Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:52

Azər Qasımov İsrail qəzetlərinin yazdıqlarını şərh edir


Azər Qasımov
Azər Qasımov

-

Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov AzərTAc-a müsahibəsində İsrail mətbuatının Azərbaycanla bağlı yazdıqlarına münasibət bildirib.

Bu günlərdə İsrailin «Jerusalem Post» qəzetində dərc olunmuş məqalədə deyilir ki, «jurnalist Xədicə İsmayılın məsələsi Azərbaycanda insan haqlarının dəhşətli vəziyyətini bir daha nümayiş etdirir. Lakin İranın qapıbir qonşusu ilə güclü münasibətlərə malik İsrail çətin ki, bu məsələdə öz səsini ucaltsın».

Azər Qasımov qeyd edir ki, son vaxtlar İsrail mediasında Azərbaycanla bağlı qərəzli məqalələr vaxtaşırı dərc olunmaqdadır.

«Doğrudan da, İsraildə hökumət-media münasibətlərini nəzərə alanda görürsən ki, bunlar heç də təsadüfi deyil. Xüsusilə, rəsmi strukturların bu cür yazılarla bağlı bir dəfə də olsun belə reaksiya verməməsi bunların rəsmi şəkildə sifariş xarakteri daşıdığını deməyə əsas yaradır. Mən «Haaretz» və «Jerusalem Post» qəzetlərində gedən məqalələrlə bağlı onu bildirmək istəyirəm ki, olduqca qərəzli, jurnalist etikasından tamamilə uzaq, böhtan xarakterli bu materiallar cəfəngiyatdan başqa bir şey deyil. Heç şübhəsiz ki, bu cür yazılar son zamanlar anti-Azərbaycan kampaniyası aparan qüvvələr tərəfindən maliyyələşdirilmiş və tam sifariş xarakteri daşıyır. Xədicə İsmayılın hüquqlarını guya müdafiə etmək məqsədi daşıyan bu məqalələr, əslində, Azərbaycanda gedən ümumi inkişaf proseslərinə qara yaxmaqdan başqa bir şey deyil. Yaxşı olardı ki, bu məqalələrin müəllifləri öz ölkələrində insan haqları, söz və vicdan azadlığı, ümumilikdə demokratik prinsiplərin pozulması və digər mənfi hallara diqqət yetirsinlər».

«BU MƏQALƏLƏRİN SİFARİŞÇİLƏRİ... AZƏRBAYCANI GÖZÜ GÖTÜRMƏYƏN QÜVVƏLƏRDİR»

Prezidentin sözçüsü daha sonra İsraildə jurnalistlərin fəaliyyəti ilə bağlı vəziyyətin «olduqca acınacaqlı» olduğunu vurğulayır:

«Beynəlxalq təşkilatların hesabatlarına diqqət etsək görərik ki, İsrailin güc strukturları tərəfindən jurnalistlərlə amansız rəftar, onların həbs olunması və döyülməsi faktları mütəmadi olaraq qeydə alınır».

O, Dünya Mətbuat Azadlığı İndeksinə görə, İsrailin 2004-cü ildəki 36-cı yerdən 2013-cü ildə 112-ci yerə düşdüyünü qeyd edir:

«Hesab edirəm ki, bu məqalələrin müəllifləri və bu yazıların arxasında duranlar, əslində, İsrail dövlətinin özünün beynəlxalq imicinə ciddi zərbə vururlar. İsrail hökuməti həmişə Azərbaycanla yaxşı əməkdaşlıq münasibətləri qurmağa çalışdığını bəyan edir. Bu məqalələrin sifarişçiləri, heç şübhəsiz, İsrail-Azərbaycan münasibətlərinə xələl gətirməyi qarşılarına məqsəd qoymuşlar. Onlar beynəlxalq aləmdə Azərbaycanın möhkəmlənən mövqelərini, demokratiyanın təmin olunması sahəsində əldə etdiyi böyük uğurları, bir çox ölkələrə nümunə ola biləcək tolerantlıq və multikulturalizm ənənələrini gözü götürməyən qüvvələrdir».

XS
SM
MD
LG