Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:45

Zamirə Hacıyeva kimdir


Z.Hacıyeva
Z.Hacıyeva

Orta məktəbdə dərs deyən sıravi Azərbaycan müəllimi gündə şüşəsi 2500 dollara şərab almağı və ya alış-verişdə milyonlar xərcləməyi ağlına, xəyalına belə gətirməz, yəqin. Onun aldığı maaş bəllidir, əlavə ehtiyaclarını ödəmək üçün repetitorluq etməyə, kurslara getməyə məcburdur. Bir vaxtlar orta məktəb müəlliməsi olan Zamirə Hacıyeva isə bəlkə xəyal belə etmədiyi var-dövlət sahibi olduğuna, milyonluq xərcləmələrə görə gündəmdədir. Özü də vətənindən çox-çox uzaqda. Britaniya hüquq-mühafizə orqanları bu xanımın həmin sərvətə necə sahib olduğunu sorğu-sual edir, qaynağını açıqlamasını istəyir.

Adı müxtəlif vaxtlarda mətbuatda hallanan, keçmiş bankir Cahangir Hacıyevin arvadı olduğu üçün oğurlanaraq bir ay girov saxlanan, daha sonra MTN-nin xüsusi əməliyyatı ilə azad olunan, son 3 ildə əri həbsdə, özü xaricdə yaşayan, milyonları rahatlıqla xərcləyən, günə bahalı şərablar içən, qəsrdə yaşayan, haqqında cinayət işi açılan, sahib olduğu əmlak sorğulanan 55 yaşlı bu qadın kimdir?

Rus dili müəlliməsi

Yaxınlarının söylədiyinə görə, ali təhsilini Moskvada alıb, rus dili və ədəbiyyatı müəllimidir. Orta məktəbdə dərs deyib. Ailə qurandan sonra çalışmayıb.

Üç övlad anasıdır. İki oğlu, bir qızı var. İki dəfə ailəli olub. Birinci nikahdan olan qızının keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğluyla ailə qurduğu deyilir. Yerli mətbuat onları «qudalar» kimi təqdim edir.

«İntelligent, ziyalı adamlar»

İki oğlu hazırda Böyük Britaniyada «boarding school»da və ya, belə deyək, pansion məktəbdə təhsil alır. Z.Hacıyevanın da məhz övladlarına görə bu ölkədə yaşadığı deyilir. Hərçənd adi yox, xüsusi viza ilə. Bu ölkənin Daxili İşlər Nazirliyi ona Britaniyada varlı sahibkarlar üçün nəzərdə tutulmuş viza ilə yaşamaq icazəsi verib.

«İntelligent, mədəni adamdırlar, ziyalıdırlar. Ağıllı uşaqdırlar, oğlunun ikisi də əlaçıdır», –baldızı, həyat yoldaşının bacısı Əminə Hacıyeva belə deyir.

Gözəllik salonundan çıxdı... Keşlədə zirzəmiyə düşdü

Həyat yoldaşı C.Hacıyev 2001-ci ildə Beynəlxalq Bankın rəhbərliyinə gəlib. Bundan dörd il sonra – 2005-ci ilin fevralında paytaxtdakı bahalı gözəllik salonlarından birindən çıxarkən bankirin xanımı qaçırılıb. «Zamirə Hacıyevanı oğurlayıb maşının yük yerinə qoydular», – ittiham aktında belə deyilir.

H.Məmmədov
H.Məmmədov

Onu qaçıran Daxili İşlər Nazirliyinin baş əməliyyat müvəkkili Hacı Məmmədov və dəstəsi olub.

Z.Hacıyevanı Keşlədə, Hacı Məmmədovun qeyri-rəsmi yaşadığı qadının evində, zirzəmidə saxlayıblar.

O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi, böyük hay-küyə səbəb olmuş «Qara kəmər» əməliyyatı nəticəsində azad olunub, H.Məmmədov və onunla bərabər 20-dən çox adam həbs edilib.

Məmmədov məhkəmədə bildirib ki, Z.Hacıyevanı oğurlamağı ona DİN Baş Cinayət Axtarış İdarəsinin rəisi Zakir Nəsirov sifariş edib: «Zamirə Hacıyevanı oğurlamazdan bir neçə ay əvvəl Zakir Nəsirov məni yanına çağırıb Cahangir Hacıyevi tanıyıb-tanımadığımı soruşdu. Mən isə bildirdim ki, həmin adam bir dəfə «Qarabulaq»a qonaq gəlib və bir yerdə çörək yemişik. Z.Nəsirovla belə razılığa gəldik ki, C.Hacıyevin arvadını oğurlayıb ondan pul alaq. Sonra isə qadını azad edək. Planı mən qurmuşam».

O, məhkəmədə qeyd edib ki, əvvəlcə C.Hacıyevdən arvadını azad etmək müqabilində 15 milyon avro tələb etmək istəyiblər: «15 milyon deyib 2 milyon avroda dayanmaq fikrindəydik. Fikirləşirdik ki, Cahangir Hacıyev iki günə həmin məbləği bizə çatdıracaq və arvadını azad etdirəcək. Lakin bu, sonuncu əməliyyatımız oldu. Cahangir Hacıyevdən həmin məbləği ala bilmədik, əvəzində isə məni tutub MTN-ə apardılar və Zamirə Hacıyevanı azad etdilər».

Z.Hacıyevaya «vəzifəli şəxsin adından gül» göndərilib

2006-cı il avqustun 28-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən prosesdə H.Məmmədov onu da deyib ki, oğurlanma «hansısa böyük qüvvənin sifarişi olub». Amma həmin qüvvənin adını açıqlamayıb.

H.Məmmədovun sözlərinə görə, 2005-ci ildə martın 8-ni girovluqda qarşılayan bu xanıma bir vəzifəli şəxsin adından gül bağışlayıb. Bundan əvvəl isə Z.Hacıyevaya prezident yanında müşavirə olduğu, həmin müşavirədə adam oğurluqları, birbaşa Z.Hacıyevanın oğurlanmasının da müzakirə edilməsi haqda məlumat verib.

A.Layıcov
A.Layıcov

Həbs qərarı, Londona göndərilən qrup

Məhkəmədən sonra Z.Hacıyevanın adı təxminən 10 il müddətinə unudulub. Bir də Hacıyevlər 2015-ci ildə gündəmə gəliblər. C.Hacıyev 2015-ci ilin dekabrında həbs olunub. 2016-cı ilin iyununda isə KİV-lər Z.Hacıyevaya qarşı da cinayət işi açıldığını və onun axtarışa verildiyini yazıb.

C.Hacıyevin vəkili Aqil Layıcov Nərimanov Rayon Məhkəməsinin Z.Hacıyeva ilə bağlı qərarı tamamilə gizli şəraitdə qəbul etdiyini, məhkəmənin keçirilməsi və qərarla bağlı Hacıyevaya, qohumlarına xəbər verilmədiyini söyləyib.

Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib və barəsində axtarış elan olunub. Z.Hacıyeva mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda, korrupsiyada – Beynəlxalq Bankdan sənəd təqdim etmədən kredit kartı götürməkdə və həmin kartdan müxtəlif POS-terminallar, internet-ödənişlər vasitəsilə ümumilikdə 18 milyon 429 manat pul çıxarmaqda ittiham olunub.

Amma ölkədə olmadığından ona ittiham elan edilməyib. Rəsmi məlumata görə, Z.Hacıyeva ölkəni Bakı Hava Limanı vasitəsilə 15 noyabr 2014-cü ildə, yoldaşının həbsindən bir neçə ay öncə tərk edib.

Məhkəmə qərarına görə, Z.Hacıyeva saxlanılacağı təqdirdə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçiləcək.

Vəkil A.Layıcov o dövrdə mətbuata bankir xanımının yaxalanıb gətirilməsi üçün Londona əməliyyat qrupunun göndərildiyini söyləmişdi. Amma günü bu günə kimi Z.Hacıyeva ordadır və bugünlərdə adı yenidən gündəmə gələn xanım bu ölkədəki mülklərini qorumağa çalışır. Britaniya məhkəməsi isə ondan sərvətinin mənbəyini açıqlamasını istəyir...

Ə.Hacıyeva
Ə.Hacıyeva

«Bəli, çaxırlar olub»

Əminə Hacıyeva qardaşı arvadının xərcləmələri haqda deyilənləri rədd edir: «Bəyəm bu dəlidir, ya alkoqolikdir hər gün şərab alsın içsin?.. Bəli, çaxırlar alınıb. Ad günləri olub, bayramlar olub. Onu hamı içir, hamı ailəsinə alır. Ağlabatan söhbət deyil. Təyyarəni tapsınlar. Sənədlərini qoysunlar, Cahangirindir, Zamirənindir, kimin adınadır? Zamirənin əri 3 ildir türmədədir, şəxsi təyyarə ilə gəzir?».

Yerli mətbuat bir neçə il öncə C.Hacıyevin həyat yoldaşından boşandığını yazırdı. Amma yaxınları onların boşanmadığını söyləyir.

«Ona görə yazırlar ki, Zamirə gedib-gəlirdi, uşaqlar orda oxuyur deyə, gedib-gəlirdi. Cahangir tutulandan sonra da tez-tez bura gəlirdi, özü də uşaqlarla bir yerdə, aylarla burda otururdu, arada qayıdırdı. Cinayət işi açılana qədər gəlirdi», – bunu deyən Ə.Hacıyeva cinayət işinin qurama olduğunu da sözlərinə əlavə edir: «Onun adına səhmlər var. Götürsünlər onu, bağlasınlar kreditini. Orda cinayət işi yoxdur. Onu da etmirlər. Məqsəd odur ki, cinayət işi bağlanmasın, ailə həmişə təzyiq altında yaşasın».

Xatırlatma

Cahangir Hacıyev Beynəlxalq Banka 2001-ci ildən sədrlik edirdi. 2015-ci ildə Beynəlxalq Bankla bağlı araşdırma başlanan zaman həbs edilib. O, mənimsəmə, vəzifə saxtakarlığı kimi bir neçə cinayətdə ittiham olunub, 15 il azadlıqdan məhrum edilib. Hacıyev və onun yaxınlarının, o cümlədən həyat yoldaşı Z.Hacıyevanın və digərlərinin adlarına plastik kartlarla milyonlarla manat həcmində kreditlər verilib.

Z.Hacıyeva Böyük Britaniyada korrupsiyayla mübarizə qanunun ilk hədəfidir. Xarici media yazır ki, o, 55 milyon dollarlıq təyyarə sahibidir, 2010-2016-cı illərdə ona və ailə üzvlərinə verilən 35 kredit kartından istifadə edərək lüks dükanlarda son 10 ildə 21 milyon dollardan çox pul xərcləyib. O, təkcə bir gündə zərgərlik dükanında 200 min dollara yaxın pul xərcləyib. Z.Hacıyevanın 55 milyon dollara şəxsi təyyarə aldığı da üzə çıxıb. Sadalanan məbləğlər məhkəmədə üzə çıxanların hamısı deyil.

XS
SM
MD
LG