənin CM-nin 148-ci (təhqir) maddəsi ilə də cəzalandırılmasını istəyir. Xüsusi ittihamçı "anaxeber" saytında yayılmış yazıdakı "Nigar İsmayılzadə "İlahiyyat" fakültəsinin adına layiq deyil" cümləsini təhqir hesab edir.

Tələbənin vəkili Elçin Sadıqov iddiaya əlavənin icraata qəbul olunmasına etiraz edib:

"Qanuna görə, məhkəmə icraata qəbul elədiyi işdən kənara çıxa bilməz. Xüsusi ittihamçısının iddia ərizəsində də yalnız 147-ci maddə qoyulmuşdu. İndi isə yeni ittiham irəli sürürlər".

Buna da bax:​ Yaponiya səfirinin bacısının adı gedən məhkəmə

Etiraza baxmayaraq, iddiaya əlavə icraata qəbul olunub.

“RÜŞVƏTİN ÇEKİNİ ORTAYA QOYA BİLMƏRƏM Kİ...”

Zəka Mirağayev də məhkəmədə ifadə verib. Deyib ki, özünü qətiyyən təqsirli bilmir. Dekan müavinini "rüşvətxor" adlandırmasına gəlincə, tələbə bildirib ki, sübutu var, prosesin gedişində müəyyən adamların dindirilməsi ilə bağlı vəsatət qaldıracaq: "Nə mən birbaşa ona rüşvət vermişəm, nə də o, məndən istəyib. Rüşvət məsələsi məndən kənarda baş verib. Əlimdə sübutlar var, prosesin gedişində ortaya qoyacam. Mən burada rüşvətin çekini ortaya qoya bilmərəm ki... Amma bildiyim faktları universitet rəhbərliyinə də demişəm, prokurorluğa da göndərmişəm".

14 ildir universiteti bitirə bilməməsilə bağlı dekan müavininin dediklərinə gəlincə, Zəka Mirağayev bildirib ki, 2005-ci ildə rüşvətə etirazına görə çıxarılıb, 2014-cü ildə yenidən bərpa olunub.

Buna da bax: Jurnalistika tələbələrinin kütləvi kəsilməsi nəylə bağlıdır? [yenilənib]

"Bu adam məni məhkəməyə öz istəyi ilə verməyib. Dekan Vasim müəllim fakültənin adının hallanmasını istəmirdi. Dekanlıqda görüşdə bu məsələnin həlli ilə bağlı təklif verəndə Nigar İsmayılzadə dedi ki, "mən böyüklərimlə məsləhətləşməliyəm". Bu da mənim dediklərimi sübut edir", – Zəka Mirağayev bildirib.

Məhkəmə iyunun 8-də davam edəcək.

XS
SM
MD
LG