Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:48

Əli Həsənov: «Qırmızı xəttə Azərbaycan deyil, Azərbaycanı ittiham edənlər yaxınlaşır»


Əli Həsənov
Əli Həsənov

-

«Azərbaycan ABŞ-la münasibətləri qorumaq və inkişaf etdirmək istiqamətində daha ölçülü-biçili, düşünülmüş addımlar atır. Qarşı tərəfin bəzi dairələri, o cümlədən ABŞ-ı təmsil edən bəzi QHT-lər, insan haqları qurumları və KİV-lər iki ölkənin münasibətlərinə kölgə salan fəaliyyətlə məşğul olurlar».

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ABŞ dövlət katibinin köməkçisi Tom Malinowski-nin Azərbaycan haqda dediklərinə münasibət bildirərkən belə deyib.

Əli Həsənov Media forum saytına söyləyib ki, Tom Malinowski-nin müsahibəsində əksini tapan fikirlər həqiqəti əks etdirmir:

«Azərbaycan demokratiya, insan haqları, söz və mətbuat azadlığı kimi məsələlərdə öz prinsiplərinə davamlı olaraq sadiq qalıb. Buna baxmayaraq, kimlərsə Azərbaycanın etmədiyi, ölkəmizdəki reallıqlara uyğun olmayan məsələləri bizə təlqin etməyə çalışır.

Hesab edirəm ki, qırmızı xəttə Azərbaycan deyil, Azərbaycanı qırmızı xəttə yaxınlaşmaqda ittiham edən qurumların özləri daha çox yaxınlaşırlar. Azərbaycan öz öhdəliklərinə hər zaman sadiq olub, bu gün də sadiqdir. Bunun əksini iddia edənlər... ABŞ-ın həmin dairələrinin və onun müttəfiqi olanların Azərbaycanla bağlı öhdəliklərinə necə yanaşmasına da baxsınlar».

«AZƏRBAYCANDA BAŞ VERƏNLƏRİ BAŞA DÜŞMƏK ABŞ-A ÇOX ÇƏTİNDİR»

Tom Malinowski AzadlıqRadiosunun rusdilli «Nastoyaşeye vremya» teleproqramına müsahibəsində deyib ki, ABŞ, jurnalist Xədicə İsmayıl da daxil, Azərbaycanda öz fikrini dinc yolla ifadə etdiyinə və jurnalist fəaliyyətinə görə həbs olunmuş şəxslərin azadlığa buraxılmasını istəyir:

«Hazırda Azərbaycanın yüksək rəhbərliyi səviyyəsində ciddi müzakirələr aparırıq. Onlar başa düşürlər ki, vətəndaş cəmiyyətini boğmaqla müstəqillik qazanandan bəri mövcud olan ABŞ-Azərbaycan münasibətlərini təhlükəyə atırlar».

Tom Malinowski onu da əlavə edib ki, Azərbaycan 20 ildən artıqdır ABŞ-la yetərincə yaxşı münasibətlərdə olub. Bununla belə o deyib ki, son aylarda Azərbaycanda baş verənləri başa düşmək ABŞ-a çox çətindir:

«Bu addımlar bizim münasibətləri sual altına qoyur. İndi Azərbaycan hakimiyyəti ilə müzakirələrdə bunu imkan daxilində onlara daha aydın çatdırmağa cəhd edirik».

XS
SM
MD
LG