Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:24

«Qarabağ münaqişəsinin həlli planı artıq neçə müddətdir bəllidir»


Uilyam Berns
Uilyam Berns
«ABŞ Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda irəliləyişə ümid edir və onun həllinə kömək etməyə hazırdır».

Bunu Corctaun Universitetində keçirilən konfransda çıxış edən ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Berns deyib.

«Biz ümid edirik ki, son vaxtlar prezidentlər Əliyev və Sarkisyanın danışıqlarında müşahidə olunan irəliləyişlər onların oktyabrda keçiriləcək görüşündə müsbət nəticələr verəcək. Münaqişənin mümkün həlli planı artıq neçə müddətdir bəllidir. Amma detallar da çox vacibdir və sonrakı müzakirələr hər iki tərəfin maraqlarının təmin olunması baxımından zəruri sayılır. İnanırıq ki, bütün tərəflər danışıqların bitməsi və arzulanan sonluğa çatması üçün siyasi iradə nümayiş etdirəcək. Biz bu məqsədə çatmaq üçün vaxt və səylərimizi əsirgəməyəcəyik», – deyə U.Berns bəyan edib.

U.Berns ölkəsinin münaqişənin həllində maraqlı olmasının göstəricisi kimi 36 illik diplomatik təcrübəyə malik Robert Bradtkenin Minsk Qrupunun yeni həmsədri təyin olunmasını göstərib.

U.Berns çıxışında Türkiyə-Ermənistan münasibətlərinə də toxunub. Deyib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olmasa da, Cənubi Qafqaz regionunun inkişafına təsir edəcək:

«Münasibətlərin normallaşması üçün Türkiyə və Ermənistan tərəfindən atılan tarixi addımlar ümidvericidir. Bu yaxınlaşma Dağlıq Qarabağ münaqişəsi bağlı olmasa da, hər iki proses Cənubi Qafqaz regionunu bölən və regional inkişaf imkanlarını məhdudlaşdıran köhnə problemlərin həllində böyük əhəmiyyətə malikdir. Bu mübahisələr həll olunsa, region miqyasında əməkdaşlıq, inam və kommersiya inkişafı üçün yeni qapılar açılacaq».

ABŞ-da səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov da Corctaun Universitetinin təşkil etdiyi bu konfransda iştirak edib. / APA /
XS
SM
MD
LG