Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:01

Ukrayna Rusiyanı BAEA missiyasına mane olmaqda suçlayır


Zaporojye AES yaxınlığında Rusiya əsgəri
Zaporojye AES yaxınlığında Rusiya əsgəri

Agentlik isə təftiş qrupunun əksər üzvlərinin sentyabrın 1-də AES-i tərk etdiyini, müfəttişlərin onlara gərəkən şeyləri görə bildiyini deyib

Ukraynanın Enerhoatom nüvə enerjisi şirkəti Rusiyanı BAEA missiyasının səfərini əngəlləməkdə, onun Zaporojye AES ətrafındakı vəziyyəti “qərəzsiz dəyərləndirmə”sinə imkan verməməkdə suçlayır. Prezident Volodimir Zelenski isə deyib ki, müfəttişlər hələ də fəlakətin qarşısını ala bilərlər.

Enerhoatom sentyabrın 2-də Telegram-da yazıb ki, BAEA missiyası stansiyanın böhran mərkəzinə buraxılmayıb. Ukrayna həmin mərkəzdə Rusiya əsgərlərinin yerləşdiyini deyir. Şirkət missiyanın AES-in işçiləri ilə təmaslarının da “əhəmiyyətli dərəcədə məhdudlaşdığını” bildirib.

“Aydındır ki, belə bir şəraitdə BAEA-nın AES-dəki vəziyyəti qərəzsiz dəyərləndirməsi çətin olacaq”, – Enerhoatom vurğulayıb.

Qorbaçov 1988-ci ildə Ermənistanda Qarabağ haqqında bunları demişdi
Gözlə

No media source currently available

0:00 0:05:06 0:00

Vilayətə Rusiyanın təyin etdiyi administrasiyanın şura üzvü Vlaldimir Roqov isə missiyanın istədiyi hər şeyi görə bildiyini deyib.

“Hər şey sakit idi. BAEA missiyasının üzvləri istədikləri hər şeyə çıxış əldə ediblər. Onlar 1 saylı xüsusi binanın damına çıxıblar, oraya NATO mərmiləri düşmüş, biri damı deşmişdi. Onlar əməkdaşlarla danışıblar”, – Roqov Rusiyanın TASS dövlət xəbər agentliyinə söyləyib.

Rusiya Ukraynaya qarşı müharibənin ilk günlərində Zaporojye AES-i tutub.

Çətinliklərə baxmayaraq, Zelenski missiyanın “bütöv beynəlxalq cəmiyyətin maraqlarına xidmət edəcəyinə” nikbin yanaşdığını deyib.

“BAEA-nın Zaporojye AES-ə çıxışını təmin etmək üçün hər şeyi etdik və bu missiyanın müəyyən rol oynaya biləcəyinə inanıram”, – Zelenski sentyabrın 2-də İtaliyada keçirilən biznes foruma videoəlaqə vasitəsilə deyib.

***

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) missiyası gedəndən sonra Zaporojye AES-də qurumun iki müfəttişi qalacaq. Məlumatı Rusiya verib.

Bu arada Ukraynanın cənubunda ağır döyüşlər getdiyi, AES-in yerləşdiyi Enerhodar rayonunun atəşə tutulduğu bildirilir. Məlumatı Britaniyanın Müdafiə Nazirliyi sentyabrın 2-də yayıb.

İki əməkdaş daimi qalacaq

Dünən – sentyabrın 1-də BAEA missiyası Avropanın ən böyük nüvə zavoduna çatıb. Bu gün isə Rusiyanın Vyanada beynəlxalq qurumlarında səfiri RIA Novosti xəbər agentliyinə deyib ki, missiyanın altı eksperti stansiyada bir neçə gün, BAEA-nın iki əməkdaşı isə daimi qalacaq.

Vyanada yerləşən BAEA Rusiyanın bəyanatını təsdiqləməyib.

BAEA missiyasının beş təmsilçisi sentyabrın 3-dək stansiyada qalaraq obyektə dəyən fiziki ziyanı dəyərləndirəcək. Bunu isə Ukraynanın Enerhoatom dövlət energetika şirkəti bildirib.

Agentlik isə təftiş qrupunun əksər üzvlərinin sentyabrın 1-də AES-i tərk etdiyini, müfəttişlərin onlara gərəkən şeyləri görə bildiyini deyib.

Missiya AES-də təhlükəsizlik durumunu dəyərləndirməyə gedib. Ukrayna və Rusiya bir-birini BAEA missiyasının səfərindən öncə əraziyə hücumlarda ittiham edib.

“Daimi hücumlar”

Ukrayna rəsmiləri Rusiya qüvvələrinin səhər tezdən “minaatanlardan daimi hücumlar” etdiyini, sentyabrın 1-də isə bir neçə mülki yaşayış binasını vurduğunu bildirib. Rusiyanın Müdafiə Nazirliyi isə Ukrayna qüvvələrini AES-i ələ keçirmək cəhdində ittiham edib.

Kiyev bildirir ki, Rusiya obyektdən qalxan kimi istifadə edir, oraya silah yığır və ətrafa hücuma keçir. Moskva isə iddiaları rədd edərək Ukraynanı ərazini atəşə tutmaqda suçlayır.

Hər iki tərəf mümkün nüvə fəlakətindən narahatlığını bildirib.

Fevralın 24-də Ukraynaya təcavüzə başlayan Rusiya Qərbin sanksiyaları ilə üzləşib.

XS
SM
MD
LG