Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 07:34

Naxçıvandakı ölüm hadisəsini hüquq müdafiəçiləri müzakirə edir


Foto: Arxiv
Foto: Arxiv
Naxçıvanın Təhlükəsizlik Nazirliyinə çağırıldıqdan sonra ailəsinə ölü vəziyyətdə qaytarılan Culfa rayon sakininin məsələsini yerli hüquq müdafiəçiləri müzakirə edirlər.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov deyir ki, Culfa rayonunun Ərəzin kənd sakini Turac Zeynalovun Naxçıvan MTN tərəfindən saxlanıldıqdan sonra ölməsi ilə bağlı Azərbaycan Milli Təhlükəsizlik nazirinə müraciət edəcək:

«ELDAR MAHMUDOVA MÜRACİƏT EDƏCƏM»

«Fakt odur ki, insan evində, qohum əqrəbasının evində yox, güc strukturlarının birinin idarəsində dünyasını dəyişib. Ailə üzvləri də bildirirlər ki, ona qarşı qeyri-insani rəftar olub. Belə bir iddiada bulunurlar. Buna bəraət qazandırmaq olmaz. Bizim komitə öz tərəfindən məsələni araşdıracaq. Amma tezliklə mən həmçinin məsələnin araşdırılması üçün Milli Təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edəcəm».

Elçin Behbudov deyir ki, hətta mərhumun ailəsi tərəfindən müraciət olunmasa belə, İşgəncələrə Qarşı Azərbaycan Komitəsi belə faktların araşdırılıb həqiqətin üzə çıxarılmasına çalışacaq.

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı isə hesab edir ki, bu fakt ictimaiyyətin müzakirəsinə verilməli, günahkarlar istintaqa cəlb edilməlidirlər. Lazım gəlsə, məsələyə beynəlxalq instansiyaların qiymət verməsinə çalışacaqlar.

Turac Zeynalovun yaxınlarının «Turan»a dediyinə görə, onun bədənində göy ləkələr, qançır izləri olub. Başı eybəcər hala salınıb. Ailə ölümün səbəbləri ilə bağlı
Səidə Qocamanlı
heç bir sənəd, tibbi rəy almayıb. Zeynalovların hakimiyyətə müraciətləri cavabsız qalıb. Atasının dediyinə görə, ona oğlunun vətən xaini olduğunu deyiblər.

NAXÇIVAN MTN-NİN MƏLUMATI?

Avqustun 24-də Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinə çağırıldıqdan sonra döyülərək öldürüldüyü bildirilən Turac Zeynalovla bağlı rəsmi qurumların mövqeyini ala bilmədik. Bayram günləri olduğu üçün avqustun 29-da və 30-da Azərbaycan MTN-dən, eləcə də Naxçıvanın Bakıdakı nümayəndəliyindən telefon zənglərimizə cavab verən olmadı.

Yerli KİV-ə daxil olan və Naxçıvan MTN-dən göndərildiyi bildirilən məlumatda isə deyilir ki, Turac Zeynalov avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb. Avqustun 26-da isə Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə (Dövlətə xəyanət) istintaqa cəlb olunub və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Məlumatda Zeynalovun Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasına göndərildiyi qeyd olunur:

«Cinayət işinin istintaqı zamanı müəyyən olunub ki, T.Zeynalov xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə NMR-də yerləşən hərbi hissələr, iqtisadi və strateji dövlət obyektlərinin və digər əhəmiyyətli məntəqələr barədə məlumatlar toplayaraq onlara verib. Eyni zamanda, T.Zeynalov muxtar respublikadakı su hövzələri, onların mühafizə rejimlərinin müəyyən edilməsi, su hövzələrinə zəhərli maddələrin atılmasının mümkünlüyü, gələcəkdə bu yolla muxtar respublika ərazisində epidemiya və xəstəliklərin yayılması, ölkəmizin bu yolla qonşu dövlətlərdən asılı vəziyyətə salınması barədə tapşırıqlar alıb».

XƏRÇƏNG ŞİŞLƏRİNİN MƏSƏLƏYƏ NƏ DƏXLİ?

Foto: Arxiv
Məlumatda daha sonra qeyd olunur ki, avqustun 28-də T.Zeynalov Penitensiar Xidmətin İstintaq Təcridxanasından MTN-ə gətirilərkən yolda səhhəti pisləşib. Təcili tibbi yardım həkimlərinin yardımlarına baxmayaraq, o, vəfat edib. T.Zeynalovun meyiti müayinə üçün Naxçıvan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib. Baş vermiş hadisə barədə T.Zeynalovun valideynlərinə dərhal məlumat verilib.

Naxçıvan MTN-dən göndərildiyi bildirilən məlumatda həmçinin iddia olunur ki, T.Zeynalov istintaqa verdiyi ifadələrində dəri xərçəngi xəstəliyindən əziyyət çəkdiyini bildirib. Guya onun bel, boyun, sinə, qarın nahiyələrində xərçəng şişləri olub, bu şişlər Bakı şəhərində və xarici ölkələrdən birindəki xəstəxanalarda şüa verilərək yandırılıb.

Culfa rayonunun Ərəzin kəndinin adının çəkilməsini istəməyən sakinləri isə AzadlıqRadiosuna deyiblər ki, mərhumda xərçəng xəstəliyi olmayıb.

«KƏNDƏ GEDƏ BİLMİRİK»

AzadlıqRadiosu hələlik bu məlumatın həqiqətən də Naxçıvan MTN-dən göndərildiyini təsdiqlədə bilməyib. Bununla bağlı əlaqə yarada bildiyimiz Naxçıvanın bəzi rəsmi strukturlarının təmsilçiləri bizə muxtar respublikanın Bakıdakı nümayəndəliyinə müraciət etməyi məsləhət gördülər. Nümayəndəlikdə isə iş günü olmadığı üçün telefona cavab verən yoxdur.

Mərhumun atası və qardaşı ilə də əlaqə yarada bilmədik.

RATİ-nin Naxçıvandakı müxbiri Elman Abbasov isə ümid edir ki, yas mərasimi yekunlaşandan sonra mərhumun ailəsi ilə danışmaq mümkün olacaq:

«Kəndə gedə bilmirik. Biz gedən kimi gərginlik yaranır orada. Kimdən də soruşuruq cavab verməyə qorxur. Danışmaq istəmirlər».
XS
SM
MD
LG