Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:00

Bəxtiyar Hacıyevin məhkəməsi davam edir


Bəxtiyar Hacıyevin məhkəməsi mayın 10-da davam edəcək
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00
Direct-ə keçid
Həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevin məhkəmə prosesinin günortadan sonra davam edən hissəsində müdafiə tərəfi qaldırdıqları vəsatətlərlə bağlı qərardadların, protokolların surətlərinin təqdim olunmasını istəyiblər. Məhkəmə həmin sənədləri təqdim etməkdən imtina edəndən sonra Bəxtiyar Hacıyev və vəkilləri prosesin növbəti hissəsində - dindirmələrdə və çıxışlarda iştirak etməkdən imtina elədiklərini bildiriblər. Onlar bildiriblər ki, bununla baş verən qanunsuzluqlara etiraz edirlər.

Bu haqda AzadlıqRadiosuna məhkəmə prosesində iştirak edən Bəxtiyar Hacıyevin Müdafiə Qrupunun rəhbəri, hüquqşünas İntiqam Əliyev məlumat verib.

Bu günkü məhkəmə prosesində Bəxtiyar Hacıyev və vəkilləri hakimdən məhkəmə prosesini yekunlaşdırmağı da xahiş ediblər.

Dövlət ittihamçısı isə məhkəmədən vaxt istəyib. Bildirib ki, sənədlər müdafiə tərəfinə təqdim olunmasa, prosesi yekunlaşdırmaq olmaz.

Məhkəmə prosesi mayın 10-da davam edəcək.

«ÖZÜMÜ 2 İLLİK HƏBSƏ HAZIRLAYIRAM»


Növbəti fasilə müddətində Bəxtiyarın zalda qalmasına vəkillərin tələbi ilə icazə verildi.

Üzünü jurnalistlərə tutan Bəxtiyar özünü 2 illik həbsə hazırladığını bildirdi. Bəxtiyar Cabbar Savalanlıya verilən cəzaya da münasibət bildirdi:

- Mənim məhkəmələrim sanki kukla teatrına oxşayır. Mən Azərbaycanın məhkəmə sisteminə güvənmirəm, tam ədalətsizdir. Cabbarın tutulması da təsdiqlədi ki, gəncləri çox incidirlər.

- Cabbara qarşı olan ədalətsizlik səni ruhdan salmır?

- Qətiyyən. Əksinə, bu həbslər xalqda gənclərə qarşı məhəbbəti artırır və gəncləri bərkidir.

MƏHKƏMƏ VƏSATƏTİ RƏDD ETDİ

Məhkəmədə müdafiə tərəfi bir qrup ziyalının, ictimai-siyasi fəalın ərizəsi əsasında B. Hacıyevin zaminə buraxılması barədə vəsatət verib. Hakim vəsatəti rədd edib.

Növbəti vəsatət məhkəmə prosesinin videolentə alınması ilə bağlı olub. Hakim yenə rədd cavabı verib.

Sonra müdafiə tərəfi qərarların və məhkəmə iclası protokolların sürətinin təqdim olunması barədə vəsatət qaldırıb.

Hakim bu vəsatəti də rədd etdikdən sonra müdafiə tərəfi etiraz olaraq hərbi komissarlıqdan olan şahidlərin dindirilməsində iştirak etməyəcəyini bildirib.

BƏXTİYAR: «HEÇ KİMİN VAXTINI ALMAQ LAZIM DEYİL, HÖKMÜ OXUSUNLAR»


Gənc fəal Bəxtiyar Hacıyevin işi üzrə məhkəmə prosesi mayın 5-də Gəncənin Nizami rayon Məhkəməsində davam edib.

Məhkəmənin qarşısını polislər və nəzarətçilər kəsib. Zalda çoxlu boş yerlər olsa da, B. Hacıyevin yaxınları, dostları və jurnalistlər içəri buraxılmayıb. Vəkillərin təkidli tələblərindən sonra onların bir hissəsini içəri buraxıblar.

Bu haqda AzadlıqRadiosuna məhkəmə prosesində iştirak edən B. Hacıyevin Müdafiə Qrupunun rəhbəri, hüquqşünas İntiqam Əliyev məlumat verib.

B. Hacıyevin vəkili Əlayif Həsənov deyib ki, ona təzyiqlər var. Onun həyat yoldaşını 15 il dərs dediyi məktəbdən işdən çıxarıblar, oğlunu isə təhsil aldığı müəssisədən uzaqlaşdırıblar.

B. Hacıyev isə bildirib ki, sifarişli hökm hazırdırsa, heç kimin vaxtını almaq lazım deyil, hökmü oxusunlar.

Müdafiə tərəfi bir qrup ictimai-siyasi fəalın ərizəsi əsasında B. Hacıyevin zaminliyə buraxılması barədə məhkəmə qarşısında vəsatət verib. Məhkəmə müşavirəyə yollanıb.

B. Hacıyev Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınma) maddəsi ilə ittiham olunur.

Martın 4-də Gəncənin Nizami rayon Məhkəməsi onun haqqında 1 aylıq həbs qətimkan tədbiri seçib. Sonradan məhkəmə həbs müddətini prosesin sonuna, yəni qeyri-müəyyən müddətədək uzadıb.
XS
SM
MD
LG