Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:09

Etibarnamə ilə maşın sürənlərin işi yüngülləşdi


Kamran Əliyev
Kamran Əliyev
Artıq etibarnamə ilə avtomobil idarə edən sürücülərin maşının texniki şəhadətnaməsinə «qeydiyyat» nişanını vurdurmasına ehtiyac yoxdur.

Bunu AzadlıqRadiosuna Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kamran Əliyev deyib:

«Ötən ilin dekabrın 26-na qədər maşını etibarnamə ilə idarə etmək zərurəti yarananda, mütləq 10 gün ərzində «texniki şəhadətnamə»yə «qeydiyyat» möhürü vurulmalı idi. Artıq buna ehtiyac yoxdur. Notariusda etibarnamə verilən gün qurum özü 1 gün ərzində Ədliyyə Nazirliyinə hansı maşına etibarnamə verildiyi haqda məlumat ötürür. Nazirlik də öz növbəsində bu məlumatı Dövlət Yol Polisi İdarəsinə göndərir. Artıq sürücünün birbaşa iştirakı olmadan onun idarə etdiyi maşınla bağlı məlumat uzağı 4 gün müddətinə bizim bazamıza yerləşir».

K.Əliyev deyir ki, yol-hərəkəti pozuntusu olduqda, bu barədə etibarnaməni sonuncu alan şəxsə məlumat verilir:

«Məsələn, maşın yüksək sürətlə radara düşüb. Cərimənin ödənilməsi üçün etibarnamənin sonuncu verildiyi sürücünün ünvanına qəbz göndərilir. Ola bilsin ki, radara düşən zaman maşını sonuncu etibarnamə alan şəxs yox, sahibi və ya başqa etibarnaməsi olan adamlardan biri idarə edib. Onda bu hal araşdırılır və cəriməni yol-hərəkəti pozuntusuna yol verən şəxs ödəyir».

İndiyə kimi etibarnamə aldıqdan sonra 10 gün ərzində maşını qeydiyyata saldırmayan fiziki şəxslər 30, vəzifəli şəxslər isə 40-70 manat cərimə ödəməli idi. Bundan əlavə, texniki şəhadətnaməyə «qeydiyyat» nişanının vurulması üçün də dövlət rüsumu ödənilirdi.
XS
SM
MD
LG