Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:54

Prezidentlər forumda çıxış etdilər


Kompromissiz mövqe nümayiş etdirən prezidentlər danışıqların ikinci raunduna getdilər
Kompromissiz mövqe nümayiş etdirən prezidentlər danışıqların ikinci raunduna getdilər

Buxarestdə keçirilən Qara Dəniz Əməkdaşlıq Forumunda iyunun 5-də Azərbaycan və Ermənistan prezidentləri çıxış etdilər. İlk söz alan Robert Koçaryan Qara dəniz regionunda əməkdaşlığın əhəmiyyətindən danışdı. Koçaryan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Azərbaycanla dialoqu davam etdirməyə hazır olduğunu bildirdi. O həmçinin əlavə edib ki, Yerevan heç bir şərt irəli sürmədən Türkiyə ilə də münasibətlər yaratmağa hazırdır.


Ermənistan prezidenti daha sonra Dağlıq Qarabağın beynəlxalq aləmə inteqrasiyasının vacibliyindən danışıb. Cənab Koçaryan bildirib ki, Dağlıq Qarabağ referendum yolu ilə öz müqəddəratını müəyyən etmiş və on ildən çoxdur ki, müstəqil ölkə kimi böyük uğurlar qazanmışdır.


Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı münaqişələri regiondakı təhlükəsizliyə və sabitliyə ən ciddi təhlükə adlandırdı. İlham Əliyev bu münaqişələrin kökünün eyni olduğunu nəzərə alaraq, onların həllinə birgə yanaşmanın vacib olduğunu bildirdi.


İlham Əliyev dedi ki, Dağlıq Qarabağ münaqişəsi kimlərinsə arzusu və ya xülyası əsasında deyil, yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində nizamlana bilər.


Millətlərin öz müqəddəratını təyin etmə prinsipinin önəmli olduğunu deyən Azərbaycan prezidenti xüsusi vurğuladı ki, erməni xalqı Ermənistanın timsalında bu hüququ əldə edib. Erməni dövləti var və ona görə də ermənilərin Azərbaycan ərazisində öz müqəddəratını müəyyən etməsinə ehtiyac yoxdur. İlham Əliyev münaqişənin dinc yollarla həllinə tərəfdar olduğunu bildirdi. Lakin əlavə etdi ki, bu həll variantı Azərbaycanın ərazi bütövlüyünü sual altına qoya bilməz. Cənab Əliyev əminliyini bildirdi ki, münaqişənin həll olunması regionun inkişafına təkan verər.


Çıxışlarında kompromissiz mövqe nümayiş etdirən prezidentlər belə əhval-ruhiyyədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların ikinci raunduna getdilər.


XS
SM
MD
LG