Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:28

Parlamentarilərin Moskva görüşü nəyə xidmət edir?


Arif Yunus
Arif Yunus
Oktyabrın 22-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan parlament üzvlərinin görüşü keçiriləcək. Azərbaycanın 5 nəfərlik nümayəndə heyətinin üzvlərindən biri, parlamentin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədr müavini Rövşən Rzayev deyir ki, görüşdə hər üç tərəfdən eyni sayda millət vəkili iştirak edəcək. Onun fikrincə, müzakirələrdə məqsəd, Qarabağ münaqişəsinin həlli istiqamətində ünsiyyətin qurulmasıdır. Millət vəkili bu istiqamətdə irəliləyişin olacağına da ümid bəsləyir:

- Bu istiqamətdə işlər gedir.Yəqin ki, biz bu münaqişənin yaxın zamanlarda həllinin iştirakçısı olacağıq.

TƏŞƏBBÜS RUSİYADAN GƏLİR

Azərbaycan parlamentinin sədr müavini Ziyafət Əsgərov isə deyir ki, bu görüşün keçirilməsi təklifi Rusiya Dövlət Dumasının rəhbərliyindən gəlib. Bütün tərəflər görüşdə bir daha öz mövqelərini ifadə edəcəklər. Parlament sədrinin müavini müzakirələrdə müəyyən məsələlərlə bağlı ortaq məxrəcin tapılacağına ümid bəsləsə də, hər hansı sənədin imzalanacağını istisna edir:

- Orada konkret bir sənəd imzalanmayacaq. Hər tərəf öz mövqeyini ifadə edəcək, biz də eləcə. Bizim mövqeyimiz belədir ki, bu münaqişə yalnız Azərbaycanın ərazi toxunulmazlığı prinsipi çərçivəsində həll edilə bilər.

Ziyafət Əsgərov düşünür ki, hər halda danışmaq danışmamaqdan yaxşıdır.

TƏRƏFLƏR TƏBLİĞATLA MƏŞĞULDUR

Ancaq Azərbaycandakı müstəqil müşahidəçilər bu görüşün Qarabağ münaqişəsinin həlli baxımından heç bir əhəmiyyət daşımadığı düşüncəsindədirlər. Politoloq Arif Yunus deyir ki, millət vəkillərinin harda görüşməsindən asılı olmayaraq onlar Qarabağ münaqişəsində dönüş yaradası deyillər. Üstəlik, nəzərə almaq lazımdır ki, prezidentlərin sonuncu görüşü nəticəsiz başa çatıb.

Arif Yunus deyir ki, bu görüşdən hər üç tərəf təbliğat məqsədləri ilə istifadə etmək istəyir. Onun fikrincə, Rusiya nümayiş etdirmək istəyir ki, Gürcüstanla müharibə şəraitində olmasına baxmayaraq, o regionda sülh tərəfdarıdır.

«ERMƏNİSTANLA SƏRHƏDLƏRİ AÇSANIZ, RUSİYA İLƏ YAXINLAŞACAM»

Arif Yunus deyir ki, bununla Ermənistan da dialoq imitasiyası yaradır. Politoloqun fikrincə, Azərbaycan da protokolların imzalanmasından sonra Türkiyə və Qərbə bəzi mesajlar çatdırmaq niyyətindədir:

- Azərbaycan isə Qərbə və Türkiyəyə mesaj göndərir ki, əgər mənə təzyiqlər etsəniz, Ermənistanla sərhədləri açsanız, Rusiya ilə yaxınlaşacam. Yəni burada Qarabağ məsələsi yox, daha çox regionda gedən proseslər hədəf seçilib.

Ancaq Arif Yunus da bu görüşün Azərbaycan üçün müəyyən əhəmiyyətli tərəflərini istisna etmir. O yada salır ki, indiyə qədər parlament və cəmiyyət Qarabağ münaqişəsi ilə bağlı müzakirələrdən kənarda saxlanıb. Yalnız axırıncı dəfə 2001-ci ildə Qarabağ münaqişəsi Milli Məclisdə müzakirə edilib. Heç Azərbaycan parlamentində Qarabağ fraksiyası da yoxdur.

Politoloq düşünür ki, dövlət başçısı parlamentin də bu tip danışıqlara cəlb edilməsinə müsbət yanaşmaqla özünün manevr imkanlarını artırmış olur. Çünki bununla o əlverişsiz təkliflərdən cəmiyyətin təpkisini bəhanə etməklə imtina etmək imkanı əldə etmiş olur.

Arif Yunusun fikrincə, Qərb dairələrində belə bir fikir var ki, Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycan tərəfinin mövqeyi yalnız dövlət başçısından ibarətdir. Politoloq deyir ki, Qərb dairələrində belə fikirlər də elə Azərbaycan hakimiyyətinin daxili davranışlarından yaranıb.
XS
SM
MD
LG