Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:41

Mülkiyyət hüququnu müdafiə edən vəkil həbs olunub


Bayraq meydanı yaxınlığındakı Aqil Quliyev 4A ünvanında yaşayış binası məcburən sökülür
Bayraq meydanı yaxınlığındakı Aqil Quliyev 4A ünvanında yaşayış binası məcburən sökülür
«Yoldaşım həbsdədir, heç bir məlumatımız yoxdur ki, haradadır, necədir? Əlaqəmiz yoxdur. Qabaqcadan planlaşdırılmış bir iş idi. Axşam-axşam məhkəmə qərarı da oxundu, 3 ay həbs verildi».

Azadlıqradiosuna danışan hazırda həbsdə olan hüquqşünas Bəxtiyar Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadır. Bəxtiyar Məmmədov dekabrın 30-də həbs edilib. Ailə üzvüləri Bəxtiyar Məmmadovun məhkəməsində iştirak edə bilməsə də, bu barədə sonradan onun dövlət tərəfindən təyin olunan vəkili - Mehman Əliyevdən məlumat alıblar. Bəxtiyar Məmmədov bayraq meydanında bir vaxtlar Hərbi Dəniz Qüvvələrinə aidiyyatı olan xidməti evlərdən köçürülən 3 ailənin mülkiyyət hüquqlarını müdafiə edirdi.

Bayraq meydanı yaxınlığındakı Aqil Quliyev 4A ünvanında yaşayış binası məcburən sökülür. Burada yaşayan 25 ailə onlara verilən 10 min manat məbləğində kompensasiya ilə razılaşaraq mənzillərindən çıxıblar. 3 ailə isə bu məbləğlə qane olmur, mülkiyyət hüquqlarının pozulduğunu iddia edirlər. Narazıların dediyinə görə, Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi onları evlərindən çıxmadıqlarına görə məhkəməyə də verib. Onlar isə hüquqlarının müdafiəsi üçün Bəxtiyar Məmmədova üz tutublar. Şikayətçilərdən biri – Ramiz Quliyevin dediyinə görə, 5 aydır ki, Bəxtiyar Məmmədov onların adından əksər rəsmi qurumlara müraciət edib:

«5 aydır ki, bizim burada qalmağımızın səbəbkarı Bəxtiyar Məmmədovdur. Onun yazılarına, arxamızda dayandığına görə bizi buradan çıxara bilməyiblər. Yəni onların işinə mane olan adam Bəxtiyar Məmmədovdur, onu da saldılar içəri ki, məhkəmədə iştirak edə bilməsin».

VƏKİLİ HƏDƏ-QORXU İLƏ PUL TƏLƏB ETMƏKDƏ İTTİHAM EDİRLƏR

Bəxtiyar Məmmədov külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə qorxu gəlməkdə ittiham olunur. Başqa sözlə onu Hərbi Dəniz Qüvvələrinin rəhbərliyindən hədə-qorxu ilə pul tələb etməkdə günahlandırırlar. Haqqında 3 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. Həyat yoldaşı Mehriban Məmmədovanın dediyinə görə, bundan öncə ərini sözügedən ailələrin hüquqlarının müdafiəsindən yayındırmaq üçün bir neçə dəfə hədələyiblər:

Zöhrab İsmayıl
Zöhrab İsmayıl
«Çox olub ki, hədə-qorxu gəliblər ki, geri çəkil, yazma, niyə mətbuata müraciət edirsən».

«İTTİHAM QONDARMADIR»

Vətəndaşların mülkiyyət hüquqlarının müdafiəsi ilə məşğul olan iqtisadçı Zöhrab İsmayıl da hesab edir ki, Bəxtiyar Məmmədov qondarma ittihamla həbs olunub. Zöhrab İsmayılın fikrincə, əsas səbəb onun mətbuatda dəfələrlə səsləndirdiyi tənqidi fikirlər və hüquq müstəvisində apardığı mübarizədir:

«Hüquqşünas bu məsələdə korrupsiya faktının olduğunu dəfələrlə mətbuatda yazıb. Eyni zamanda vətəndaşların adından dövlət qurumlarına xeyli şikayətlər edib. Hüquq müdafiəçisi kimi biz fikirləşirik ki, onun həbsinin səbəbi bütün bunlarla bağlıdır».

İş günü olmadığından qarşı tərəflə - Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi və Səbael Rayon Məhkəməsi ilə danışmaq cəhdlərimiz alınmadı. Səbail Polis İdarəsindən isə Bəxtiyar Məmmədovun dekabrın 30-da idarəyə çağrılması və həbs olunması barədə məlumatı nə inkar, nə də təsdiq etdilər. Bəxtiyar Məmmədov haqqında ittiham təsdiqlənərsə onu şəxsi əmlakı müsadirə olunmaqla 10 ildən 15 ilədək həbs cəzası gözləyir.
XS
SM
MD
LG