Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:55

Mirzə Sakiti 5 ildən 12 ilə kimi həbs gözləyir


Mirzə Sakit
Mirzə Sakit

Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları iyunun 23-də axşam saatlarında «Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakiti saxlayıb. İdarənin əməkdaşları onun üzərindən 10 qram heroin tapdıqlarını deyirlər. İttiham sübuta yetirilərsə, Mirzə Sakiti 5 ildən 12 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.


DİN-in mətbuat xidmətindən verilən məlumata görə, bu günlərdə Lənkəranda olan Mirzə Sakitin narkotiklərlə əlaqəsi haqqında Narkotiklərlə Mübarizə İdarəsinin cənub şöbəsi məlumat verib və o, Bakıya qayıtdığı gün, iyunun 23-də saxlanılıb. Haqqında Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və satmaya görə) cinayət işi qaldırılıb, istintaq aparılır. Hazırda o, Nərimanov rayon Polis İdarəsinin istintaq təcridxanasında saxlanılır.


Jurnalistin vəkili Elçin Qəmbərov: «10 qram heroin külli miqdarda narkotik vasitə hesab olunur. Ona görə də onu minimum 5 il həbs gözləyir».


İyunun 27-dək ölkədə iş günü olmadığından, Mirzə Sakiti müdafiə etmək məqsədilə vəkil müqavilə bağlaya və işə rəsmi müdaxilə edə bilməyəcək.


Buna görə də redaktorlar, hüquq müdafiəçiləri və jurnalist qurumları müdafiəyə qalxıblar. Onlar iyunun 24-də Nərimanov rayon Polis İdarəsinə gedərək Mirzə Sakitlə görüşmək istədiklərini bildiriblər. Amma idarədən Daxili İşlər Nazirliyi icazə verməsə, görüşün mümkün olmayacağını deyiblər.


«Azadlıq» qəzetinin redaktoru və Mirzə Sakitin qardaşı Qənimət Zahidov hesab edir ki, jurnalistin kəskin şerlərinə görə ona şər atılıb.


«Heroin qoymaq adamı ləkələməkdir. İctimaiyyətə bir fikri aşılamaq istəyirlər ki, bu adam nəşəxordur. Görünür, bundan sonra döymək, öldürmək vasitəsindən istifadə etməyəcəklər. Yazısını bəyənmədikləri adamları belə və daha pis şəkildə sıradan çıxaracaqlar…»


Bu hadisəni araşdırdığını söyləyən Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov isə günün sonuna kimi bir qrup jurnalist və hüquq müdafiəçisi ilə daxili işlər naziri Ramil Usubovla görüşməyə çalışacağını deyir.


Mirzə Sakit son illər «Azadlıq» qəzetində iqtidar təmsilçilərinin ünvanına sərt ifadələrlə dolu satirik şerlər yazırdı.


XS
SM
MD
LG