Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:46

Yeni Balaxanı – palçıq dizdən, problem xirtdəkdən...


Yolsuzluq. Foto arxiv
Yolsuzluq. Foto arxiv

«Evlərin sayı 3 mini ötüb, ancaq hökumət bura nə yol salmaq istəyir, nə də nəqliyyat xətti açmaq fikrindədir. Bəs bu qədər torpaq minlərlə insana niyə satılıb?».

Bu sualı «Yeni Balaxanı» adlanan yaşayış massivinin sakinləri səsləndirir.

YOLSUZLUQ

Köhnə balaxanılıların vaxtilə öz aralarında «fazenda», «bağ Əlisəfa» adlandırdıqları keçmiş əkin sahəsi indi Yeni Balaxanı yaşayış massivinə çevrilib. Köhnə Balaxanının Zabrat istiqamətində olan yüzlərlə hektar sahədə 1988-ci ilədək daha çox taxıl əkilib. Həmin il ərazidə əkin işləri dayandırılıb və torpaq istifadəsiz qalıb. 1990-cı illərin əvvəli isə hissə-hissə satılmağa başlayıb. Beləcə, 90-cı illərdə burada ilk evlər görünüb. İndi sayı 3 mini ötmüş evlərdə, əsasən, Gürcüstandan gəlmiş azərbaycanlılar yaşayır. Ancaq əhalisinin sayı 15 mini ötmüş yaşayış massivinə nə yol çəkilib, nə də nəqliyyat sistemi qurulub.

Əhalinin sosial şikayətləri çoxdur, əsas hissəsini isə yol problemi təşkil edir. Yaşayış massivinin sakini Elvin Hüseynov yolsuzluğun əziyyətindən danışır:

«Balaxanının özünə iki marşrut xətti işləyir, biri 216, biri də 105... İkinci marşrut xətti gəlib bizim yaşayış massivinin kənarından – yəni bir hissəsindən dövrə vurub qayıdır. İş orasındadır ki, o avtobus da bizim massivə çatınca yolda sərnişin götürür və dolu olur. Məktəbə, bağçaya, işə gedənlər avtobusun qapısından sallanmalı olurlar. Üstəlik, avtobusun dövrə vurub qayıtdığı ərazidən 4-5 kilometr aralıda yaşayanların əziyyəti ikiqat çoxdur. Çünki avtobusa qədər həmin məsafəni piyada qət etməli olurlar. Təsəvvür edin ki, ərazidə məktəb, uşaq bağçası yoxdur deyə, qışın sazağında, palçıqda səhər sübhdən körpə-körpə balalar 4-5 kilometr yol gedirlər ki, dayanacağa yetişsinlər, sonra da avtobusdan sallana-sallana məktəbə, bağçaya getsinlər».

Balaxanı 2-ci yardımı gözləyir
Gözlə

No media source currently available

0:00 0:06:01 0:00

«AĞACDA YAŞIL YARPAQ TARMAZSIZ»

Sakin Mehman Sadıqov deyir, buralara ilk gələnlərdəndir. Ərazidə əvvəllər tək-tük evlər olub, indi əməlli-başlı yaşayış yeridir. Qışda palçıq dizə qalxır deyə, hərəkət etmək mümkün olmur, yayı isə toz-tozanaq... Onun sözlərinə görə, yaşayış massivinin beş addımlığındakı Balaxanı qəsəbəsində, azı, dörd asfalt zavodu fəaliyyət göstərir. Yolların asfaltlanması üçün bir neçə dəfə kütləvi şəkildə həmin zavodlardan kömək istəyiblər:

«Dedilər, «balaxanılıların öz qəsəbə yollarını asfaltlamağa imkanımız yoxdur». Halbuki, Balaxanıya getsəniz, ağacda yaşıl yarpaq tapmazsız, asfalt zavodlarının tozu ağaclara hopub, yarpaqları da tozdan boz rəngdədir. Balaxanılılar zavodların tozunu ciyərlərinə çəkir, ancaq yolları bərbad gündədir. Fikirləşdik ki, həqiqətən də, neçə illərdir o zavodlardan pul qazanıb varlananlarda insaf olsaydı, elə Balaxanının öz yollarını düzəldərdilər. Necə də olsa, varlanmaq həmin yollardan keçir, asfalt daşıyan yük maşınları o yollardan gedib gəlir. Artıq bu zavodlara ağız açmağın da xeyri olmadığını gördük, yenə də yerli icra hakimiyyətinə müraciət elədik».

«BÜTÜN PROBLEMLƏRİN QISA ZAMANDA HƏLLİ MÜMKÜN DEYİL»

Yeni yaşayış massivinin sakinlərinin Sabunçu rayon İcra Hakimiyyətinə müraciətləri cavabsız qalıb.

İcra hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, əslində, müraciətlər cavabsız qalmayıb. Qurum həmin müraciətlər əsasında Bakı Nəqliyyat Agentliyinə və yerli bələdiyyəyə məktub göndərib:

«Çalışırıq ki, aidiyyəti qurumlar həmin yaşayış massivindəki yol və nəqliyyat problemini həll etsin. Yeni yaşayış yeridir, bütün problemləri qısa zamanda həll etmək mümkün deyil. Yəqin ki, yaxın vaxtlarda sakinlərin əziyyətinə son qoyular».

Bəzi ekspertlərin fikrincə, Bakı və Bakıətrafı qəsəbələrin, o cümlədən yeni yaşayış massivlərinin yollarının təmiri üçün vaxtaşırı büdcədən ayrılan vəsaitlər mənimsənilib. Bu səbəbdən də həm qəsəbələrdə, həm də yeni yaşayış massivlərində yolların təmir işləri ya yarımçıq qalıb, ya da bu işlərə, ümumiyyətlə, başlanmayıb.

XS
SM
MD
LG