Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:57

Bəxtiyar Hacıyevin iddiası rədd edildi (VİDEO)


Bəxtiyar Hacıyevin iddiası rədd edildi
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00
Direct-ə keçid

Bəxtiyar Hacıyevin iyulun 20-də keçirilən məhkəməsi onun Respublika Prokurorluğundan verdiyi şikayətlə bağlı idi.

Həbsdə olan gənc fəal Bəxtiyar Hacıyev saxlandığı Şüvəlan İstintaq Təcridxanasından Səbail rayon məhkəməsinə Penitensiar Xidmət İdarəsinin maşınında, hüquq-mühafizə əməkdaşlarının nəzarəti altında əlləri qandallı gətirildi. Maşından düşürülən kimi məhkəmə binası qarşısına yığışmış tərəfdarları onu alqışlarla qarşıladılar.

Bəxtiyar Hacıyevin iyulun 20-də keçirilən məhkəməsi onun Respublika Prokurorluğundan verdiyi şikayətlə bağlı idi. O, bu ilin martında həbs olunarkən Gəncə şəhər polis idarəsi və saxlanma təcridxanasında zorakılığa məruz qalması ilə bağlı Respublika Prokurorluğuna müraciət etmişdi. Prokurorluq nümayəndələri isə Bəxtiyar Hacıyevin döyülməsini, təhqir olunmasını təsdiqləməmişdilər. Bundan sonra o, Respublika Prokurorluğunun araşdırmalarının nəticələrindən məhkəməyə müraciət etmişdi.

JURNALİSTLƏR VƏ YAXINLARI MƏHKƏMƏYƏ BURAXILMADI

Bəxtiyar Hacıyev zala daxil olsa da, nə media nümayəndələrinə, nə də yaxınlarına məhkəmədə iştirak etməyə icazə vermədilər. Təxminən yarım saatdan sonra məhkəmənin qapalı keçiriləcəyi haqqında söhbətlər dolaşmağa başladı. Bir az sonra nəzarətçilər Bəxtiyar Hacıyevin qardaşı Vüqar Hacıyevi içəri dəvət etdilər. Bir neçə dəqiqədən sonra içəridən çıxan Vüqar Hacıyev məhkəmənin qapalı keçirildiyini bildirdi:

«Məhkəmənin qapalı keçirilməsi Bəxtiyarın hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Burda gizli dövlət sirri, hər hansı əhəmiyyət kəsb edən xüsusi məsələ yox idi. Onsuz da məhkəmədən ədalətli qərar gözləmirik. Ola bilsin ki, bu gün məhkəmə yekunlaşın. Çünki hakimlər şifahi söhbətlərimizdən də bəlli oldu ki, onları məhkəməni qısa bir vaxtda yekunlaşdırmaq istəyirlər».

Qardaşı onu da bildirdi ki, Bəxtiyar Hacıyev məhkəmədə özü-özünü müdafiə edir. Məhkəmə onun prosesin açıq keçirilməsi ilə bağlı vəsatətini təmin etməyib.

Arxiv foto: Gəncədə Bəxtiyar Hacıyevin məhkəməsi

«MƏHKƏMƏ AÇIQ KEÇİRİLƏ BİLƏRDİ»

Günorta saat 1-də məhkəmə bir saatlıq fasilə elan etdi. Fasilə zamanı məhkəməyə sədrlik edən hakim Famil Nəsibovdan prosesin hansı səbəbdən qapalı keçirilməsi haqqında məlumat verməsini istəsək də, hakim heç bir cavab vermədi.

Hüquqşünas İntiqam Əliyev bildirir ki, məhkəmə açıq keçirilə bilərdi:

«Qanunvericiliyə görə proses qapalı ola bilər. Ancaq qanunun bu cür proseslərin qapalı keçirilməsi barədə müddəaları beynəlxalq konvensiyaya uyğun deyil. Çünki işgəncə, pis rəftarla bağlı baş verənlər ictimaiyyət üçün açıq olmalıdır».

Məhkəməyə gələnlər də prosesin açıq keçirilməsini istəyirdilər:

- Əslində Bəxtiyarın bu günkü məhkəməsinin qapalı olacağını gözləmirdik. Yaxşı olardı ki, açıq keçirilsin.

- Məhkəmənin açıq olması daha çox gəncin bunu müşahidə etməsi deməkdir.

- Açıq olsaydı daha yaxşı olardı, bunun məhkəməyə ziyanı olmazdı. Həm də məhkəmənin şəffaflığını göstərərdi.

Hüquqşünas İntiqam Əliyev
İDDİA TƏMİN OLUNMADI

Məhkəmə qurtarandan sonra binanın qarşısına yığışmış Çevik Polis Alayı əməkdaşları, məhkəmə nəzarətçiləri ilə Bəxtiyar Hacıyevin tərəfdarları arasında mübahisə oldu. Polis əməkdaşları binanın qarşısına yığışanları uzaqlaşdırmaq istəyirdilər, onlar isə Bəxtiyar Hacıyevə dəstəklərini göstərmək istəyirdilər. Onlar «Bəxtiyar, Bəxtiyar» deyə qışqırırdılar.

Sonda məhkəmə nəzarətçilərindən biri iddianın təmin olunmaması haqqında məlumat verdi.

Qardaşı Vüqar Hacıyevin verdiyi məlumata görə, Bəxtiyar Hacıyev bir neçə günə Qaradağ rayonunda yerləşən 14 saylı cəzaçəkmə müəssisəsinə göndəriləcək.
Hərbi xidmətdən yayınmaqda ittiham olunan gənc fəal Bəxtiyar Hacıyev Gəncə məhkəməsinin hökmü ilə bu ilin mayında 2 il azadlıqdan məhrum edilib. Müdafiə tərəfi ittihamı qəbul etmir, Bəxtiyar Hacıyevin həbsinin onun siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirir. Bəxtiyar Hacıyev ötən parlament seçkisində namizədliyini də vermişdi.
XS
SM
MD
LG