Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:16

Hüseyn Arabul apellyasiya şikayəti verib


«Hüseyn Arabul hesab edir ki, onun hərəkətlərində cinayət tərkibi yoxdur»
«Hüseyn Arabul hesab edir ki, onun hərəkətlərində cinayət tərkibi yoxdur»
«Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) prezidenti Hüseyn Arabul Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin onun barəsində çıxardığı 2 il müddətinə azadlıqdan məhrumetmə barədə hökmdən apellyasiya şikayəti verib.

Bu barədə AzadlıqRadiosuna H.Arabulun vəkili Abbas Atakişiyev məlumat verib. Vəkilin sözlərinə görə, Arabul birinci instansiya məhkəməsinin hökmünün ləğv olunmasını və ona bəraət verilməsini istəyir:

«Hüseyn Arabul hesab edir ki, onun hərəkətlərində cinayət tərkibi yoxdur. O, hadisələrin təsadüfi axarı nəticəsində, öz iradəsindən asılı olmayaraq özünü Gürcüstan sərhəd keçid məntəqəsinin qarşısında görüb. Yalnız həmin vaxt bilib ki, dövlət sərhədini keçib. Hesab edir ki, ona verilmiş ittiham əsassızdır».

Abbas Atakişiyevin sözlərinə görə, apellyasiya şikayəti gələn həftə hakim icraatına veriləcək.

Sərhədi gizli yolla Gürcüstana keçməkdə təqsirləndirilən Hüseyn Arabul bu il sentyabrın 18-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Türk iş adamı ilə yanaşı daha 5 nəfər də bu işdə ona köməklik göstərməkdə təqsirləndirilərək məhkum edilib. H.Arabul özü isə məhkəmənin gedişatında bu ittihamları rədd edib.

Hüseyn Arabul dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2007-ci ildə çıxardığı hökmə əsasən 1 milyon 370 min manat cərimə ödəməklə, 5 il şərti cəzaya məhkum edilmişdi. O, bu müddət ərzində Azərbaycanı tərk edə bilməzdi.
XS
SM
MD
LG