Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:20

«Epidemiya ilə üz-üzə qala bilərik»


Zülfiyə Mustafayeva
Zülfiyə Mustafayeva
«Son doqquz aylıq hesabat göstərir ki, Azərbaycanda AİDS-ə tutulanların sayı bu il artıb».

Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyinin sədri Zülfiyə Mustafayeva bu qənaətdədir:

- Əgər ölkədə HİV-ə qarşı davamlı mübarizə aparılmasa, biz epidemiya ilə üz-üzə qala bilərik. Rəsmi statistika dekabrın 1-də - AİDS-lə Beynəlxalq Mübarizə Günündə açıqlanacaq deyə, mən də illik hesabatdan xəbrəsizəm. Ancaq il boyu vəziyyətlə bağlı məlumat toplamışıq, ona görə də mənzərənin ürəkaçan olmadığını bilirəm.

- Son doqquz ayda AİDS-ə yoluxmada hansı vasitə çoxluq təşkil edib?

- Narkotik vasitələrin venadaxili qəbulu yolu. Onlar AİDS-ə tutulanların 65 faizini təşkil eləyirlər. Digər yoluxma yolları da öz aktuallığını saxlayır.

HACIQABUL VƏ ŞİRVAN YENƏ LİDERDİR

- Ötən il Şirvan və Hacıqabul bu məsələdə liderlik edirdi, bəs indi daha çox hansı bölgədə AİDS-ə yoluxma halları aşkar olunub?


- Yenə də Şirvanla Hacıqabul öndədir. Bu rayonlarda narkotik vasitələrdən istifadə yüksəkdir. Cənub zonasının, bir də Bakıyla, Sumqayıtın da adını çəkə bilərəm.

- Bəs adamların könüllü müayinə səviyyəsi necə, artıbmı?

- Bu, bizim ən ağrılı yerimizdir. Demək olar ki, təsadüfü halları nəzərə almasaq, heç kəs könüllü müayinəyə gəlmir. Donorların, bəzi peşə sahiblərinin, xarici ölkələrə sərnişindaşıma nəqliyyatında çalışanların, bir də hamilə qadınların doğuşa gedən zaman müayinəsi isə məcburidir. Biz istərdik ki, könüllü müayinə geniş yayılsın, çalışırıq ki, əhali arasında maarifləndirməni gücləndirək.

- Sizin rəhbərlik etdiyiniz təşkilat AİDS-lə bağlı 32 QHT-nin birləşdiyi Zərərin Azaldılması Şəbəkəsinin üzvüdür. Bu şəbəkə daha çox bölgələrdə maarifləndirmə işi aparır. Bəs niyə Şirvanda, Hacıqabulda statistik rəqəmlər belə yüksək olur?

- Respublika AİDS Mərkəzinin aparılan epidemoloji-kəşfiyyat tədbirləri zamanı məlum olub ki, harda bu şəbəkə fəaliyyət göstərir, narkotik istifadəçilər arasında HİV-in yayılması tempi aşağı düşüb. Amma təəssüf ki, Şirvan və Hacıqabulda bizim şəbəkə fəaliyyət göstərmir. Yaxın vaxtlarda isə proqramın bu bölgələrdə də həyata keçirilməsinə çalışacağıq.
XS
SM
MD
LG