Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:40

Geert Arens: «Hakimiyyətin tövsiyələri yerinə yetirmək üçün fevraldan bəri vaxtı varıydı»


"Azadlıq" radiosunun müxbiri Şahnaz Bəylərqızının Geert Arenslə əvvəlki müsahibəsi, 27 sentyabr 2005
"Azadlıq" radiosunun müxbiri Şahnaz Bəylərqızının Geert Arenslə əvvəlki müsahibəsi, 27 sentyabr 2005

ATƏT-in 13 may seçkisini Müşahidə Missiyasının rəhbəri Geert Arens «Azadlıq» radiosuna müsahibə verib. Müsahibəni diqqətinizə təqdim edirik.


«AZADLIQ»: Cənab səfir, seçkiöncəsi vəziyyəti necə qiymətləndirirsiz?


GEERT ARENS: Mən deməliyəm ki, bu, əsl seçkiqabağı vəziyyət deyil. Ona görə ki, söhbət cəmi on dairədə keçiriləcək seçkilərdən gedir. Mən bir həftədən çoxdur burdayam və hər şey çox sakitdir. Mənə məlumat veriblər ki, namizədlər seçicilərlə 960 görüş keçiriblər. Amma mən seçkiöncəsi yaşanmalı olan canlanma görmürəm. Hərçənd bunu da deyə bilmərəm ki, bu cür vəziyyət seçkinin nəticələri üçün nə vəd edir.


«AZADLIQ»: Noyabr seçkilərindən sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun verdiyi tövsiyələrin yerinə yetirilməməsi ilə bağlı hakimiyyətin arqumentləri nə dərəcədə ağlabatandır? Çünki hakimiyyət onların hüquqi yox, daha çox fəlsəfi xarakter daşıdığını deyir və bu üzdən də həmin tövsiyələrin yerinə yetirilməsini mümkünsüz sayır.


GEERT ARENS: ATƏT-in üzvü olan ölkə kimi Azərbaycanın da seçkilərlə bağlı öhdəlikləri var və bu öhdəliklər bir neçə il öncə İstanbulda qəbul olunub. Və Azərbaycan da həmin öhdəlikləri yerinə yetirməlidir. Mən ilk dəfə Azərbaycana noyabr seçkiləri ilə bağlı gəlmişəm. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanda bundan öncə də keçirilən seçkiləri müşahidə edib və bu müşahidələrin əsasında bir sıra tövsiyələr hazırlamışdı. Onların da bir çoxu nəzərə alınmayıb. Elə bizim fevralda açıqlanan yekun hesabatımızda da ATƏT-in əvvəllər verdiyi tövsiyələrə əməl olunmadığı öz əksini tapıb. Və düşünmürük ki, biz eyni tövsiyələri bir də təkrar etməliyik. Bizim hesabat fevralda Azərbaycan hökumətinə də çatdırılıb. Prezident Aparatındakı görüşlərdə də demişəm ki, Azərbaycan hökuməti ATƏT-in tövsiyələrini yerinə yetirə bilər. Amma deyilir ki, mayın 13-dək bizim yetərincə vaxtımız qalmayıb. Yəni, bu gündən baxanda həqiqətən də bu fikri dəstəkləmək olar. Amma onların tövsiyələri yerinə yetirmək üçün fevraldan bəri vaxtları olub. O ki qaldı, tövsiyələrin fəlsəfi xarakterli olmasına, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tövsiyələrin yerinə yetirilməsinin mümkün olmadığını düşünsəydi, onları verməzdi. Amma sözsüz ki, bu tövsiyələrin konkret məqamlarının Azərbaycanın rəsmi şəxsləri ilə müzakirə olunması məsləhətdir. Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bu yöndə əməkdaşlığa hazır olduğunu bəyan edib. Hakimiyyət də elan edib ki, həmin tövsiyələri yerinə yetirmək istəyir. Bunun özü yetərincə müsbətdir. Mən ümid edirəm ki, bununla bağlı inkişaf olacaq. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə yanaşı, Avropa Şurası da bu yöndə əməkdaşlığa hazırdı.


«AZADLIQ»: Deyirsiz ki, hakimiyyət tövsiyələri yerinə yetirmək istəyir. Amma beynəlxalq təşkilatlar tərəfindən belə bəyanatlar da səslənir ki, bunun üçün siyasi iradə lazımdı. Sizcə, hakimiyyət siyasi iradə göstərirmi?


GEERT ARENS: Biz öz yekun hesabatımızda deməmişik ki, on dairədə nəticələr ləğv olunmalıdır. Nəticələrin ləğv olunub-olunmaması qərarını vermək MSK-nın səlahiyyətlərinə daxildir. Prezidentin seçkinin ədalətli keçirilməsi ilə bağlı iki fərmanı olub və bu da siyasi iradədən xəbər verir. Problem isə bu iki qərarın yerinə yetirilməsi ilə bağlı ortaya çıxmışdı. Söhbət ondan gedir ki, yerlərdə icra qurumları bu fərmanları yerinə yetirmək üçün iradə nümayiş etdirməyiblər. Hakimiyyət yenidən siyasi iradə nümayiş etdirməlidir ki, may seçkiləri normal qaydada keçirilsin. Və bu medalın arxa tərəfi ondan ibarətdir ki, seçki cinayətlərinə yol vermiş insanlar cəzalandırılmalıdır. Bizim Baş prokurorla görüşümüz oldu və o da bizə vəziyyətin necə olduğunu anlatdı. MSK-nın təqdim etdiyi rəqəmləri göstərdi. Və bu başlanğıcdır. Biz əldə etdiyimiz informasiyanı təhlil etməliyik.


«AZADLIQ»: AŞPA Müşahidə Missiyasının rəhbəri Leo Platvoet deyir ki, 13 may seçkiləri Azərbaycanın son şansıdır. Sizcə, bu şans yetərincə dəyərləndirilirmi?


GEERT ARENS: Bu, cənab Platvoetin dedikləridir. Onun dediklərinə şərh verə bilmərəm. Amma hər bir halda bu seçkilər də əhəmiyyətlidir. O baxımdan onu da müşahidə etmək lazımdır. Hərçənd may seçkilərinin nəticələri ümumi mənzərədə çox da dəyişiklik etməyəcək.


«AZADLIQ»: Müşahidə Missiyasının hesabatı olmayacaq deyəsən?


GEERT ARENS: Missiyanın ayrıca hesabatı olmayacaq. May seçkiləri payız seçkilərinin davamıdır. Biz yekun hesabata əlavə hazırlayacağıq.


XS
SM
MD
LG