Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:46

Eks-spiker seçki debatına gəlmədi


Oktyabrın 31-də İctimai televiziyadakı ödənişsiz çıxış zamanı 26 deputatlığa namizəd danışdı.

OQTAY ƏSƏDOV DEBATA GƏLMƏDİ


8 saylı Binəqədi birinci seçki dairəsindən YAP-ın namizədi, Milli Məclisin keçmiş sədri Oqtay Əsədov isə debata gəlməmişdi. Aparıcı bunu üzrlü səbəblə izah etdi.

AXCP-Müsavat seçki blokunun namizədi Arzu Səmədbəyli isə rəqibinin gəlməməsinin həm seçicilərə, həm də namizədlərə hörmətsizlik olduğunu dedi.
O dairə ərazisində yolların yamanmasından, pul paylanmasından, seçki günü karusel əməliyyatı gerçəkləşdirmək üçün seçicilərin sənədlərinin yığışdırıldığından da danışdı:

“Oqtay Əsədovun bir dəfə sizin hüquqlarınızı müdafiə etdiyini, korrupsiyaya, rüşvətə qarşı çıxdığını görmüsüzmü? Bu gün evlərə su idarələri 300, 500 manatlıq qəbzlər göndərir. Bu qəbzlər Oqtay Əsədovun “Azərsu”da işlədiyi vaxtlarla bağlıdır”.
Arzu Səmədbəyli


Vaqif İsrafilov isə Arzu Səmədbəyliyə iradını bildirdi:

“Arzu bəy, kişi kişinin dalınca danışmaz. Rəqib rəqibin arxasınca danışmaz”.

Arzu Səmədbəyli ona etiraz etmək istədi. Amma vaxtı başa çatdığından aparıcı iki dəfə onu qaydaları pozmamağa çağırdı və əks halda studiyadan çıxarılacağını dedi.

“BİZİ MÜSAVATÇILARLA BİR SIRAYA QOYMAYIN”


39 saylı Kəpəz birinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə Konfutsidən sitat gətirdi:

“Aqressivlik zəiflik əlamətidir. Biz aqressiv partiya deyilik”.

Yusif Bağırzadə həmçinin seçicilərinə müraciət etdi ki, AMİP-i “separatçılarla danışığa gedən müsavatçılarla bir sıraya qoymasınlar”.

NƏZƏR YETİR!
GƏNCƏLİLƏR BAKININ PAXILLIĞINI ÇƏKİRDİLƏR


Bu dairədən Yeni Azərbaycan Partiyasının namizədi Xanlar Vəliyevsə Gəncədəki abadlaşmadan, tikintidən danışdı:

“Gəncəlilər İlham Əliyevi məhəbbətlə qurucu İlham adlandırırlar”.

Bitərəf namizəd Əli Hüseynov da Gəncəyə tərif vurdu:

“Bir vaxtlar gəncəlilər Bakıya paxıllıq edirdilər, yaxşı mənada qibtə edirdilər. İndi Allaha şükür, Gəncə özünün ən yaxşı vaxtını yaşayır”.

Rauf Qurbanov
BEYNƏLXALQ QURUMLARA MESAJ


“İnsan Naminə” blokunun namizədi, liberal Mayıl Vəliyev beynəlxalq qurumları hədəfə götürdü:

“Azərbaycan reallığını görməyən beynəlxalq müşahidəçilərə deyirəm, beynəlxalq təşkilatların qətnamələrini görmürsüz, amma nə üçün “azadlıqları” görürsüz? Sizin seçkilərdə iştirakınızı istəmirəm”.

KOMMUNİSTLƏR YENƏ QURULUŞU DƏYİŞMƏK İSTƏYİR


Yenə 39 saylı Kəpəz birinci seçki dairəsindən Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov dedi ki, başqa müxalifət partiyalarının hakimiyyətə gəlməsi heç nəyi dəyişməyəcək:

“Dəyişən ancaq divarlardan asılan portretlər olacaq. Kommunistlər isə iqtisadi formasiyanı dəyişmək istəyirlər”.

SABİRABADLILARA MÜXALİFƏTÇİ DAMĞASI


64 saylı Sabirabad ikinci seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi Samir Əsədli isə ölkədəki çatışmazlıqlardan, bu ilin mayında Kür qırağında baş vermiş daşqından tənqidi notlar üzərində danışan yeganə namizəd oldu. Çıxışı zamanı isə bir fikri bir neçə dəfə təkrar etdi:

“Həmişə müxalifətə səs verən sabirabadlılar, bu dəfə də mənə səs verin”.

Onun bu fikri rəqiblərinin xoşuna gəlmədi. İndiyədək adi axarda gedən çıxışçıları ssenaridən kənara çıxarmağa sövq etdi.

YAP-dan olan Rüstəm Xəlilov və bitərəf namizəd Ənvər Lümanov “sabirabadlıların həmişə müxalifətçilərə səs verməsi” fikrinə qarşı çıxdılar. Rüstəm Xəlilova görə, əhali müxalifəti yox, dövləti, dövlətçiliyi dəstəkləyir. Onun qənaətincə: “lupa böyüklükdə eynək taxan müxalifət ölkədəki inkişafı görə bilmir”.

Ənvər Lümanov:
Hansı dairədən kim?


“Biz sabirabadlılar həmişə prezidentin yanında olmuşuq, bununla qürur duymuşuq. Amma indi sabirabadlıların alnına müxalifətçi damğası vurmaq istəyirlər. Yalandır. Biz prezidenti dəstəkləyirik”.

“MƏN DÖYÜŞƏNDƏ SƏN HARDAYDIN?”


68 saylı Cəlilabad kənd seçki dairəsindən “Qarabağ” seçki blokunun namizədi Habil Qasımov icra hakimiyyəti və icra nümayəndələrinin seçkilərə kobud müdaxilə etməsindən danışdı. Namizəd bir qədər əvvələ gedib dedi ki, ona imza verənlərin xəbəri olmadan onların adlarından MSK-ya imzalarından imtina etmələri ilə bağlı teleqram da vurulub: “Bu dövrdə müxalifətçi olmaq cəsarət tələb edir”.

Bitərəf namizəd Fikrət Əhmədov isə Habil Qasımovun valideyn və qohumlarının ondan imtina etdiyini, ona imza vermədiklərini dedi. AXCP-Müsavat hakimiyyəti zamanı Xaçmaz rayon polis rəisi işləyən Habil Qasimovun fəaliyyətini də, təmsil etdiyi düşərgəni də tənqid etdi:

“O polis rəisi olanda bir dəfə toyda tabel silahından atəş açmışdı”.

Habil Qasımov isə ona belə cavab verdi:

“Mən Qarabağda döyüşəndə sən hardaydın?”

YENƏ DƏ MÜSAVAT…


99 saylı Şəmkir seçki dairəsindən verilmiş namizədlər arasında heç bir polemika olmadı, onlar çıxışlarını tələm-tələsik yekunlaşdırmağa çalışdılar. Hətta artıq qalan vaxtdan yararlanmayanlar da oldu.

Bu dairədən hakim partiyanın namizədi Məlahət İbrahimqızı isə təkcə ölkə başçısından yox, həm də “Qarabağ ətirli muğamı”, Azərbaycan xalçaçılığını dünyada təbliğ edən Mehriban Əliyevadan da danışdı.

O müxalifəti də unutmadı. Məlahət İbrahimqızı Müsavatın erməni müxalifətçilərlə sənəd imzalamasını Azərbaycana zərbə kimi dəyərləndirdi. Eyni zamanda prezidentin apardığı danışıqlara kölgə saldığını söylədi.

XANKƏNDİNDƏN OLANLAR ASFALT SALMAQDAN DANIŞMADILAR


122 saylı Xankəndi seçki dairəsindən olan namizədlərsə cürbəcür vədlər verirdilər.

Xatirə Quliyeva deyirdi ki, “internetdə sayt açdırıb Xankəndini təbliğ etdirəcək”, Xankəndindən olan cavanların işlə təmin olunmasına, “onların Avropaya inteqrasiya etməsinə” çalışacaq. Millət vəkili olarsa, məsələ qaldıracaq ki, yeni doğulan körpələrin şəhadətnaməsində Xankəndindən olduqları yazılsın.
Flora Qasımova isə təşəbbüslə çıxış edəcək ki, müxtəlif bölgələrdə yaşayan xankəndililəri bir araya gətirmək üçün nümayəndəlik yaradılsın.

Vaqif Allahverdiyev dedi ki, o başqaları kimi asfalt, su çəkdirməyi vəd etmir. O Xankəndi Xeyriyyə Fondu və Xankəndi icra hakimiyyəti yaradılmasına çalışacaq.
XS
SM
MD
LG