Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:52

Alternativ büdcə harda müzakirə olunsun?


«Müsavat» deputat qrupu parlamentə onlarla qanun layihəsi təqdim etsə də, onların heç biri plenar toplantıda müzakirəyə çıxarılmayıb
«Müsavat» deputat qrupu parlamentə onlarla qanun layihəsi təqdim etsə də, onların heç biri plenar toplantıda müzakirəyə çıxarılmayıb
«Parlamentdə dövlət büdcəsi layihəsinin illik müzakirələrində layihəni tənqid edən müxalifətyönlü deputatlara hakim Yeni Azərbaycan Partiyası (YAP) üzvlərinin bir cavabı olur - alternativ layihəniz varsa, buyurun təqdim edin».

Bu sözləri Milli Məclisin «Müsavat» deputat qrupunun üzvü İkram İsrafilov deyir. Onun sözlərinə görə, indiyə qədər qrup parlamentə onlarla qanun layihəsi təqdim etsə də, onların heç biri plenar toplantıda müzakirəyə çıxarılmayıb:

«NEFT QANUNU» NİYƏ RƏDD EDİLDİ?


- İndiyə qədər təqdim etdiyimiz sənədlərdən yalnız «Neft haqqında» qanun layihəsi parlamentin İqtisadiyyat Komitəsində müzakirə edilib. Ancaq o da rədd olunub. Məsələ burasındadır ki, müzakirələr zamanı sənədin hansı səbəbdən rədd edilməsilə bağlı heç bir ciddi arqument səsləndirilmədi. Təbii, ölkədə alternativ qanun layihələrinin yaranmamasının ən böyük səbəbi onlar üçün müzakirə meydanlarının olmamasıdır.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, iqtisadçı Məhəmməd Talıblı isə deyir ki, ölkədə ictimai vəsaitlərin idarə olunması ilə bağlı alternativ modellər, inkişaf istiqamətləri hazırlamaq mümkündür. Onun sözlərinə görə, indiyə qədər bu məsələ ilə bağlı dəfələrlə təşəbbüslər olub. Bu təşəbbüslərin nəticə verənləri də olub, verməyənləri də.

Ekspertin sözlərinə görə, təşəbbüslərin nəticə verməməyinin səbəbi, hazırlanan layihələrin qovluqda yatması, ictimai müzakirəyə çıxarılmamasıdır. Problemlərdən biri də odur ki, Azərbaycanda alternativ büdcə layihələrinin qiymətləndirilməsi metodologiyası yoxdur:

«BUNUN ÜÇÜN AZƏRBAYCANDA MÜHİT YOXDUR»


- Bu layihələrin ictimai müzakirəyə çıxarılması üçün Azərbaycanda mühit yoxdur. Bu, hakimiyyətin birbaşa nəzarətində olan telekanalların efirində mümkün deyil. Əgər bu müzakirələr olsa, hakimiyyətin təqdim etdiyi layihənin,
Məhəmməd Talıblı
yoxsa, müxalifətyönlü iqtisadçıların hazırladıqları büdcənin daha çox reallığı əks etdirməsi mütləq ortaya çıxar.

İqtisadçı deyir ki, alternativ sənədlərin hazırlanması üçün ilk sırada hökumətin büdcə siyasətini gerçəkləşdirən komissiyalar bu təşəbbüslərə açıq olmalıdırlar. Ancaq indiyə qədər müxalifət partiyalarından olan iqtisadçıların büdcə ilə bağlı verdiyi təkliflər parlamentin İqtisadiyyat Komitəsində müzakirəyə çıxarılmır.

M.Talıblının sözlərinə görə, müxalifət təmsilçisi olduqları üçün hökumət ölkə iqtisadiyyatı ilə bağlı keçirilən müzakirələrə alternativ layihə müəlliflərini dəvət etmir.

MÜXALİFƏTƏ BÜTÜN QAPILAR BAĞLIDIR

İqtisadçı Rövşən Quliyev isə deyir ki, müxalifətyönlü iqtisadçıların alternativ büdcə layihələri daha çox seçkiöncəsi dönəmlərdə ortaya çıxır. Onun sözlərinə görə, alternativ layihələrə münasibət dövlətin iqtisadi siyasətinin məqsədindən asılıdır. Bu məqsəd isə reallıqda heç də dövlətin elan etdiyi kimi deyil.

Rövşən Quliyevin fikrincə, hakimiyyət bir neçə ildir dövlət büdcəsinin sosial yönümlü olduğunu bildirsə də, reallıqlar tamamilə fərqlidir:

- Vergilər artırılır, gediş haqları artırılır, kommunal xidmət haqları artırılır. Başqa sözlə, əhalinin verəcəklərini artırıb, alacağını azaldırlar. Büdcə indi birmənalı olaraq vətəndaşların sosial şəraitinin yaxşılaşmasına yönələn büdcə deyil. Büdcə daha çox yaranan problemləri aradan qaldırmağa yönəldilir. Harada bir problem olsa, o sahə üzrə vergiləri, yığımları artırırlar.

R.Quliyev deyir ki, indiyə qədər dövlət büdcəsi üzrə alternativ layihələrin hazırlanmasında iştirak edib.
Zahid Oruc
Ancaq bir neçə iqtisadçı ilə bərabər hazırladıqları layihələrin parlament müzakirəsinə nail ola bilməyiblər. Səbəb isə onun sözlərinə görə, alternativ layihə müəlliflərinin müxalifət partiyalarının üzvləri olmasıdır.

ZAHİD ORUC: «MÜXALİFƏT TƏNBƏLDİR»

Milli Məclisin üzvü Zahid Oruc isə düşünür ki, müxalifətin alternativ layihələr təqdim etməməsinin əsas səbəbi tənbəllik və bunun üçün intellektual potensialının yetərli olmamasıdır:

- Düzdür, «Müsavat» deputat qrupu qanun layihələri təqdim edir. Ancaq onlar daha çox siyasi yüklü olur. Təqdim olunan layihələrin müzakirəyə çıxarılmamasına, geri qaytarılmasına gəlincə, bəzən bizim də təqdim etdiyimiz layihələr geri qaytarılır. Müxalifətçilərə məsləhət görərdim ki, əgər ortaya ciddi bir sənəd çıxarsalar, onları mediada müzakirə etsinlər.
XS
SM
MD
LG