Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:25

Ukrayna ‘təsdiqlənmiş’ təhlükəsizlik qarantiyaları istəyir


Danışıqlar, 14 mart
Danışıqlar, 14 mart

Rusiya Kiyevdən 80 km şimalda yerləşən İvankov şəhərini tutub, Belarusla həmsərhəd regiona nəzarət edir

Ukrayna Rusiya ilə müzakirələrdə “hüquqi baxımdan təsdiqlənmiş” beynəlxalq təhlükəsizlik qarantiyaları istədiyini bildirir.

Martın 16-da tərəflərin videoformatda keçirdiyi danışıqlarda müəyyən proqres görünür.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov danışıqları “işgüzar”, Ukrayna Prezidenti Volodimir Zelenski isə Moskvanın tələblərini “daha real” adlandırıb.

Lavrov Rusiyanın RBK TV kanalına deyib ki, Ukraynanın neytral statusuyla bağlı “ciddi” danışıqlar gedir, “fikrimcə, razılaşdırılmağa yaxın konkret formulasiyalar” var.

Zelenski bir gün öncə Ukraynanın NATO-ya üzv olma məqsədinə çatmasının qeyri-mümkünlüyünü etiraf etmiş kimi görünürdü.

Ukraynanın danışıqlarda əsas təmsilçisi Mixaylo Podolyak bildirib ki, Rusiya ilə müharibə getdiyindən, “model yalnız Ukraynanın, yalnız hüquqi təsdiqlənmiş təhlükəsizlik qarantiyaları ola bilər”.

“Ukrayna heç vaxt bəzi qonşular kimi qonşularına hücum edən, yaxud hücum planlaşdıran militarist ölkə olmayıb”, – o, Telegram-da bəyanatında yazıb.

“Bu o deməkdir ki, qarantiyaları imzalayanlar Ukraynaya hücum olarsa, bu gün etdikləri kimi kənarda dayanmırlar. Onlar münaqişədə Ukraynanın yanında fəal iştirak edirlər və rəsmi olaraq bizi lazımi qədər silahla dərhal təchiz edirlər”, – o, sözlərinə əlavə edib.

Ukraynada gedən müharibə Azərbaycanın enerji bazarına necə təsir edir?
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

Ukraynanın Rusiyadan qoşunlarını tamamilə çıxarması tələbi isə danışıqlarda çətin məqam sayılır.

Rusiya fevralın 24-də Ukraynanın işğalına başlayıb.

***

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov martın 15-də deyib ki, Moskva Ukraynadan NATO planlarından əl çəkməyi, neytral status qəbul etməyi, “demilitarizasiya”nı tələb edəcək.

Lavrovun martın 16-da dediyinə görə, Ukrayna ilə sülh danışıqları asan getmir, amma kompromisə də ümid var.

“Danışıqlardakı təmsilçilərimizin dediklərinə əsaslanıram. Onlar deyirlər ki, danışıqlar aydın səbəblərdən asan getmir. Amma buna baxmayaraq, kompromis əldə etməyə ümid var”, – Lavrov RBC xəbər orqanına deyib.

***

Ötən gecə Rusiya Ukrayna paytaxtı Kiyevi atəşə tutub, Mariupol liman şəhərinə yeni hücumlar gerçəkləşdirib. Tərəflər arasında sülh danışıqlarının bərpası gözlənir.

Rusiya qüvvələri Kiyevə əsasən şimal-qərb və qərbdən hücum edirlər, Kiyev regionunun başçısı Oleksey Kuleba martın 16-da deyib. Onlar paytaxtın nəqliyyat arteriyalarını kəsməyə, logistik gücünü dağıtmağa çalışırlar, Kuleba söyləyib.

Onun sözlərinə görə, Rusiya Kiyevdən 80 km şimalda yerləşən İvankov şəhərini tutub, Belarusla həmsərhəd regiona nəzarət edir.

Quru qüvvələri irəliləmir

Martın 16-da Kiyevin mərkəzində 12 mərtəbəli yaşayış binasına artilleriya mərmisi düşüb, yuxarı mərtəbə dağılıb. Qonşuluqdakı bina da dağılıb. Kiyevin fövqəladə xidmətlər agentliyi iki qurbanın olduğunu bildirir.

Getdikcə şəhərin mərkəzi də bombalanır, mənzillər, bir metrostansiyası, digər mülki obyektlər dağıdılıb.

ABŞ-ın aparıcı müdafiə rəsmisi martın 15-də AP-yə deyib ki, Rusiya qüvvələri hələ şəhər mərkəzinin 15 km-dədir.

Anonimlik şərtilə danışan rəsmi deyib ki, rusiyalılar Kiyev daxilində mülki hədəfləri uzaq məsafədən hədəf alırlar, amma quru qüvvələri çox az irəliləyib.

Bu gündən Kiyevdə 35 saatlıq komendant saatı elan edilib. Mer Vitali Kliçko paytaxtın “çətin və təhlükəli məqam”la üzləşdiyini deyib.

Mariupol, Xarkov, Mikolayev şəhərlərində də döyüşlər gedir.

Zelenski Konqresdə çıxış edəcək

Martın 16-da ABŞ Konqresində çıxış edəcək Ukrayna Prezidenti Volodimir Zelenski həmkarı Co Baydenə və “Ukraynanın bütün dostlarına” 13.6 milyard dollarlıq dəstək üçün təşəkkür edib.

Onun çıxışında yeni silahlar istəyəcəyi, Rusiyanı cəzalandırmaq üçün əlavə sanksiyalara, eləcə də Ukrayna səmasını Rusiya raketləri və təyyarələri üçün bağlamağa çağıracağı gözlənir.

O, videomüraciətində deyib ki, Rusiya qüvvələri martın 15-də Ukrayna ərazisində irəliləyə bilməyiblər, amma şəhərləri atəşə tutmaqda davam edirlər.

Prezidentin sözlərinə görə, son günlər humanitar dəhlizlərlə 29 minə yaxın adam çıxa bilib, amma Rusiya qüvvələri Mariupola yardım buraxmırlar.

Zelenski Rusiyayla danışıqlarla bağlı deyib ki, “hələ də cəhdlərə ehtiyac var, hövsələ lazımdır. İstənilən müharibə razılaşma ilə bitir”.

O, martın 15-də Londonda yığışan Avropa liderlərinə söyləyib ki, NATO-nun Ukraynanı qəbul etmək niyyəti olmadığını anlayır:

“Uzun illərdir açıq qapılar barədə eşidirik, amma həmçinin həmin qapılardan girə bilmədiyimizi eşidirik. Bu həqiqətdir, biz sadəcə bunu olduğu kimi qəbul etməliyik”.

***

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, müharibənin tənzimlənməsi üzrə danışıqlarda Ukrayna və Rusiyanın mövqeləri “reallığa daha çox yaxınlaşır”.

“Qərarların məhz Ukraynanın marağında olması üçün vaxt lazımdır”, – Zelenski Telegram kanalında videomüraciətində deyib. O, prosesin “ağır, amma vacib olduğunu” vurğulayıb.

Təhlükəsizlik qarantiyası

İndiyədək Rusiya və Ukraynanın nümayəndə heyətləri dörd raundda görüşüblər, sonuncu videoformatda keçirilib.

Daha öncə hər iki tərəfin təmsilçiləri danışıqlarda müəyyən proqresin olduğunu desələr də, detalları açıqlamayıblar.

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın delimitarizasiyasını, Krımın ilhaqını, qondarma “DXR” və “LXR”in tanınmasını tələb edir. Ukrayna hakimiyyəti isə dəfələrlə buna razılıq verməyin qeydi-mümkün olduğunu bildiriblər.

Ancaq Kiyev Rusiyadan təhlükəsizliyinə yetərincə qarantiya alarsa, NATO-ya üzvlük planlarından əl çəkəcəyinə eyham vurub.

Putinlə mümkün görüş

Zelenski bazar ertəsi deyirdi ki, Moskva ilə Kiyev arasında danışıqlarda onun Putinlə görüşünə razılıq əldə etməyə çalışırlar. Kremldə belə bir görüşün “konseptual olaraq” mümkünlüyündün danışırlar.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov danışıqların Ukraynanın neytral hərbi statusunun təminatına yönəldiyini deyib, “belə ki, onun ərazisindən Rusiyaya hər hansı təhlükə yaranmasın”.

Ukrayna prezident aparatı başçısının müşaviri Mixail Podolyak danışıqların martın 16-da davam edəcəyini, prosesin “çox mürəkkəb” olduğunu bəyan edib. “Prinsipial ziddiyyətlər var. Amma əlbəttə ki, kompromis üçün yer də var”, – o, tvitində yazıb.

Putinin Ukraynaya qarşı fevralın 24-dən başlatdığı müharibə davam edir. Hərbi itkilərlə bağlı dəqiq say açıqlanmasa da, minlərlə hərbçi və dinc sakinin həlak olduğu bildirilir.

XS
SM
MD
LG