Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:50

«Bu, daha çox elitar ipotekadır»


«Alınan mənzillər çoxmərtəbəli binada olduğu üçün onların sığortalanması da artıqdır»
«Alınan mənzillər çoxmərtəbəli binada olduğu üçün onların sığortalanması da artıqdır»
İyunun 10-da İpoteka Fondu məlumat yaydı ki, vətəndaşlar əvvəlki qaydalarda nəzərdə tutulduğu kimi, təkcə yeni tikililərdən yox, həm də köhnə binalardan sözügedən kreditlə mənzil ala bilərlər. Dəyişikliyi ipotekaya ümid edənlər müsbət qarşılasa da, bu yenilik onun hamı üçün əlçatımlı olması anlamına gəlmir. Son dəyişiklikdən sonra ipoteka krediti almaq arzusu yenidən baş qaldıran Asif Əkbərov deyir ki, köhnə binalar barədə təzə dəyişiklik yaxşıdır. Amma əgər söhbət vətəndaşa xidmətdən gedirsə, hələ dəyişdirilməsi zəruri olan şərtlər az deyil. Məsələn, ipoteka kreditlərinin verilməsi üçün tələb olunan sənədlərin sayı azaldılmalıdır:

«Vətəndaşın həyatının sığortalanması, o cümlədən də mənzilin sığortalanması şərtləri də aradan qaldırılmalıdır. Çünki krediti götürənə nəsə bir şey olsa, mənzilin öhdəliyi onun varislərinin üzərinə keçəcək. Yaxud da mənzil bankın ixtiyarına keçəcək. Digər tərəfdən, alınan mənzillər çoxmərtəbəli binada olduğu üçün onların sığortalanması da artıqdır. Çünki Azərbaycan reallığında belə binalara təbii fəlakət və ya qəza nəticəsində ziyan dəyəndə hökumət özü kompensasiya verə bilir. Hələ ki bu şərtlər ipoteka kreditləri ilə mənzil almanı çətinləşdirir».

FONDA MÜRACİƏT EDƏNLƏRİN SAYI BARƏDƏ DƏQİQ MƏLUMAT YOXDUR

İpoteka Fondu mətbuat xidmətinin rəhbəri Samirə Nəsibova isə deyir ki, qaydalardakı son dəyişiklik onlara müraciət edənlərin hamısına aiddir. Ancaq başqa dəyişikliklərin gözlənilməsi barədə bir şey deyə bilməz:

«Dəyişikliklər barədə qərarı Mərkəzi Bank verir. Ancaq bizdə olan məlumata görə, başqa dəyişikliklər gözlənilmir».

Fondun sözçüsü əlavə edir ki, hələlik onlarda fonda müraciət edənlərin sayı barədə dəqiq məlumat yoxdur. Belə bir statistika olan kimi məlumat veriləcək.

Bakı küçələrində fikrini soruşduğumuz sakinlərin bir qismi ipoteka krediti ilə ev almaq istəmirlər:

- Şərtlər əlverişli deyil.

- Sənədləri elə ediblər ki, toplamaq çətinləşib. Bu problem olmasaydı istəyərdik.

«BU, DAHA ÇOX ELİTAR İPOTEKADIR»

Bəzi ekspertlər hesab edirlər ki, vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulan ipoteka kreditlərinin verilməsi qaydalarını kimlərsə öz maraqlarına uyğunlaşdırmağa çalışırlar. Elə buna görə də tez-tez qaydalara vətəndaşları çaş-baş alan dəyişikliklər edilir. İqtisadçı Qubad İbadoğlunun fikrincə, hazırda təklif olunun kreditlər orta təbəqə üçün deyil. Yəni bu, adi vətəndaşa yox, tikinti biznesinin, qiymətli kağızlar bazarının və digər bu kimi sahələrin canlanmasına xidmət edir:

«Bu, daha çox elitar ipotekadır. Burada kütləvi ipotekadan danışmağa dəyməz. Çünki kütləvi ipotekada gərək orta səviyyəli vətəndaşın bu kredit vasitəsilə mənzilə çıxış imkanını yarada biləsən. Amma kəskin olan o tələbi, ehtiyacı bu forma ilə təmin etmək mümkün deyil».

Q.İbadoğlu deyir ki, bunun günahını ancaq İpoteka Fondunda axtarmaq da düz deyil. Çünki fond sadəcə mövcud qanun və qaydalara uyğun onun idarə edilməsi ilə məşğuldur.
XS
SM
MD
LG