Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:01

«Meyvəli bazar»dan reportaj


Meyvə-tərəvəz bazarından reportaj
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00
Direct-ə keçid

Bakının girəcəyindəki topdansatış meyvə-tərəvəz bazarında satıcılar alıcı qıtlığından giley edirlər.

«Meyvəli bazar»da meyvə bol, satıcı çox, alıcı seyrək, qiymətlər də müxtəlif»

Qaradağ rayonunun Lökbatan qəsəbəsində «Meyvəli bazar» deyilən topdansatış mərkəzində bu sözləri az qala bütün satıcılardan eşitmək olar. Yeni il yaxınlaşdıqca alıcıların çoxalacağını düşünən satıcılar hələ ümidlidirlər ki, ilsonu alverləri nisbətən canlanacaq.

Bu topdansatış mərkəzində qiymətlər digər satış mərkəzlərindəki qiymətlərdən müəyyən qədər fərqlidir. Satıcılar bu fərqin 15-30, bəzən 40 qəpikdən çox olmadığını deyirlər.
Zülfüqar Məmmədov:

- Kartof 40 qəpik, 50qəpik, 60 qəpik. Kartof Gədəbəydən, İrandan, Türkiyədən, Rusiyadan gətirilir.

- Sizin qiymətlərlə şəhərdəki qiymətlər arasında nə qədər fərq var?

- 15, 20 və bəzən 30 qəpik fərq var. Biz ucuz satırıq. Soğanın da kilosu 12-15 qəpiyə düşür.

«AZƏRİ ARKADAŞLARIMIZ KARTOF YEYİRLƏR»

Topdansatış mərkəzindəki terminalların əksəriyyəti kartof-soğanla doludur. Bundan başqa mərkəzdə kartof yüklənmiş onlarla Türkiyə, İran və Rusiyadan gəlmiş iritutumlu yük maşınları dayanmaqdadır. İllərdir Azərbaycana kartof daşıdığını deyən türkiyəli sürücü Azərbaycanda bu məhsula tələbatın çox olduğunu deyir:

«Azərbaycana çox kartof gətiririk. Gürcüstana, Rusiyaya bu qədər aparmırıq. Azəri arkadaşlarımız çox kartof yeyirlər. Ucuz olduğu üçün deyil, sadəcə kartofu sevirlər. Türkiyədə bu qədər yeyilmir».

Topdansatış mərkəzindəki terminalların əksəriyyəti kartof-soğanla doludur
Topdansatış mərkəzindəki terminalların əksəriyyəti kartof-soğanla doludur
«Meyvəli bazar»da Türkiyədən gətirilən kartofun topdansatış qiyməti 48, İrandan gətirilən kartofun qiyməti isə 44 qəpikdir. Satıcıların dediyinə görə, onlar həmin kartofu 2-3, bəzən 5 qəpik bahasına satırlar.

«Meyvəli bazar» da ən ucuz məhsul soğan və balqabaqdır. Soğan 12-15, balqabaq isə 11-12 qəpikdir. Satıcıların dediyinə görə, hər iki məhsul çox olsa da alıcısı yoxdur. Satıcılar soğanın 36-37 kiloluq bir kisəsini 4 manata güclə satdıqlarını deyirlər. Bölgələrdən soğanın 1 kiloqramını 8-9 qəpiyə alsalar da satıcılar bu məhsuldan heç cür qazanc əldə edə bilmədiklərini, hərdən də ziyana düşdüklərini bildirirlər.

TÜRKİYƏDƏ KARTOF 10, İRANDA İSƏ 15 QƏPİK

Satıcılara görə, Türkiyə, Rusiya və İrandan gətirilən kartofun topdansatış mərkəzində kilosunun 50-55 qəpiyə satılmasını normal qarşılanmalıdır. Mal sahiblərinin dediyinə görə, onlar Türkiyədən gətirdikləri 22-25 tonluq bir yük maşınına görə 3 min dollardan artıq, İrandan gətirilən yükə görə isə 1100-1200 dollar yol pulu ödəyirlər. Sürücülər Türkiyədə kartofun 10, İranda isə 15 qəpik olduğunu deyirlər.

XARİCDƏN GƏTİRİLƏN MEYVƏLƏR YENİDƏN BAHALAŞIB

«Meyvəli bazar» da ən ucuz məhsul soğan və balqabaqdır
«Meyvəli bazar» da ən ucuz məhsul soğan və balqabaqdır
Ucuz kartof-soğan və balqabaqla müqayisədə topdansatış mərkəzində xarici ölkələrdən gətirilən meyvələrin qiyməti bahalaşıb. Satıcılar son bahalaşmanın bir-neçə gün əvvəl baş verdiyini deyirlər:

«Bax, 5 gün əvvəl 8 kiloluq «apelsin»in bir qutusunun topdansatış qiyməti 12 manat idisə indi 15 manatdır, armudun bir qutusu 18 manat idi, indi 25 manata qalxıb. Üzüm əvvəl 2 manat 20 qəpik idi, indi 3.40-a qalxıb. Bundan başqa ananasın 1 dənəsi 2 manat 50 qəpik idi, indi 3.80 olub, alma, banan hələki əvvəlki qiymətdə qalıb».

Ara-sıra rastlaşdığımız alıcılar isə topdansatış mərkəzindəki qiymətlərlə digər yerlərdəki qiymətlər arasında ciddi fərq olmadığı qənaətindədirlər. Deyirlər, fərq varsa da bu elə də ciddi fərq deyil:

Sumqayıt sakini İsmayıl Məmmədov:

«Elə bir fərq yoxdur, demək olar ki, eyni şeydir».

YERLİ MƏHSUL QIT, XARİCDƏN GƏLƏN MƏHSULSA BAHA

Topdansatış mərkəzində bəzi yerli meyvə-tərəvəz məhsulları da ucuz deyil. Satıcılar yerli məhsulların baha olmasını məhsul qıtlığı, xaricdən gələn məhsulların bahalığını isə birbaşa gömrüklə əlaqələndirilər:

Satıcı Nadir Qasımov:

«Bahalığın səbəbi gömrükdür. Xaricdən gətirilən yeyinti məhsullarına gömrük qiyməti aşağı salınmalıdır ki, 80 manat pensiya alan adam dolana bilsin. Baxın görün bir alıcı görürsünüzmü, hamısı satıcılardır».

Satıcılar xaricdən gətirilən malların bahalığını həm də bu sahənin məmur monopoliyasında olması ilə əsaslandırılar.

MEYVƏLİ BAZARDA «MEYVƏLİ SİYASİ» SÖHBƏTLƏR

«Meyvəli bazar»
«Meyvəli bazar»
Saatlarla müştəri gözlədiklərini deyən satıcılar alverin gün-gündən zəifləməsini həm də insanların maddi vəziyyətinin pisləşməsi ilə əlaqələndirirlər:

- Tribunalardan çıxıb deyirlər ki, ölkədə 9 faiz yoxsul var, qalan hamı yaxşı yaşayır, nə bilim 10 manat pensiya qaldırdıq. 80 manatdan 90 manata qalxan pensiya ilə necə yaşaya bilərsən? Ayda 20 manat qaz pulu, 15 manat işıq pulu gəlir. Pensiya heç kommunal xərcləri ödəmir. Nə yeyib, nə yaşayasan.

-Siz gedin bir aran rayonlarına baxın, camaat aclıq çəkir. Deyirlər yoxsul əhalinin sayı 9 faizdir. Amma reallıqda 9 yox, 90 faiz yoxsulluq həddində yaşayır.

Lökbatandakı «Meyvəli bazar» adlandırılan topdansatış mərkəzi iki ildir fəaliyyət göstərir. Banandan başqa xaricdən Azərbaycana gətirilən bütün sitrus meyvələri bu bazara gətirilir.
XS
SM
MD
LG