Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:48

363 ailə hələ də evsizdir


Özlərinə yeni mənzil alan 363 ailə 10 ildir nə evinə köçə bilir, nə də verdiyi pulu geri ala
Özlərinə yeni mənzil alan 363 ailə 10 ildir nə evinə köçə bilir, nə də verdiyi pulu geri ala

--


Payçı: Adamı himayə edirdilər. Məhkəmənin çıxardığı 15 illik həbs cəzası da gözümüzdən pərdə asmaq üçün idi.

“2006-cı ildə Xırdalanın mərkəzi küçəsində bina inşa edib. Mən və mənim kimi mənzil almaq istəyən yüzlərlə adam tikintini aparan şirkətə üz tutduq, pul ödədik, mənzil aldıq. 10 il keçir, biz hələ də mənzilimizə sahib çıxa bilmirik”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə sahibi həbsli axtarışda olan "HAYAN” MMC-dən mənzil almış Tariyel Hüseynov deyir.

10 ildir gözləyən, kirayələrdə yaşayan və şikayət etmədikləri qurum qalmayan sakinlər dəfələrlə müxtəlif qurumların, eləcə də Prezident Administrasiyasının qarşısına toplaşıblar. Nəticədə şirkət rəhbərləri barəsində cinayət işi başlanıb və məlum olub ki, binadakı eyni mənzillər təkrar-təkrar satılıb.

Musa Qasımov da binadan övladları üçün mənzil alanlardan biri olub:

“2009-cu ildən binanın tikintisi dayandı, sonra da bəlli oldu ki, şəxsən mənim aldığım mənzil başqa üç nəfərə də satılıb. Dəfələrlə şirkət rəhbərlərinə, Elman Tağıyevin birbaşa özünə müraciət etdik. Heç bizi yaxına buraxmırdı. Verdikləri vədlər də boşa çıxdı”.

BİNALARIN ÖZÜLÜ BELƏ QAZILMAYIB...

Payçı deyir, Elman Tağıyevin başqa adlarda daha bir neçə şirkəti də olub:

"Bizdən əvvəl başqalarını da aldadıb. Adamlardan xeyli pullar alınıb, ancaq heç vəd etdikləri binaların özülü də qazılmayıb. Hər dəfə başqa-başqa adlarda şirkətlər yaradaraq adamları aldatmaqla məşğul idi”.

2013-cü ildə Elman Tağıyev “Birlik İnşaat” MMC-nin direktoru kimi cinayət məsuliyyətinə cəlb olunub. Araşdırma zamanı məlum olub ki, Xırdalanda bina tikintisi ilə məşğul olan “HAYAN” MMC və başqa bir necə şirkət də Elman Tağıyevə məxsusdur.

Elman Tağıyev ibtidai istintaq və məhkəmə dövründə zamində olub.

Bakı Ağır Cinayətlər Məhkəməsi dələduzluqda ittiham olunan şirkət rəhbərliyi və əməkdaşları barədə hökmü elan edən gün isə məhkəmə iclasına gəlməyib. Məhkəmə onu 15 il müddətinə azadlıqdan məhrum edib və barəsində axtarış elan olunub.

“ADAMI HİMAYƏ EDİRDİLƏR”

İstintaq vaxtı adamı tutmadılar, iş məhkəməyə getdi, yenə tutmadılar. Hökm oxunan gün dedilər, “aradan çıxıb”...

Ancaq payçıları dilə gətirən odur ki, məhkəmədə də onlara dəymiş zərərin ödənilməsinə nail ola bilməyiblər və bu günədək də kirayələrdə yaşayırlar

Zərərçəkmiş payçı Ədalət Səlimov deyir ki, məhkəmə hökm çıxarandan bəri axtarış gedir amma hələ nəticə yoxdur:

“İstintaq oldu, adamı tutmadılar, iş məhkəməyə getdi, yenə tutmadılar. O da bütün məhkəmə iclaslarına gəldi, hökm oxunan gün gəlmədi. Dedilər, “aradan çıxıb”... Əlbəttə ki, elə-belə deyildi, adamı himayə edirdilər. Məhkəmə də, onun barəsində çıxarılan 15 illik həbs cəzası da bizim gözümüzdən pərdə asmaq üçün idi”.

Məhkəmə Elman Tağıyevin adında əmlak olmadığını əsas gətirib. Yəni adamlara dəymiş ümumilikdə azı 10 milyon manatı sahiblərinə qaytarmaq üçün müsadirə edib hərraca çıxarmağa əmlak tapılmayıb.

“DÖVLƏT VƏTƏNDAŞIN QARANTIDIR”

Azərbaycan Konstitutsiyası ilə vətəndaşın hüququ qorunmalıdır
Azərbaycan Konstitutsiyası ilə vətəndaşın hüququ qorunmalıdır

Hüquqşünas Fuad Hüseynov deyir, belə vəziyyətdə məsələyə Bakı Şəhər İcra Hakimiyyətini qatmalıdılar:

“Dövlət hər bir vətəndaşının qarantıdır. Vətəndaş dövlətə arxalanıb, hansısa sahibkara pul verib mənzil alıb. O sahibkara bu işlə məşğul olmaq üçün dövlət hər bir şərait yaradıb və lazımi sənədlər verib. Yəni bu boyda iş gizlin getməyib və gedə də bilməzdi. Tikintiyə icazə, aparılan tikinti, payçılarla hesablaşmalar, bundan tutulan vergilər və sair… Belə situasiyada qanun deyir ki, vətəndaş heç bir halda evsiz qala bilməz”.

Hüquqşünas deyir, dövlət özü bu məsələni nəzarətinə götürməli və payçıları evlə təmin etməlidir. Bunun üçün payçılar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməlidilər.

XS
SM
MD
LG