Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:08

Tıq-tıq! «Donuz qripi»yəm, gəlmişəm!


«Meymun-zadam ki, maska geyinim?» - deyənlərin sayı azalıb
«Meymun-zadam ki, maska geyinim?» - deyənlərin sayı azalıb
«Donuz qripi» dünya şəhərlərini dolaşaraq Bakıya da gəlib çıxdı. Gəlməzdən öncə qapını da döydü. Amma biz o tıqqıltıya elə də önəm vermədik. Artıq necə adlanmasından asılı olmayaraq, virus şəhərdədir!

Bakılılar real təhlükəni hiss edirlərmi? Ondan qorunmağın yolunu nə dərəcədə bilirlər? «ELS» Müstəqil Araşdırmalar Mərkəzi bu virusla bağlı şəhər sakinləri arasında keçirdiyi növbəti monitorinqini başa vurub. Mərkəzin rəhbəri İradə Yaqubova ilə söhbətimiz elə monitorinqin nəticələri barədə oldu.

- İradə xanım, monitorinqlərə nə vaxtdan başlamışdınız?

- Bu ikinci monitorinq idi. Şəhər əhalisi arasında ilk monitorinqi iyul ayında keçirmişdik. Avqustun 7-də təşkil etdiyimiz Dəyirmi Masada nəticələri açıqladıq. Bir də, oktyabrın axırlarında növbəti monitorinqə başladıq. Məqsədimiz nəticələri tutuşdurmaq idi. Çox maraqlı nəticələr alındı.

İlk öncə onu vurğulayım ki, donuz qripi ilə bağlı məlumatı olanların sayı artıb. İyulda 14 % respondent bu qriplə bağlı heç bir bilgisinin olmadığını deyirdisə, bu dəfə yalnız 6,2 % bu fikirdədir. Demək, bilgisizlərin sayı 2 dəfə yarım azalıb. «Tam məlumatlıyam» deyənlərin sayı isə 2 dəfə yarım artıb - 28, 4-dən 65, 4-ə çatıb.

«Qripə yoluxmamaq üçün nə etməlisiniz?» sualına bakılıların 19,5 %-i «Acizəm» cavabını seçibsə, 7,5 %-i «bilirəm» deyib. Yəni bu qriplə maraqlananların və savadlananların sayının artması artıq göz önündədir.

Ancaq maraqlı bir nüans var. «Virusa yoluxmaq üçün nə etməlisiniz?» - sualına iyulda verilən cavab - donuz əti yeməməliyik - indiki monitorinqdə axırıncı yerə düşüb. Bu dəfə «Gigiyena qaydalarına əməl etməliyik» deyənlərin sayı iyula nisbətən çoxdur - 57-61%. Bu mübarizədə sağlam qidalanmanın önəmini anlayanların sayı isə iki dəfə artıb. İyulda bu 30% idisə, indi 60 %-dir.

«Ölkəyə gələnlərə nəzarət artırılmalıdır» deyənlərin sayı isə nə çox, nə az - 6 dəfə artıb! «Yoluxma olan ölkələrə getmək və xəstə insanlarla təmasda olmaq lazım deyil» fikrini bölüşənlər də çoxalıb - 3,4-dən 42%-ə çatıb.

- Ötən sorğudan sonra daha nələr diqqəti daha çox cəlb edirdi?

- Bu dəfə maskalara və qoruyuculara artan maraq göz önündə idi. «Meymun-zadam ki, maska geyinim?» - deyənlərin sayı azalıb. Qorunma vasitələri ilə bağlı əhalinin məlumatlılığı da artıb. Daha bir nüans. İyulda «Yoluxma təhlükəsini necə qiymətləndirirsiniz?» fikrini 12% ciddiyə alırdısa, indi bu rəqəm 20%-ə yaxındır. Orta təhlükəli hesab edənlər - əvvəl 8, indi 27%-dir. Zəif təhlükə sayanlar iyuldakı 52%-dən 39%-ə düşüb. Yeri gəlmişkən, sorğuda «Adi mövsümü qripi necə qiymətləndirirsiniz?» sualı da vardı. «Donuz qripi»nə yoluxma təhlükəsini 19% real hesab edirdisə, adi qripə yaxalanma qorxusu 45% idi.

«Yoluxma mənbəyi hansılardır?» sualına cavablar da maraq doğurur. 84% yoluxma mənbəyi kimi ictimai nəqliyyatın adını çəkir! Sonrakı mənbə kimi ictimai yerlər—təhsil ocaqları, ticarət obyektləri, həmçinin xəstə adamlarla, xəstəlikdən sağalmamış küçəyə və işə çıxan adamlar göstərilir.

Daha bir suala cavablar maraq doğurur: «Gigiyenaya riayət etməməyin səbəbi nədir?» sualına 70% bakılı «mədəniyyətin aşağı səviyyədə olması» cavabını seçib. «Sizcə bu nədən qaynaqlanır?» sualını əksəriyyət - həmin qaydalara əməl etməyənlərə qarşı ictimai qınağın olmaması ilə izah ediblər...

Satışda olan dərman preparatlarının viruslara qarşı effektivsizliyi fikrini 64,7% dəstəkləyir. Doğrudan da, ya dərmanlar o virusa qarşı deyil, ya da dərmanlar keyfiyyətli deyil. İndi ajiotaj nəticəsində bütün dərmanlar apteklərdən süpürülüb. Həmin dərmanlara nəzarət varmı, onlar yoxlamadan keçibmi—bütün bunlar əhalini narahat edir.

- Bakılılar dövlətin bu virusla mübarizəsini nə dərəcədə yetərli sayırlar?

- Maarifləndirici verilişlərin sayının azlığından gileylənirlər. Az sayda olan verilişlər də praym-taym vaxtına düşmür. Yaxşı olar ki, istər TV-lərdə, istərsə də bütün Kütləvi İnformasiya Vasitələrində vaxtaşırı belə bilgilər verilsin. Qısa və anlaşıqlı şəkildə. 62% belə hesab edir ki, belə gərgin zamanlarda qısa açıqcalardan istifadə etmək gərəkdir.

Sizə bir fakt deyim. Dünyada hər il adi qripə 10 milyon adam yoluxur. Onlardan yarım milyonu dünyasını dəyişir. Biz dəfələrlə Səhiyyə Nazirliyinə müraciət etmişik ki, söhbət təkcə donuz qripindən getmir. Əhali adi mövsümi qripə qarşı da silahlanmalıdır. Müqaviməti artırmaq üçün nə etmək lazım olduğunu bilməlidir. O gün bir telekanalda endokrinoloqun donuz qripindən danışdığının şahidi oldum...Ya biri çıxıb deyir ki, immun sistemini möhkəmlətmək üçün portağal, mandarin, sarımsaq-soğan, limon-bal yemək lazımdır. Hər ailədə 4-5 adam var. Hesablayın, görün, ailə onları almaq üçün nə qədər xərcə düşməlidir? Daha ucuz məhsullar var ki, heç kəsin yadına düşmür. Məsələn, kələm. Vitamin S elə portağaldakı qədərdir. Makedoniyalı İsgəndər ordusunu nahaq yerə duza qoyulmuş kələmlə qidalandırmırdı ki?
XS
SM
MD
LG