Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:13

«Ən böyük arzum uşaqlarımın gözündən kədəri silməkdir»


Bahəddin Həziyev bundan sonra başqa cür yaza biləcəyini düşünmür
Bahəddin Həziyev bundan sonra başqa cür yaza biləcəyini düşünmür

Mayın 19-da naməlum şəxslər tərəfindən zorakılığa məruz qalan, ayağı beş yerdən sındırılmış jurnalist Bahəddin Həziyev iki övlad atasıdır. Yasamalda birotaqlı mənzildə yaşayır. 40 illik ömrünün iyirmi ilini jurnalistikaya xərcləyib. «Xəzər» jurnalında, «Azadlıq», «Çağ» qəzetlərində, «Turan» İnformasiya Agentliyində, «Azadlıq» radiosunda işləyib. Hazırda «Bizim yol» qəzetinin redaktoru, AXCP sədrinin müavinidir.


Tezliklə xəstəxanadan evə, uşaqların yanına qayıtmaq, yenidən yazmaq arzusundadır. Çünki jurnalistlikdən başqa əlimdən bir iş gəlmir deyir. Düzdü, başqa yol da var. Özünün dediyinə görə, ya palaza bürünüb, elnən sürünə bilər, ya da baş götürüb gedə, yəni mühacirət edə bilər. Artıq bununla bağlı təkliflər də gəlib. Amma deyir ki, bu da çıxış yolu deyil. Bu gün təhlükədən qorxub geri çəkilsəm, uşaqlarımı təhlükə ilə üzbəüz qoya bilərəm deyir. Bir də birinci dəfə deyil ki, yazılarına görə təzyiqlə üzləşdiyi…


«Daxili işlər, milli təhlükəsizlik nazirləri, baş prokuror məni şəxsən çağırıb xəbərdarlıq ediblər. Hələ onların tabeliyində olanların nə qədər təzyiq etdiklərini demirəm. 1993-cü ildə «Azadlıq» qəzetində yazdığım yazıya görə cinayət işi qaldırılmışdı. O cinayət işinin sanksiyasında ölüm hökmü də var idi. Cinayət işi axıra çatdırılsaydı, məni ölüm hökmü gözləyirdi… Qısamüddətli həbslər də olub. Amma məsələ onda deyil. Biz bu yolu şüurlu seçmişik. Buna görə müqəddəs yalan da danışmışıq. Mən döyüş zonasına ezamiyyətə gedəndə evdəkiləri aldatmışam ki, Zaqatalaya gedirəm. Gələndə də bazardan fındıq-qoz alıb demişəm ki, Zaqatalandandı. Ona görə də belə şeylər məni qorxutmur».


Sual edirəm ki, bəs «Monitor» jurnalının redaktoru Elmar Hüseynovun ölümündən sonra da qorxmadınız? Axı bu artıq təhdid deyildi…


«Elmar Hüsenyov sevdiyim jurnalsitiydi. Onu öldürməkdən başqa çarə yox idi. Onu öldürməklə xeyli jurnalistlər öldü, qəzet redaktorları öldü. Sözün məcazi mənasında. Xeyli adam öz mövqeyinə yenidən baxdı. Yazılarında korrektələr etdi. Ancaq Elmar Hüseynovdan sonra bizim başımıza belə iş gəlibsə, bizdə istədikləri düzəlişi edə bilməyiblər. Hər halda bu hadisə də, Elmar Hüseynovun başına gələn də Azərbaycanda jurnalistikanı çərçivəyə salmaq məqsədi daşıyır».


Bahəddin Həziyev öz başına gələnlərdən sonra isə jurnalistlərin təkcə yazılarına yox, həm də hərəkətlərinə düzəliş etdiklərini deyir.


«Şəxsi giley olmasın. Bir çox jurnalist, redaktor, qurumların rəhbərləri gəlsə də, çoxları mənə məlum olmayan səbəbdən baş çəkmədi. Bunu özümə qarşı diqqətsizlik kimi qiymətləndirmirəm. Sadəcə, Azərbaycan mətbuatının düşdüyü vəziyyəti ifadə edən fakt kimi deyirəm…»


Bahəddin Həziyevə görə, hər dəfə belə hadisələrdən sonra analiz edirsən: səbəb nədir, bəlkə mən də dəyişməliyəm, başqa cür yazmalıyam? Hərçənd bundan sonra başqa cür yaza biləcəyini də düşünmür. Bundan sonra başqa cür yaza bilməyəcəyini desə də, Bahəddin Həziyev mühacirətə gedəcəyini istisna etmir. Deyir ki, məni də, ailəmi də hədələyiblər. Cinayətkarlar isə tapılmayıblar…


Cinayəti törədənləri tapmalı olan hüquq mühafizə orqanları isə istintaq davam etdiyini, məqsədyönlü iş aparıldığını deyirlər. Yeniliklərin olduğunu da bildirirlər, amma istintaq sirri olduğundan açıqlama vermirlər.


…Bahəddin Həziyevin ömür-gün yoldaşı Cahan xanım deyir ki, istintaq cinayətkarı tapmasa, oğlum böyüyəndə özü onları tapıb ədalət mühakiməsinə verəcəyinə söz verib. Əslində, atasına deməyiblər. Ona baş çəkməyə gələn oğlu Orxan atasının vəziyyətindən elə sarsılıb ki, ürəyi gedib. Həkimlər onu bir daha gətirməməyi məsləhət biliblər. Elə qızı da atasına bircə dəfə baş çəkə bilib.


«Uşaqlar gəlmişdilər. Çox çətin keçirdilər. Hər bir uşaq, xüsusən də oğlan uşağı atasını hamıdan güclü bilir. Ona görə də onlara pis təsir etdi. Ancaq onlar da başa düşürlər yəqin. Bilirlər biz kimik, məqsədimiz nədir…»


Bahəddin Həziyevin indi bircə arzusu var. Tezliklə evə qayıtmaq.


«Ən böyük arzum uşaqlarla olmaqdı. Başqa bir şey yox. Biz onlar üçün yaşayırıq. Əsas onların gözündən qorxunu, kədəri götürməkdir. Ən böyük arzu odur...»


Palatadakı xəstələrin, onların yanına gələnlərin hay-küyü Bahəddin Həziyevi təbdən çıxarır. Ona görə də evə tələsir. Cahan xanım isə bir otaqlı evdə yaşamağın çətinliyini düşünür. Ona görə də qohumlardan biri üç otaqlı mənzilini ona təklif edib. Hələ ki götür-qoy edirlər. Amma qayğı yalnız bununla bitmir. Bahəddin hələ yarım il işləyə bilməyəcək. «Allah kərimdir» desə də, Cahan xanım qayğılıdır. Ailə başçısı isə deyir ki, hələ də «Bizim yol» qəzeti mənim iş yerimdir. Yəqin maaşımı verərlər. Onun kömək gözlədiyi bircə ünvan var. Elə həmin gecə iki-üç dəfə ölümlə nəfəs-nəfəs dayananda da dostlarını düşünüb, ailəsinə onların sahib çıxacağını güman edib: «Allah bizim ipimizi üzməyibsə yəqin ac da qoymaz. O günlərdən sonra ən böyük təsəllim odur ki, barmaqlarım salamatdır, barmaqlarım işləyir. Ona görə narahat deyiləm. Bir az çətin olar. Bundan ağır günlər yaşamışam. Uşaqlığımız ağır keçib. Çox erkən yaşda atamızı itirmişik. Yeddi uşaq qalmışıq. Böyüyümüzün 16, kiçiyin 1 yaşı vardı. Ona görə də belə çətinlik məni qorxutmur. Əsas odur ki, inamımızı itirməyək. Həyat eşqimizi itirməyək.»


Bahəddin də, xanımı da çətin günün dayağı olan dostlara güvənirlər.


«Həyatda maddi baxımdan elə bir şey əldə etməmişəm. Hamı necə dolanır jurnalistikada, mən də elə. Amma dostlarım var. Onlar 40 illik həyatda qazandığım ən böyük sərvətdir. O gecə ailə üzvlərim, bütün həyatım göz önümdən keçdi. Ancaq arxayındım ki, başıma bir iş gəlsə dostlar var. Düzdü, çətin olacaqdı. Amma hər halda… onların qayğısına qalan olacaqdı. Gecəboyu dua eləmişəm. Salamat qalım deyə yox. Sadəcə, qalanlar üçün. Körpə uşaqlarımız var. Sonra yaşlı qohumlar var…»


Bahəddin Həziyev deyir ki, ölümdən qorxmaq lazım deyil, ancaq gərək ölümün də nəyəsə xidmət eləsin. Hərçənd hər şey Allahın əlindədir. Bu sözü Bahəddin dəfələrlə dedi.


«Gecə. Əllərim də bağlı, gözlərim də. Hara gedirəm bilmirəm. Yol nə yoldu bilmirəm. Tam köməksiz. Çaqqallar ulaşır. Ətrafda təhlükələr var. Bu təhlükənin qabağında təkəm. Məni oğurlayanların silahı da vardı. Ancaq Allahın köməyi dəydi mənə…Həmin ölüm situasiyalarının birində vəhşiləşmiş itlər üstümə tökülüşdü. Yarım saat dövrəmdə durdular. Yerə oturdum, mənə dəymədilər. Ancaq səhər kənddə azan səsi gələndə onlar çəkildilər. Mən buna dəyər verirəm. Bu səbəbsiz deyil. Allah adamı qorumaq istəyən də qoruyur…»


Həmin gecənin aydın və işıqlı səhəri: «Həmin gün maşın saxlayanda rahatlandım ki, xilas oldum. Əllərim, gözlərim açıldı. Hərçənd ayağım sınmışdı. Nə huşumu, nə məntiqimi, nə nikbinliyimi itirmədim. Bütün gecənin situasiyalarından çıxmışdım. Elə bil gedib qayıtmışdım. Bu da qazancdı…»


Həmkarımın ağrılarının şiddətlənməyə başlayır deyəsən. Çünki söhbətə başlayanda ağrıksəici vermişdilər. Vaxt ötür, ağrı öz işini görür. Sağollaşmaq istəyirəm. Bahəddin gülə-gülə deyir: «Azərbaycanlıların məşhur proqnozu var: «Yaxşı olar!»


Cavabı ləngitmirəm: «Allah qoysa!»


XS
SM
MD
LG