Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:48

Azər Tağıyev: «Vəkil sirri yaydığına görə kollegiyadan uzaqlaşdırılıb»


Azər Tağıyev
Azər Tağıyev
Avqustun 24-də Kollegiyanın Rəyasət Heyəti Xalid Bağırovun bir il müddətinə qurumdan uzaqlaşdırılması, vəkillik fəaliyyətinin dayandırılması haqqında qərar çıxarıb.

Xaliq Bağırov polislər tərəfindən öldürüldüyü iddia olunan Elvin Əsgərovun hüquqlarını müdafiə edir. Bakı şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov bir neçə ay əvvəl Vəkillər Kollegiyasına müraciət edərək Xalid Bağırovun polisə böhtan atdığını bildirib. Bu məsələnin araşdırılmasını istəyib.

Vəkil bu addımı təzyiq kimi dəyərləndirir.

«ÖZÜNÜ HAQLI SAYIRSA, MƏHKƏMƏYƏ MÜRACİƏT ETSİN»

Azər Tağıyevsə başqa fikirdədir:

- Yəni aldığı məlumatları, yayılması mümkün olmayan məlumatları yayıb. Həmin məlumatlar xidməti qaydada yayıla, səlahiyyətli orqanlara verilə bilər. Onun aldığı məlumatlar vəkillik sirri təşkil edir. Yoxlanmamış məlumatları KİV-də yaya bilməz. Bizdə belə təcrübə yaranıb ki, məhkəmə qaydasında həll oluna bilən şeyləri yayırıq. Bəzi vəkillər bunu edir. Bu isə yolverilməzdir.

- Həmin sirr Elvin Əsgərovun işiylə bağlıydı?

- Mən deyirəm ki, bizdə olan məlumatları yaya bilmərik.

- Vəkil iddia edir ki, onu Rafiq Abbasovun şikayətinə görə çıxarıblar.

- Rafiq Abbasov kimdir?

- Bakı şəhər Polis İdarəsinin rəisi.

- O bütün məsələləri məhkəmə qaydasında mübahisələndirə bilər. Qanun pozuntularına görə, bu qərar qəbul edilib. Özünü haqlı sayırsa, məhkəməyə müraciət etsin. O yenə də bizim məlumatları mətbuatda yaymaq istəyir...

Elvin Əsgərov
«VƏKİLLƏR KOLLEGİYASINA VƏKİL SİRRİNİN NƏ OLDUĞUNU SÜBUT EDƏCƏM»

Xalid Bağırovun Azər Tağıyevin dediklərinə ilk reaksiyası bu oldu: «Adamın gülməyi gəlir. Mən deyim?» Amma daha sonra Vəkillər Kollegiyasının qərarı ilə bağlı məhkəməyə müraciət edəcəyini söylədi.

«Mən çox təəssüf edirəm ki, Vəkillər Kollegiyasına vəkil sirrinin nə olduğunu sübut etməli olacam. Vəkil sirrini pozmamışam. Müştərinin verdiyi məxfi məlumatlar vəkil sirridir. Elvin Əsgərovun ailəsinə, onun anası Roza Rəfiyevaya müraciət edin, görün mən ondan aldığım hansı məxfi məlumatı yaymışam. Belə pozuntu varsa, niyə Roza Rəfiyeva özü müraciət etməyib?»

«YAZMAYACAQDILAR Kİ, SİYASİ İŞLƏRƏ ÇIXDIĞINIZA GÖRƏ, CƏZALANDIRIRIQ»

Xalid Bağırovun 35 yaşı var. Vəkilliklə 6 ildir məşğuldur. Dediyinə görə, altı ildə bu, onunla bağlı birinci iltizam müraciətiydi. Hətta xətası olsa belə, vəkil kimi ona xəbərdarlıq edilə, töhmət verilə bilərdi. Kollegiya isə ən sərt qərarı verir – bir illik qurumdan uzaqlaşdırılır. Vəkil qərarın sərtliyini siyasi işlərə çıxması ilə izah edir.
Xalid Bağırov keçmiş deputatlığa namizəd, hüquq müdafiəçisi Vidadi İsgəndərlinin də vəkilidir. İsgəndərli seçki pozuntularında təqsirləndirilir.

Xalid Bağırov
Xalid Bağırov:

«Görünən kəndə nə bələdçi. Elvin Əsgərovun işi də strateji işdir, polisin mənafeyinə toxunur. O biri işlər də dövlət orqanlarının maraqlarına toxunur. Bu qərar ümumiyyətlə, Xalid Bağırovun işinə verilən mükafatdır. Təbii ki, bir bəhanə tapacaqdılar. Yazmayacaqdılar ki, siyasi işlərə çıxdığınıza görə, sizi cəzalandırırıq. Bu şəkildə cəzalandırırlar».

Bu ilin əvvəlində Vəkillər Kollegiyası bir çox siyasi proseslərdə işə çıxmış vəkil Osman Kazımovun vəkillik fəaliyyətinin dayandırılması və qurumun üzvlüyündən çıxarılması barədə qərar qəbul edib. Ancaq məhkəmə gedən müddətdə Kollegiya qərarını geri götürmüşdü.

«BU, VƏKİLLİYİN MƏHVİNƏ APARIR»

Vəkil Aslan İsmayılov deyir ki, vəkillik fəaliyyətindən uzaqlaşdırılmaq üçün köklü əsaslar olmalıdır. Amma bu, görünmür. Əksinə bu gün başqa tendensiya var:

Aslan İsmayılov
«İstintaq orqanları cürbəcür təqdimatlarla fəal vəkillərin ya fəaliyyətlərini dayandırır, ya xaric edirlər. Bu başqa vəkillər, xüsusən gənc vəkillərə basqıdır. Yəni «çox danışsaz, sizi də uzaqlaşdırarıq» deməkdir. Bu gün Kollegiya istintaq orqanının bir köməkçisinə çevrilib. Bu, vəkilliyin məhvinə aparır. Onlarda daxili senzura yaradır».

Vəkillər Kollegiyasının sədri Azər Tağıyevsə vəkillərə təzyiq göstərilməsi fikriylə qətiyyən razılaşmır. «Kimdə sübut varsa, təqdim etsin» deməklə kifayətlənir.

SEÇKİ YOLU?

Aslan İsmayılov isə bu fikirdədir ki, baş verənlərə son qoymağın bircə yol var – Vəkillər Kollegiyasının rəhbərliyi seçkilərlə formalaşmalıdır.
XS
SM
MD
LG