Tacikistanın hakim ailəsi öz əlaqələri hesabına belə pul qazanır

Tacikistanın hakim ailəsi əlaqələrdən pul qazanır.

Ötən ilin oktyabrından bəri Tacikistana gətirilən hər hansı mobil telefon və ya planşet beynəlxalq IMEI (hər bir cihaza aid unikal 15-rəqəmli nömrə - red.) sertifikatı əsasında 30 gün boyunca qeydiyyatdan keçməlidir.

AzadlıqRadiosu tacik xidmətinin yazdığına görə, ödənilən qeydiyyathaqqı sonda ölkə prezidentinin oğlunun yaxınlarıyla əlaqəli şirkətlərin ciblərini doldurur.

Avtoritar prezident Emomali Raxmonun hökuməti deyir ki, bu addım güvənliyi artırmaq və oğurlanmış cihazların ölkəyə gətirilməsinin önünü kəsmək üçün atılıb.

Bu qərar qeyri-şəffaf tenderi qazanan və iki il adı gizli saxlanılan şirkətə eksklüziv hüquq verməklə də pul qazandırır.

Hakim ailəylə bağlantılı şirkət

Korporativ sənədlərə və açıq qaynaqlara dayanan AzadlıqRadiosunun tacik xidməti müəyyən edib ki, bu, "Avesto Group" adlı bir yerli şirkətdir.

İlk baxışda gözə dəyməsə də, ölkədəki digər gəlirli şirkətlər kimi, "Avesto Group" da hakim ailəylə bağlantılıdır.

Şirkətin baş direktoru Muxammad Mirzo Tacikistan Olimpiya Komitəsi sədrinin keçmiş müavini, onun qardaşı Xurşed Mirzo isə prezidentin nüfuzlu böyük oğlu Rustam Emomalinin yaxın adamıdır.

Çoxlarının prezidentin xələfi saydığı R.Emomali paytaxt Düşənbənin meri və parlamentin yuxarı palatasının sədridir. O, üstəlik, ölkə Futbol Federasiyasına başçılıq edir. X.Mirzo isə onun birinci vitse-prezidentidir.

Düşənbə şəhərinin meri, Tacikistan Futbol Federasiyasının prezidenti Rustam Emomali və Tacikistan Futbol Federasiyasının vitse-prezidenti Xurşed Mirzo.

"Avesto Group" iki törəmə şirkət vasitəsiylə IMEI qeydiyyatı aparmaqdan faydalanır. Bunlar Düşənbədə tenderi qazanan "Net Solutions" texnoloji şirkəti və qeydiyyathaqqının ödənildiyi "Dushanbe City" bankıdır.

Sözügedən şirkətlər maliyyə bilgilərini açıqlamasalar da, gömrük xidmətinin məlumatına görə, qanun qüvvəyə minəndən sonra ilk səkkiz ay ərzində qeydiyyat haqlarından 2.4 milyon dollara yaxın, dövlət rüsumundansa 11 milyon dollardan çox vəsait toplamaq mümkün olub. Ölkədə bir mobil cihazı qeydiyyatdan keçirmək üçün 50 somoni (4.5 dollar) ödəmək lazımdır.

"Avesto Group" və onun törəmə şirkətləri "eksklüziv haqları" və bundan əldə etdikləri gəlirlər barədə yazılı sorğuya cavab verməyib.

2016-clı ildə qurulan "Avesto"nun ət və un istehsalı, sənaye partlayıcı maddələri, istehsalat, bank işi və dağ-mədən sənayesi olmaqla bir çox şirkət və biznes-layihələri var.

Şirkətin baş direktoru M.Mirzonun qardaşı Xurşed vasitəsilə də ölkənin hakim elitasıyla aşkar əlaqələri olsa da, vergilərə aid sənədləşmədə şirkətin tək səhmdarı Fayzali Xabibov adlı şəxsdir.

AzadlıqRadiosu Həbibovun təsisçi olduğu başqa bir şirkət tapa bilməyib.

Vergi, gömrük rüsumu və qeydiyyathaqqı

Hökumət ölkəyə gətirilən mobil cihaz və planşetlərin məcburi qeydiyyatdan keçirilməsi barədə göstərişi 2020-ci ilin martında verib və 30 gün ərzində qeydiyyatı aparılmayan cihazlar avtomatik bloklanır. Daha öncə bu prosesi mobil operatorlar ödənişsiz biçimdə gerçəkləşdirirdi.

Bu işi görmək üçün hələ 2021-ci ildə şirkət təyin olunsa da, "Net Solutions"ın tenderi qazanması iki il sonra açıqlanıb.

"Avesto Group"un rəhbəri Muxammad Mirzo (sağda) Tacikistan prezidenti Emomali Raxmon və oğlu Rustam Emomali ilə "Siyoma" müəssisəsinin açılışında.

Dövlət Vergi Komitəsinin qeydləri və digər sənədlərindən bəlli olur ki, "Avesto Group" bu şirkəti 2016-cı ildə təsis edib və şirkət fərqli adlarla fəaliyyət göstərib.

"Bu şirkət tenderi qazanmaq üçün meyarlarımıza cavab verdi", -Dövlət Rabitə Xidmətinin sabiq başçısı İlxomçon Atoyev 2024-cü il fevralın 1-də belə deyib.

Ancaq o, nə şirkətin təsisçi və sahibi, nə də tenderlə bağlı açıq müsabiqə keçirilməsi barədə bilgi verib.

AzadlıqRadiosunun hər hansı başqa şirkətin tenderə qatılıb-qatılmamasıyla bağlı sorğusuna dövlət xidməti və "Net Solutions" cavab verməkdən boyun qaçırıb.

Avropada yaşayan müxalif "İslahat və İnkişaf Hərəkatı"nın başçısı Şarofiddin Qadoyev AzadlıqRadiosuna bildirib ki, IMEI üzrə qeydiyyatın aparılması güvənlik səbəblərinə dayandığından toplanan vəsait dövlət büdcəsinə köçürülməli idi.

Hökumətin "Net Solutions"la razılaşmasını şərh edən Qadoyev deyir ki, burada əsas məqsəd pul qazanmaqdir.

"Net Solutions" şirkətinin baş meneceri Firdavs Masumov prezident Raxmonun nüfuzlu qayını Xasan Asadullozada ilə bağlantılı "Zet Mobile"nin ticarət meneceri olub.

Dövlət Kommunikasiyalar Xidməti Tacikistanda internet xidmətləri sahəsində inhisarçı sayılır. Bu xidmətə Raxmonun qızlarından birinin qayınatası Beq Sabur rəhbərlik edir.

Maliyyə məsələləri üzrə müstəqil ekspert Amoni Asror deyir ki, "Net Solutions" şirkətinin gəlirli tenderi "udması" ölkədə hökumət müqavilələrinin neçə paylaşıldığını göstərir.

"İctimaiyyətin adını eşitmədiyi, yeni yaradılan şirkətlər var. Amma tenderi keçirənlər bu şirkətlərin arxasında kimin durduğunu bilirlər", - Asror AzadlıqRadiosuna belə deyib.

"Nüfuzlu şəxslərlə bağlı şirkətlərə çox sərmayə tələb etməyən, ancaq sabit gəlir gətirən biznes razılaşmaları verilir", - yenə Asrorun sözləridir.

Tacikistan Futbol Federasiyasının vitse-prezidenti Xurşed Mirzo (sağda) prezident Emomali Raxmonla rəsmi tədbirdə.

Toyun önəmli qonaqları

Rustam Emomalinin toyuna aid 2013-cü il görüntüləri "Avesto Group"un baş direktoru Muxammad Mirzonun hakim ailəyə nə dərəcədə yaxın olduğuna işarə edir. Həmin toy məclisinə yalnız hakim ailənin üzvləri, yaxın dostları və yüksəkvəzifəli hökumət nümayəndələri qatılıblar.

Tacikistanın müstəqil "Asia Plus" xəbər agentliyi 2024-cu ilin yanvarında Xurşed Mirzonu "Rustam Emomali dəstəsinin önəmli üzvü" adlandırıb. Həmin ay Xurşed yeni yaradılmış İnnovasiya və Rəqəmsal Texnologiyalar Agentliyinin rəhbəri təyin edilib.

Eksklüziv hüquq

"Net Solutions"a və "Dushanbe City" bankına IMEI qeydiyyatından toplanan haqlarla yanaşı, yol hərəkəti kameralarını quraşdırmaq, parklanma sahələrini və elektrikli avtomobillər üçün şarj stansiyalarını işlətmək həvalə edilib.

AzadlıqRadiosunun əldə etdiyi sənədlərə görə, cərimələrdən götürülən vəsaitin bir hissəsi dövlət büdcəsinə, digəri isə "Avesto Group"un törəmə şirkətinə yönəldilir.

Təkcə 2017-ci ildə dövlət büdcəsinə yol cərimələrindən 3 milyon dollar ödənilib.

Bu ilin iyununda sürət kameraları sistemi işə düşəndən sonra "Net Solutions" və "Dushanbe City" bankı gəlirdən ödəyəcəkləri vergilərin 50 faizindən azad olunub.

Hökumət "Avesto Group"a təmiz gəlirini ofşor hesablara yönəltməyə dair eksklüziv hüquq da verib.