Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:17

Yunis Səfərov hakim önünə çıxarıldı


Yunis Səfərovun bacısı qardaşının Elmar Vəliyevə hücumunu izah edir
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00

Yunis Səfərovun bacısı qardaşının Elmar Vəliyevə hücumunu izah edir

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazovu güllələməkdə suçlanan Yunis Səfərovun məhkəməsi başlayıb. Onunla yanaşı, daha 9 nəfər də bu işə görə hakim önünə çıxarılıb. Bunlar Hamlet Abdullayev, Mahir Əzizov, Akif Əliyev, Rasim Mustafayev, Ceyhun Qurbanov, Firudin Zeynalov, Cəfər Zalov, Vüqar Məmmədov və Ceyhun Salahovdur. Tutularkən öldürülən daha iki nəfər - Anar Bağırov və Ağa Sərxani də təqsirləndirilən şəxs kimi tanınıb.

Bu işə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxır. Amma məhkəmə prosesi Bakıda - Sabunçu Rayon Məhkəməsinin binasında keçirilir.

Dövlət hesabına tutulmuş vəkildən imtina etdi, səbəb…

Məhkəmədə Y.Səfərov ona dövlət hesabına vəkil təyin edilmiş Elman Ağayevin xidmətindən imtina edib. Deyib ki, 2018-ci ilin iyulunda həbs olunandan bu yana ailə üzvləriylə nə görüşə bilib, nə də telefonla danışıb. Bu hüquqlarının təmin olunmasından ötrü vəkilin heç bir addım atmamasından şikayətlənən Y.Səfərov məhkəmə zalında olan qohumlarına üz tutub. O, keçmiş vəkili Elçin Sadıqovla müqavilə bağlanmasını istəyib.

İstintaq dövründə E.Sadıqov bir müddət onun hüquqlarını qorusa da, prokurorluğun qərarıyla bu işdən uzaqlaşdırılmışdı.

«Şou yaradırsan, səni yerində oturdaram!..»

Y.Səfərovun vəkil E.Ağayevdən imtinası müzakirə olunanda, müdafiəçilərdən Cavad Cavadov deyib ki, bu, təqsirləndirilən şəxsin hüququdur. Əgər hansısa vəkildən imtina edirsə, onun fikri nəzərə alınmalıdır.

Bu zaman E.Ağayev vəkil həmkarına sərt şəkildə etiraz edib: «Sən şou yaradırsan. Mən səni yerində oturdaram...».

«Şüşə kabinədə, əlləri qandallı»

Təqsirləndirilən şəxslər məhkəmə zalındakı şüşə kabinədə əlləri qandallı saxlanılıblar. Vəkillər buna etiraz edib.

«Məhkəmə prosesi yeni başlayıb, sakit keçir. Təqsirləndirilən şəxslər qaydaları pozmurlar, səs-küy salmırlar. Belə olan halda, onların məhkəmə önündə qandallı saxlanması qanunsuzdur», - vəkil Fariz Namazlı belə deyib.

Y.Səfərov da qandal məsələsinə münasibət bildirib: «Bəzilərinin əlləri qandallıdır, bəzilərinin də mənəviyyatı...».

Məhkəmə yanvarın 8-dək təxirə salınıb

Müdafiəçi məhkəmə iclaslarının audio- və videoyazı ilə aparılması barədə də vəsatət qaldırıb.

Vəkillər cinayət işinin ibtidai istintaqında çoxlu pozuntulara yol verildiyini əsas gətirib, işin təkrar araşdırma üçün prokurorluğa qaytarılması; təqsirləndirilən şəxslərin hökmə qədər ev dustaqlığına buraxılması; əlavə şahidlərin dindirilməsi; tibbi ekspertizanın keçirilməsi barədə də vəsatətlər qaldırıblar.

Məhəmməd Bağırovun sədrlik etdiyi hakimlər kollegiyası məhkəməni yanvarın 8-dək təxirə salıb.

Zərərçəkmiş 5 polis

Bu işdə sabiq icra başçısı E.Vəliyevdən başqa daha 5 nəfər polis əməkdaşı da zərərçəkmiş qismində tanınıb. Onlardan ikisi məhkəməyə gəlib. Zərərçəkən polislərin arasında Y.Səfərovun vurub xəsarət yetirdiyi, silahı əlindən aldığı iddia olunan şəxslər də var.

Təqsirləndirilən şəxslər qəsdən adam öldürməyə cəhd, quldurluq, terrorçuluğa açıq çağırışlar, qanunsuz silah saxlama və başqa əməllərdə suçlanır. Onlara Cinayət Məcəlləsinin 30-a qədər maddəsi ilə ittiham verilib.

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır-red.) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Y.Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edirlər. Y.Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlamayıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinə hökm oxunub, 6 ildən 18 ilədək həbs cəzası verilib. Sonradan apellyasiya məhkəməsi onların bir qisminin cəzasını azaldıb.

Bu hadisələrlə əlaqədar həbs olunanlardan təxminən 10 nəfər şərti cəzayla azadlığa buraxılıb. 8 və 6 nəfərlik daha iki qrupun apellyasiya şikayətləri üzrə məhkəmələr isə davam edir.

Y.Səfərov və daha 11 nəfər məhz icra başçısı və mühafizəçisinin güllələnməsinə görə mühakimə olunur.

Həbs olunanlar məhkəmə ifadələrində həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər.

XS
SM
MD
LG