Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:20

Böhrana məruz qalmış büdcə


Sosial müdafiə xərcləri artırılmadığından gələn il pensiyaların da artımı gözlənilmir
Sosial müdafiə xərcləri artırılmadığından gələn il pensiyaların da artımı gözlənilmir
«Builki büdcə böhrana məruz qalmış büdcə sayılmalıdır». Yerli iqtisadçılar deyir ki, gözləmədiyimiz halda 2010-cu ilin büdcə layihəsində sosial sahələrdə azalmalar müşahidə etdik.

2010-cu ilin büdcəsinin gəlirləri ötən ilkinə nisbətən 2 milyard, xərcləri isə 1 milyard azalıb. Büdcə özü təxminən 20 faizə yaxın azalıb. Təhsil xərcləri ötən illə müqayisədə 76 milyon, səhiyyə xərcləri isə 30 milyon azaldılıb.

Gələn il təhsil xərci 1 milyard 276 milyon manat, səhiyyə xərcləri isə 479 milyon manat nəzərdə tutulur.

İqtisadi Forum jurnalının baş redaktoru Samir Əliyev deyir ki, bu həmin sahələrdə geriləmələrə yol açacaq:

«Bu vaxta qədər də təhsil və səhiyyəyə ayrılan vəsaitlər kifayət eləmirdi. Səhiyyə elə bir sahədir ki, heç bir ölkənin büdcəsi səhiyyənin inkişafına bəs edə bilməz. Buna görə səhiyyəni inkişaf etdirmək üçün mütləq alternativ olaraq tibbi sığorta inkişaf etdirilməlidir. Bizdə də tibbi sığorta daşa dirənib. O sahədə heç bir inkişaf yoxdur. Təhsil də onun kimi. Həmişə təhsillə səhiyyəni mütləq rəqəmdə artırırdılar. Ancaq büdcə xərclərində xüsusi çəki baxımından azalır. Bu il isə mütləq həddində də azaldıblar».

QLOBAL BÖHRAN BÜDCƏYƏ TƏSİR GÖSTƏRİR

İqtisadçı Məhəmməd Talıblı isə deyir ki, yeni büdcə layihəsində sosial sahələrə ayrılan vəsaitlərin azaldılması qlobal maliyyə böhranının ölkə iqtisadiyyatına, büdcənin bütün sektorlarına təsir etdiyini göstərir. Onun fikrincə, sosial sahələrdə azalmalar təhsil, elm, səhiyyə sahələrində maliyyə çatışmazlığına, vəsaitin azalmasına gətirib çıxaracaq:

«Bunun daha ciddi fəsadları isə bir neçə ildən sonra baş verə bilər. İnsan inkişafı indeksinə təsir edən adambaşına düşən ümumdaxili məhsul, təhsil səviyyəsi, orta ömür müddətinə bu çox ciddi təsir göstərəcək. İndiki azalmaların bir neçə ildən sonra təhsil və səhiyyə sisteminə ciddi zərbələr vurduğunu görə bilərik».

Qubad İbadoğlu
İqtisadçılar deyir ki, xərclərin azaldılması İKT proqramları ilə bağlı maliyyələşməni, elmdə tədqiqat xərclərini də azalda bilər.

GƏLƏN İL PENSİYALARIN DA ARTIMI GÖZLƏNİLMİR


İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə deyir ki, sosial müdafiə xərcləri artırılmadığından gələn il pensiyaların da artımı gözlənilmir:

«Sosial Müdafiə Fondundan dövlət büdcəsinə transferi demək olar ki, əvvəlki səviyyədə saxlanılıb. Bu o deməkdir ki, pensiyaların artımında da gözləntilərə son qoyulmalıdır. Ciddi pensiya artımından söhbət gedə bilməyəcək. Çünki pensiya yığımlarının aşağı səviyyədə olması, dövlət büdcəsindən transferin əvvəlki səviyyədə saxlanılması belə deməyə əsas verir».

Maliyyə naziri Samir Şərifov isə bu günlərdə demişdi ki, 2010-cu ilin büdcəsində neftin qiyməti 45 dollardan hesablandığı üçün gəlirlərin həcminin bu ilkindən az olacağı gözlənilir. Buna görə də gələn ilin büdcə xərcləri bu ilkindən az olacaq.
XS
SM
MD
LG