Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:48

Gəncədə içməli suyu maşınla alırlar


Gəncədə içməli su qəhətə çıxıb
Gəncədə içməli su qəhətə çıxıb

Azərbaycanın ikinci böyük şəhərinin sakinləri evlərinə təmiz, içməyə yararlı suyun gəlməsini səbirsizliklə gözləyir


Gəncədə əksər küçələrdə bu maşınları səsindən tanıyırlar. Səhərlər zil səsiylə yatanları oyadır. Kimsə sürücüyə acıqlanmır, tələm-tələsik vedrəsini götürür. Su maşını gəlib axı, azacıq geciksə, susuz qalar.


Fəxrəddin dayı da artıq neçə ildir ki, Gəncə sakinlərinə içməli su satır. Hər su satanın öz ərazisi var. Fəxrəddin dayının da payına şəhərin bəzi mərkəzi küçələri düşüb: "Şəhərdə su satan 40 maşın var. Litrini 1 qəpiyə satırıq. Hələ desən, Bakıya da göndəririk. Gəncədən olan tələbələr üçün, onlar Bakının suyunu içə bilmirlər".


Gəncədə içməli suyu çoxdan, lap çoxdan maşınlarla satırlar. 1950-ci illərə qədər isə şəhər sakinləri kəhrizlərin, yeraltı bulaqların suyundan istifadə ediblər. 80 yaşlı Raziyə nənə o günləri belə xatırlayır:


«Şəhərin bir neçə yerində kəhriz varıydı. Camaat içməli suyu kəhrizdən götürər, başqa bir yerdə də paltar-palazını yuyardı. İçməli suda qab yumaq olmazdı, o dəqiqə adamı “komendaturaya” aparırdılar. Özü də rüşvət keçmirdi, gərək cərimə ödəyəydin. Ona görə də camaat bu qaydaya ciddi riayət eləyərdi. Amma sonra kəhrizlər yoxa çıxdı».


40 metr dərinlikdə olan kəhrizlərin yoxa çıxması ilə kənkan – yəni su quyusu qazan peşəsi də unudulub. İçməli su da qəhətə çıxıb. Camaat qalıb artezianların ümidinə. İmkanı olan suyu pulla alır, imkanı olmayanlar isə cod artezian suyunu içir. Heç o, da hamıya çatmır.


Gəncə Su-Kanalizasiya Törəmə Səhmdar Cəmiyyətinin direktor müavini Məhəmməd Hüseynov deyir ki, hazırda şəhəri içməli su ilə Göy-Göldən və Qızıl qaya bulağından çəkilən kəmərlər, bir də salamat qalan kəhriz təmin edir. Həmin kəhrizi də təmizləyib istifadə etmək üçün uzun müddət axtarışdan sonra qonşu Şəmkir rayonundan bir nəfər kənkanın sorağını alıblar. Amma kəhrizin xilası Gəncənin suya olan ehtiyacını ödəməyib. Məhəmməd Hüseynov bunu belə izah edir:


«Şəhərdə əhalinin sayı artır, amma su mənbəyi artmır. Hər gün bir nəfər üçün 240 litr su verməliyik. Bəzi yerlərdə bunu verə bilirik, bəzi yerlərdə çatmır».


Mütəxəssislər hesab edirlər ki, şəhərin əksər artezian quyularının suyunu nəinki içmək, hətta onunla ağac suvarmaq da zərərlidir. Hazırda isə 171 artezian quyusundan 169-u işləyir. İşləyənlərin də əksəriyyəti çoxdan köhnəlib.


Təkcə artezian quyuları yox, elə küçə və məhəllə daxili kəmərlərin də əksəriyyəti öz ömrünü çoxdan başa vurub. Nəinki şəhərin kənar yerlərindən, hətta mərkəzi küçələrdən də gölməçələr əskik olmur. İsrafil Məmmədov küçəsinin sakini Svetlana Həsənova deyir ki, illərdir küçədəki su kəməri deşildiyindən, gölməçə yaranır, su evin bünövrəsinə axırdı: "Uzun şikayətlərdən sonra nəhayət ki, su idarəsindən gəldilər. Qazıb durbanı çıxaranda gördük ki, heç salamat yeri yoxdu, deşik-deşik idi".


Gəncə Su və Kanalizasiya İdarəsinin məsul işçisi Məhəmməd Hüseynov da deyir ki, nəinki su kəmərlərini, elə çirkli suların axdığı boruları da dəyişməyə ehtiyac var: "Çirkab su xətləri çox bərbad haldadır. Elə yer var ki, ümumiyyətlə, çirkli suyu axıdan xətt yoxdur".


Altı ildir ki, Gəncənin su problemini həll etməyin yolları axtarılır. Deyəsən tapıblar da. Göy-göldən əlavə, Zurnabad və Kürəkçaydan yeni xətlər çəkməklə şəhərin 70 faiz ərazisi içməli suyla təmin oluna bilər. Layihəni alman mütəxəssisləri işləyib, pulunu da Almaniya İnkişaf Bankı ilə İsveçrə hökuməti verəcək. Bu problemin həllinə nə az, nə çox 42 milyon avro ayrılacaq. Vəsaitin 5 milyonuyla çirkli suları axıdan kəmərlər dəyişdiriləcək, yerdə qalanı isə yeni xətlərin çəkilməsinə və şəhərdaxili su kəmərlərinin təzələnməsinə sərf olunacaq.


Gəncə Su və Kanalizasiya İdarəsinin məsul işçisi Məhəmməd Hüseynovla söhbətimizdə o, məbləğin tezliklə ayrılacağına inanmadığını, camaata da «bir az dözün, düzələcək» vədini verməkdən yorulduğunu deyir. Almaniya İnkişaf Bankının eksperti Natiq Abdullayev isə danışıqların may ayının sonuna qədər yekunlaşacağını bildirir: "Keçən həftə hökumətlə danışmışıq, hər şeyi razılaşdırmışıq. Əgər mayda sazişi imzalasaq, paralel konsultant seçmək üçün tender elan edəcəyik. Bu çəkəcək ilin sonuna kimi, ondan sonra ilkin işlər üçün tender elan etmək olar".


Azərbaycanın ikinci böyük şəhərində isə sakinlər evlərinə təmiz, içməyə yararlı suyun gəlməsini, su maşınlarının tarixin arxivinə gedəcəyi günü səbirsizliklə gözləyirlər.


XS
SM
MD
LG