Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:16

Azərbaycanda insan alverinin səviyyəsi «orta» qiymətləndirilir


Fahişəlikdə şübhəli bilinən üç özbək qadını Cakartada İndoneziya polisi tərəfindən saxlanılıb, 19 mart 2004
Fahişəlikdə şübhəli bilinən üç özbək qadını Cakartada İndoneziya polisi tərəfindən saxlanılıb, 19 mart 2004

Demək olar ki, elə ölkə yoxdur ki, seksual istismar və ya məcburi iş üçün insan alveriylə bağlı cinayətlər ondan yan keçsin. Bunu BMT-nin Narkotiklər və Cinayətlər Bölməsinin yeni hesabatı göstərir.


Hesabatda insan alverinin qurbanlarının doğulduğu 127 ölkə, 98 tranzit ölkəsi və 137 təyinat ölkəsi göstərilir. Hesabatda deyilir ki, dəqiq məlumatların olmaması insan alveriylə mübarizəyə mane olur, bu da onun nəticəsidir ki, bəzi ölkələr bu problemin onlara aid olduğunu etiraf eləmək istəmirlər.


BMT-nin Narkotiklər və Cinayətlər Bölməsinin icraçı direktoru Antonio Maria Kosta deyir ki, insan alveri qurbanlarının sayını demək çətindir, çünki bu haqda verilən məlumatlar çox fərqlidir, amma onu demək olar ki, onların sayı milyonlarladır.


Cənab Kosta hökumətlər qarşısında duran üç əsas vəzifəni vurğulayıb: istismar nəticəsində istehsal edilən ucuz mallara, ya da seksual istismar nəticəsində göstərilən xidmətlərə tələbatı azaltmaq; yoxsulluq, işsizlik, aclıq və repressiyalardan qaçmaq istəyən insanların zəifliyindən istifadə eləməyə çalışan cinayətkarları hədəfə almaq və insan alverinin qurbanlarını müdafiə eləmək, xüsusilə qadın və uşaqları.


Cənab Kosta deyir ki, reallıqda qurbanlarla cinayətkarlar kimi davranırlar və onlar miqrasiya, ya da fahişəlik əleyhinə qanunları pozduqlarına görə məhkum oluna bilərlər.


Hesabat insan alverinə görə ölkələrə əvvəl dediyim kateqoriyalarla – qurbanların doğulduğu ölkə, təyinat ölkəsi və tranzit ölkəsi kateqoriyalarına görə - «Çox aşağı» göstəricisindən başlayaraq «çox yuxarı» göstəricisinədək qiymət verir.


Azərbaycanda qurbanların doğulduğu ölkə kimi insan alverinin səviyyəsi «orta» kimi qiymətləndirilib. Müstəqil Dövlətlər Birliyi ölkələri arasında bu problem ən yüksək səviyyədə Rusiya, Ukrayna , Belarus və Moldovadadır.


Azərbaycanda 2004-cü ildə insan alverinə qarşı mübarizə ilə bağlı prezident fərman imzalayıb və milli fəaliyyət proqramı qəbul edilib. Proqram əsasında Daxili İşlər Nazirliyində İnsan Alverinə Qarşı Mübarizə İdarəsi və «qaynar xətt» yaradılıb. Azərbaycanda insan alveri problemini öyrənən «Təmiz dünya» Təşkilatının rəhbəri Mehriban Zeynalova deyir ki, dövlət səviyyəsində və beynəlxalq qurumların yardımı ilə qeyri-hökumət təşkilatları tərəfindən tədbirlər görülsə də, demək olmaz ki, ötən illərə nisbətən Azərbaycanda insan alveriylə bağlı cinayətlər azalıb. Qurbanların aparıldığı ölkələrə gəldikdə isə Mehriban Zeynalova deyir: «Azərbaycandan kənara çıxan marşrutlar Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Avropa ölkələrinə gedib çıxır. Bu yaxınlarda yeni marşrut aşkar edilib - Yunanıstana. Bu Şengen vizasının Yunanıstan səfirliyində verilməsi ilə bağlıdır».


Mehriban Zeynalova deyir ki, Azərbaycandan olan insan alverinin qurbanları əsasən qadınlardı və onlar seksual istismara məruz qalır. Amma kişilərin də ölkədən çıxarılaraq əməyinin istismar olunduğu müşahidə olunur: «Belə hallar da var, amma bunlar hələ tədqiq olunmayıb».


«Təmiz dünya» təşkilatının rəhbəri Mehriban Zeynalova deyir ki, son vaxtlar Azərbaycan təyinat ölkəsinə çevrilməyə başlayıb, belə hallar az da olsa, artıq müşahidə olunur.
XS
SM
MD
LG