Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:54

Telman adına kənddə Ernest Telmanı tanımadılar


Odun bir aya çatmır
Odun bir aya çatmır
Astara rayonun Telman kəndinin girəcəyində iş axtaran insanlarla qarşılaşıram. Onlardan biri ilə ayaqüstü tanış oluram. Özünü Maqsud Məlikov kimi təqdim edir. Ondan «Qazancınız tələbatınızı ödəyirmi?» soruşuram:

«Çatmır. İşlədiyim vaxtlarda günə 10 manat qazanıram. 10 manat hara çatır ki?»

Maqsud Məlikovun 4 nəfərlik ailəsində təkcə o, işləyir. Mal-qarası yoxdur:

«Mən dərdimi tutaq ki, dedim. Dərdimə kim şərik olar ki? Mənə 20 manat versin ki, bir kisə un alım və ya qənd alım. Torpağım var. Torpağı əkmək üçün gərək texnika ola. Əl ilə nə edim?»

Bu kənddə elələri var ki, demələrinə görə, vəziyyətləri Maqsud Məlikovun vəziyyətindən də pisdir. Maqsud Məlikovun həftədə heç olmasa 1-2 gün işi olur. Kənd sakinləri deyir ki, cavanların çoxu işsizdir. Torpaq da əkilmir. Çünki əkin xərcini ödəmir.

Adının çəkilməsini istəməyən bir kənd sakini deyir ki, iş olmadığına görə də kəndin cavanları Rusiyaya gediblər:

ODUNUN BİR MAŞINI 240 MANATDIR...

«Mal-qara yoxdur. Bizim tərəfdə Rusiyada işləyənlər çoxdur. Rusiya da həmin şeydir, vəziyyət lap pisdir. Odun alırıq. Bir maşına 240 manat veririk. Yollar da belə. Kəndə baxmırlar».

Şahnaz Nəsirova
Şahnaz Nəsirova
Bu kənd ötən əsrin əvvəllərində yaşamış Alman Kommunist Partiyasının lideri Ernest Telmanın adını daşıyır. Kəndin adı hələ də dəyişməyib. Lakin burda Ernest Telmanın kim olduğunu bilmirlər. Kəndin əvvəlki adı isə Düzdəmeşə olub. Telman kəndi rayon mərkəzindən 20-22 kilometr uzaqda, Bakı-Astara yolunun yaxınlığında yerləşir. Kəndin yolları bərbad haldadır. Əsas qaz xətti də kəndin ərazisindən keçir. Lakin Telman kəndi sovetlər dövründə olduğu kimi, indi də qazsızdır. Sakinlər əsasən odundan istifadə edirlər.

Kəndin ara yolu ilə hərəkət edirik. Həyətlərin birində təndirdə çörək bişirildiyini gördük. Çörək bişirən ev sahibəsi Şahnaz Nəsirova deyir ki, kənddə təndirsiz ev yoxdur. Təndirdən əsasən kasıb ailələr istifadə edir. Yanacağa qənaət olunur. «Nə üçün hazır çörək almırsınız» sualına Şahnaz Nəsirovanın cavabı belə oldu:

«HƏMİŞƏ TƏNDİR ÇÖRƏYİ BİŞİRİRİK»

«Sərf etmir bizə, pul çox gedir. Belədə yaxşı olur, həyətdə odun olur. Həmişə təndir çörəyi bişiririk. Qonşular da təndirdə bişirirlər. İndi təndirdə çörək azdır. Uşaqlar Rusiyadadır. İşləyirlər orda. Burda vəziyyət pisdir. Dolanmaq olmur».

Kənd yolunda mal-qara gözə dəyir. Sakinlər deyir ki, örüş yeri olmadığına görə mal-qara kəndin içində gəzir.

Rəhman Həsənov
Rəhman Həsənov
KƏNDDƏ DANIŞMAQ QORXUSU...

Sakinlərin bəziləri danışmağa ehtiyat edirlər. Adının çəkilməsini istəməyən ortayaşlı bir kənd sakini «Bizi şərə salmayın» deyərək yoluna davam etdi. Digəri isə «Gəlib evimdən apararlar, heç camaatın xəbəri olmaz» deyir.

Kənddə yeni tikililərə də rast gəlmək olur. Öyrəndik ki, yeni evlər Rusiyada işləyən Telman kənd sakinlərinə məxsusdur. Kəndin 80 yaşlı sakini Rəhman Nəsirov deyir ki, sovetlər dövründə də burada yaşayış o qədər də yaxşı olmayıb:

«İndi paltar var, şirniyyat çoxdur. Biz balaca olanda, un olmazdı, çəltik əkərdik, çəltiklə dolanardıq. Paltar olmazdı, sabun olmazdı».

Qoca deyir ki, indinin də öz çətinlikləri var:

«SOVET DÖVRÜNDƏ DƏ ODUN PEÇİ VAR İDİ, İNDİ DƏ...»

«Böyük həkimimiz yoxdur. Bizdə ağsaqqal, ziyalı yoxdur. Keçmişdə ziyalı yox idi, ağsaqqal var idi. Bu kəndi yol üstə qoyardılar. Biri xəstə oldu, mən kimi tapım? Bu qapıya, o qapıya gedirsən ki, aparsın onun dişini çəkdirsin. Sovet dövründə də odun peçi var idi, indi də var. Əzab çəkirik. Odun yoxdur.
Telman kəndi
Telman kəndi
İndi gedim dağa odun gətirim? Sovet dövründə meşə var idi, kəndimiz meşə içində idi. Buldozerlə xaraba elədilər. Bir dənə qaldı çay. Adamlardan pul yığdılar ki, kəndə qaz çəkəcəklər, çəkmədilər».

Kəndə orta məktəb, tibb məntəqəsi fəaliyyət göstərir. İki mağaza da var. Çox kəndlərdə olduğu kimi, bu mağazalarda da nisyə dəftərləri gördük. Satıcılar pullarını toplamaq üçün pensiyaların verilməsini gözləyirlər.

«BU İL QAZ OLMALIDIR»

Telman kəndi Pensər ərazi nümayəndəliyinə daxildir. Pensər icra nümayəndəsi Rəqibə Fərzəliyeva deyir ki, Telman kəndinə qazın çəkilişi planlaşdırılıb:

«Əraziyə daxil olan kəndlər qazlaşdırılıb, bir Telman kəndi qalıb. Orda sovet dövründən qaz olmayıb. İndi ora qaz xətti çəkiləcək. Kəndlərin qazlaşdırılması 2012-2013-cü ilə qədər nəzərdə tutulub. Bu il qazlaşdırılmalıdır».
XS
SM
MD
LG