Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:58

Əttökən ət qiymətləri


Əttökən ət qiymətləri
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

Kənd Təsərrüfatı Naziri deyir ki, ətin qiyməti süni qaldırılıb. İqtisadi İnkişaf Nazirliyi isə bildirir ki, araşdırmalar zamanı süni artım halları aşakar edilməyib.

«QALIR SOYUDUCUDA İTƏ, PİŞİYƏ VERİRİK»

«Təzə bazar»da günün günorta çağı ət satıcıları bekarçılıqdan qəzet oxuyur, bir-biri ilə söhbətləşməklə vaxtlarını keçirirlər. Elə ki, bazara bir alıcı gəlir satıcılar başlayır müştərini onların dili ilə desək ovlamaq üçün şirin dilə. Satıcılar deyir ki, ət bazarında alver ölüb. 30 ildir ət satışı ilə məşğul olan Mehdi Mehdiyevin sözlərin görə bunun səbəbi ətin qiymətinin baha olmasıdır:

«Biz məcburuq ucuz alanda ucuz, baha alanda baha sataq. Hardadır ucuz mal, hər yerdə qiymətlər bahadır. 30 ildir bu bazardayam, günü-gündən çətinləşir. Əgər ucuzluq olsa heç olmasa alver olar. Bu mal heç yarısını sata bilmirik, qalır soyuducuda itə, pişikə veririk».

İKİ İL ƏVVƏLLƏ MÜQAYİSƏ...

Satıcılar maya dəyəri baha başa gəldiyindən əti baha satmağa məcbur olduqlarını deyirlər. Qəssab Rasim Xəlilov deyir ki, ucuz olsun deyə özü gedib rayondan diri qoyun alır. Amma yenə də ətin bir kilosunun maya dəyəri təxminən 8 manat 50 qəpiyə başa gəlir. Bazarda isə quzu əti 9 manata satılır:

Rasim Xəlilov

«Hələ bir də görürsünüz ki, maya dəyəri 9,5-10 manata düşür. Alıcı yoxdur deyə məcbur olub, 9 manatdan satırıq. İki il əvvəl ət 6,5-7 manat idi, indi olub 9 manat. Alıcı qabiliyyəti aşağı düşüb».

20 ilə yaxındır ət satışı ilə məşğul olan Zeynəb Məmmədova isə deyir ki, son 10 ildə ətin qiyməti 15 dəfə dəyişib:

«Ətin satışı qənaətbəxş deyil. Çünki məhsulu çox baha alırıq, sata bilmirik. İnək, qoyun, quzu ətinin qiyməti 10 ildə bəlkə 15 dəfə dəyişib. Məsələn, bir 10-15 il əvvəl ətin kilosu 2-3 manat idisə, indi 6-10 manatdır. Bu da kasıb camaatın alıcılıq qabiliyyətini aşağı salıb. İmkanı olanlar gedib bu qiymətə əti alırlar. Amma o qədər imkansız adamlar var ki, 7-8 manatlıq ət ala bilmirlər, 2-3 manata kəllə əti alırlar».

«AYA BİR-İKİ KİLO ƏT ALSAQ ŞÜKÜR EDİRİK»

Alıcı Xalidə Musayeva
Ət bazarında olduğumuz təxminən bir saat ərzində bir-iki alıcı gözümüzə dəydi. Alıcı Xalidə Musayeva əvvəl bir neçə yerdən ətin qiymətini soruşsa da sonda ciyər və bağarsaq aldı:


«Əvvəllər ət ucuz idi, qiymətlər münasib idi. Kabab edirdik, sous bişirirdik. İndi bir iki ət yeməyi bişiririk, vəssalam. İndi qiymətlər çox bahadır, aya bir-iki kilo ət alsaq şükür edirik».

«SÜNİ QİYMƏT ARTIRANLAR CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB OLUNMALIDIR»

Bu günlərdə Kənd Təsərrüfatı Naziri İsmət Abbasov ətin qiymətinin süni şəkildə artırılması ilə bağlı açıqlama vermişdi:

«Azərbaycanda 2011-ci ilin ilk 8 ayı ərzində heyvandarlıqda 4,2 faiz artım olub. Belə olan halda bu qiymət artımından ola bilməz. Bu suni qiymət artımıdır. Və qiymətləri süni artıranlar isə cinayət məsuliyyətinə cəlb olunmalıdır».

Ət bazarı

Satıcılar isə qiymətlərin artmasının müxtəlif səbəblərlə izah edirlər.

GÖMRÜK RÜSUMU...

«Ətin qiyməti süni qaldırılmır. Bu təbii artımdır. Başqa ölkələrdən də ət gətirmək çox çətindir. Azərbaycanda təkcə ətin qiyməti artmayıb ki?! Bütün məhsullar bahalaşıb».

«Gürcüstandan ət gətirəndə bir heyvana 55 dollar gömrük rüsumu alırlar. Əgər bu rüsumu ləğv etsələr ətin qiyməti olar 6,5-7 manat».

«Hər bir artımın kökündə səbəb var. Bu süni artım ola bilməz. Elə adicə evdə bir toyuq saxlayanda onun yemini çatdırıb almaq mümkün olmur».

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı monitorinqlər zamanı ətin qiymətində süni artım halları qeydə alınmayıb. İqtisadi İnkişaf Nazirliyinin məlumatında göstərilir ki, aparılan araşdırmalar zamanı ətin qiymətindəki artım yem və yem komponentlərinin qiymətinin artması ilə bağlıdır. Bundan başqa mal-qaranın idxal olunduğu qonşu ölkələrdə də ətin bahalaşması da qiymət artımına səbəb kimi göstərilir.

«Dövlət, hökumət sturukturlarının bahalaşmaya dair açıqlamaları məni həmişə təəccübləndirir».

NORMAL HÖKUMƏTİN VƏZİFƏLƏRİ...

Bunu isə iqtisadçı ekspert Natiq Cəfərli deyir. Onun deməsinə görə, hökumət sturukturlarının işi azad bazar iqtisadiyyatına maneçilik törədən halları aradan qaldırmaq olmalıdır:

Natiq Cəfərli

«Amma Kənd Təsərrüfatı nazirinin çıxıb deməsi ki, qiymətlər sünü artırılır, bu azad bazar iqtisadiyyatı qanunlarına ziddir. Ət Azərbaycanda inhisarda olmayan az sahələrdən biridir. Hökumət yetkililəri belə bir səs-küylü bəyanatlar yaymaqla bu sahəni də hansısa məmurun inhisarına vermək istəyirlərsə bu başqa məsələ. Amma normalda hökumətin birinci vəzifəsi çıxıb bəyanatlar vermək yox, bazarda azad rəqabətli mühit yaratmaqdır. Kəndçiyə, fermərlərə maneçilik törətməməli, onların işinin asanlaşdırılması üçün kreditlər, subsidiyalar ayırmalıdır».

Bir neçə ay bundan əvvəl Bakıda ət və ət məhsullarının satışı ilə məşğul olan 50-yə yaxın qəssab Prezident Aparatına qiymətlərin aşağı salınması ilə bağlı müraciət etmişdi.

Qəssablar qiymət artımının qarşısının alınması yollarını da təklif edirdilər.

Bu təkliflərdə möhtəkirliklə mübarizə və azad rəqabət mühütünün yaradılmasından bəhs edilirdi.

Ancaq 3 ay keçsə də qəssablara heç bir cavab verilməyib.

XS
SM
MD
LG