Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:47

Milli Mətbuat Günü, yoxsa «qara bayram»?


Bu il hökumətin 22 iyula necə hazırlaşması ilə bağlı rəsmi məlumat yoxdur
Bu il hökumətin 22 iyula necə hazırlaşması ilə bağlı rəsmi məlumat yoxdur

Milli Mətbuat Günü ərəfəsində ölkə mediası və jurnalist təşkilatları iki cəbhəyə bölünüblər. Bir yanda Mətbuat Şurası (MŞ) və bir sıra jurnalist təşkilatları hər il iyulun 22-də keçirilən mətbuat bayramına ənənəvi qaydada hazırlıq görürlər. İyulun 20-də «Park İn» otelində MŞ-nın təşəbbüsü ilə keçirilməsi planlaşdırılan bayram tədbirinə hökumət üzvləri ilə yanaşı, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri də dəvət ediliblər. Bundan başqa, ayrı-ayrı jurnalist təşkilatlarının təsis etdiyi mükafatların təqdimat mərasimlərinə də hazırlıq görülür. O biri yanda isə müxalifət qəzetləri Milli Mətbuat Gününü etiraz aksiyaları ilə qeyd etməyə hazırlaşırlar. «Azadlıq» qəzetinin bu günlərdə həbs olunan əməkdaşı Mirzə Sakitin Hüquqlarını Müdafiə Komitəsi isə iyulun 22-ni «qara bayram» kimi keçirməyi təklif edib. Bu qəzetin redaktoru Qənimət Zahidov düşünür ki, «Monitor» jurnalının redaktoru Elmar Hüseynovun qətlindən sonra jurnalistlərə təzyiqlər kütləvi xarakter almaqdadır. Üstəlik aparılan istintaqların heç bir nəticəsi yoxdur və müqəssirlər azadlıqda gəzirlər. Ona görə də bayram etməkdənsə, yerli və beynəlxalq ictimaiyyətin diqqətini mövcud problemlərə yönəltmək lazımdır: «Ola bilər ki, həmin gün aclıq aksiyası keçirilsin, yaxud jurnalistlər qollarına qara sarğı bağlamaqla bayramı qeyd etsinlər. Hər halda bu ideyalar ətrafında müzakirələr gedir».
MŞ-da isə bu ideyanın ciddi şəkildə müdafiə ediləcəyinə inanmırlar. Bu qurumun icraçı katibi Rəhim Hüseynzadə deyir ki, heç kimin Azərbaycan mətbuatının ildönümünü qara bayram kimi keçirməyə haqqı yoxdur: «Çünki bu mətbuatı elə qara günlərdə yaradıblar və indi onun ağ səhifələri az deyil».


Milli Mətbuat Gününü qara bayram kimi keçirmək təşəbbüsünün nə dərəcədə jurnalist təşkilatları arasında müdafiə olunacağını indidən qəti şəkildə demək çətin olsa da, artıq ötən ildən – Elmar Hüseynovun qətlindən sonra bir sıra jurnalist təşkilatlarının bayram mərasimlərində bəzi dəyişikliklər edilib. Jurnalistlər Konfederasiyasının, «Yeni Nəsil» və «Ruh» Jurnalistlər Birliyinin birgə təsis etdiyi «Media Açarı» mükafatı ötən il qalib jurnalistlərə təqdim edilərkən bədii hissəyə ehtiyac görülməmişdi. Jurnalistlər Konfederasiyasının sədr əvəzi Yadigar Məmmədli deyir ki, bu ildə təqdimat mərasimindən sonra konsert olmayacaq: «Bu da o deməkdir ki, biz bu tədbiri şou kimi keçirmirik. Ancaq 22 iyul bizim bayramımızdı və onu qeyd etməliyik. Kimsə deyirsə ki, beş il bundan qabaq vəziyyət yaxşı idi, mən onunla razılaşmıram».


Ötən il «Əkinçi» qəzetinin işıq üzü görməsinin 130 ili tamam olduğundan hökumət milli mətbuatın yaranma gününü daha təmtəraqlı keçirmişdi. Hətta dövlət başçısı 100-ə yaxın jurnalisti təqaüd və fəxri adlarla təltif etmişdi. Bu il hökumətin 22 iyula necə hazırlaşdığı ilə bağlı isə hələ ki, rəsmi məlumat yoxdur.
XS
SM
MD
LG