Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:52

Həmsədrlər təkliflərini bir daha xatırladırlar


Həmsədrlər qeyd edirlər ki, ölkə başçıları öz ictimaiyyətini müharibəyə yox, sülhə hazırlamalıdırlar
Həmsədrlər qeyd edirlər ki, ölkə başçıları öz ictimaiyyətini müharibəyə yox, sülhə hazırlamalıdırlar

İyunun 3-də ATƏT-in Minsk Qrupu (MQ) həmsədrləri növbəti bəyanat yayıblar.Fransanın Azərbaycandakı səfirliyi vasitəsilə yayılan sənəddə həmsədrlər qeyd edirlər ki, son vaxtlar Qarabağ münaqişəsi ətrafında spekulyasiyaları nəzərə alaraq danışıqların mövzusuna aydınlıq gətirmək qərarına gəliblər. (Bəyanatın Azərbaycan dilində mətni ABŞ-ın Azərbaycandakı səfirliyinin internet saytında da yayılıb)


MQ həmsədrləri xatırladırlar ki, Qarabağ danışıqlarında son vəziyyət barədəiyunun 22-də ATƏT-in Daimi Şurasına hesabat veriblər. Həmin hesabatda da qeyd ediblər ki, onlar vasitəçilik səylərinin nəticəsi olaraq prezidentlər İlham Əliyev və Robert Koçaryana ədalətli, tarazlı və işlək əsas prinsiplər toplusunu təklif ediblər. Bu prinsiplər də iki tərəfin uzunmüddətli razılaşmasının işlənməsinə gətirib çıxara bilər.


Sənəddə MQ-nun amerikalı həmsədri M.Brayzanın “Azadlıq” radiosuna verdiyi müsahibədə qeyd etdiyi fikirlərdən fərqli məqamlar yoxdur. Belə ki, bəyanata görə bu prinsiplər Dağlıq Qarabağ ətrafındakı ərazilərdən Ermənistan qüvvələrinin çıxarılmasına, Kəlbəcər və Laçın rayonları üçün xüsusi modellər olmaqla həmin ərazilərin silahsızlaşdırılmasına (Ermənistanla Dağlıq Qarabağ arasında dəhliz də daxil olmaqla), referendum və ya əhalinin səsverməsinin keçirilməsi (onun nə zaman və necə keçirilməsi sonrakı danışıqlar yolu ilə qərarlaşdırılır) ilə Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyənləşdirilməsinə əsaslanır. Prinsiplərdə həmçinin regionda Beynəlxalq sülhü mühafizə qüvvələrinin yerləşdirilməsi və müqavilənin həyata keçirilməsinə dair beynəlxalq komissiya yaradılması, ərazilərin minalardan təmizləməsi, yenidənqurma və məcburi köçkünlərin əvvəllər işğal altında olan və müharibən zərər çəkmiş Dağlıq Qarabağ ərazilərinə yerləşdirilməsi əksini tapır.


Həmsədrlər bir daha qeyd edirlər ki, Ermənistan və Azərbaycanda ölkə başçılarının öz ictimaiyyətini müharibəyə deyil, sülhə hazırlaması vacibdir. Və tərəflər qüvvədən istifadəni və hədəni pisləyərək beynəlxalq və ikitərəfli təhlükəsizlik üçün vəd və zəmanət verməlidirlər.


Həmsədrlər prezidentlərin Buxarestdəki son görüşü zamanı bu prinsiplərdə razılığın əldə edilməməsinə təəssüfləndiklərini qeyd edirlər. Onlar həmçinin əlavə edirlər ki, bu təkliflər münaqişənin ədalətli və davamlı çıxış yoluna nail olmaq üçün ən yaxşı potensiala malikdir. Onlar inanırlar ki, indi iki prezidentin təşəbbüsü ələ alaraq, bu prinsiplərə əsasında sülh prosesində sıçrayış etmələri üçün əlverişli vaxtdır. Əgər prezidentlər buna hazır olduqlarını bildirsələr həmsədrlər tərəflərin müqavilə əldə etməsinə yardım etməyə hazırdırlar.


Azərbaycanın Xarici İşlər Nazirliyində İnformasiya İdarəsinin rəhbəri Tahir Tağızadə hələlik həmsədrlərin son bəyanata münasibət bildirməyin tez olduğunu söylədi. Qarabağ danışıqlarında prezidentin şəxsi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Araz Əzimov isə iyunun 3-də - MQ həmsədrlərinin son bəyanatından əvvəl bildirmişdi ki, hələlik heç bir Çərçivə Sazişi deyilən sənəd yoxdur. Cənab Əzimov MQ-nun amerikalı həmsədri M.Brayzanın “Azadlıq” radiosuna müsahibəsində söylədiyi prinsipləri şərh edərkən qeyd edirdi ki, münaqişənin həlli ilə bağlı yekun rəylər haqqında danışmaq hələ tezdir. O hesab edir ki, həmsədrlər vəziyyəti və ictimai rəyləri yoxlamaq məqsədilə bu cür bəyanatlar verirlər.


XS
SM
MD
LG