Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:11

Vəfa Quluzadə: «Bəlkə bu hadisələrin gedişində yeni Azərbaycan dövləti yarandı»


Vəfa Quluzadə (Foto: Samirə Nəcəf)
Vəfa Quluzadə (Foto: Samirə Nəcəf)
Son vaxtlar İran ətrafında gərginliklər getdikcə daha da artır. Əgər əvvəllər İrana qarşı sanksiyalardan danışılırdısa, indi bu ölkəyə zərbə endiriləcəyi barədə bəyanatlar diqqəti çəkir. Politoloq Vəfa Quluzadə ilə bu barədə söhbətimizi sizə təqdim edirik.

- Vəfa müəllim, son həftələr İrana zərbə vurulacağına dair məlumatlar həddən çoxdur. Sizcə bu bəyanatlara əsas var, ya onlar əsassız informasiyalar kimi qəbul edilməlidir?

«İRAN AVTORİTAR YOX, TOTALİTAR BİR DÖVLƏTDİR»

- Əsas odur ki, İran öz nüvə proqramını çox uğurla həyata keçirir. ABŞ, Qərb ölkələri, İsrail olduqca qətiyyətlə bildiriblər ki, İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik. İranın da ambisiyaları məlumdur. Yaxın Şərqdə aparıcı rol oynamaq istəyir. ABŞ və digərləri ilə rəqabət aparmaq istəyir. Əgər İran nüvə silahına istinad etsə, bu rəqabət onun xeyrinə həll olunacaq. Qərb də ona bu imkanı o səbəbə vermək istəmir ki, İran demokratik dövlətlər qrupuna daxil olmayan, Amerikaya, İsrailə meydan oxuyan, bütün Qərb dəyərlərini yaxın buraxmayan, avtoritar yox, totalitar bir dövlətdir.

- Artıq İrana zərbə endiriləcəyindən yalnız politoloqlar deyil, dövlət başçıları da danışır. ABŞ prezidenti Barak Obama da deyir ki, İrana hərbi zərbə endirilməsi istisna deyil. Sizcə bu bir xəbərdarlıqdır ya vəziyyətin ifadəsidir?

«ƏGƏR ÜMİD YARANSA Kİ, İRANDA SÜLH YOLU İLƏ DƏYİŞİKLİK BAŞ VERƏCƏK...»

- Bu İrandakı daxili vəziyyətdən asılıdır. Əgər ümid yaransa ki, İranda sülh yolu ilə dəyişiklik baş verəcək və Qərblə əməkdaşlıq edən hakimiyyət olacaq, ona zərbə dəyməyəcək, müharibə olmayacaq. Yox əgər belə bir ümid və imkan yoxdursa, onda İrana zərbə dəyə bilər. Amma zərbənin nə vaxt dəyəcəyini dəqiq demək olmaz. Ola bilsin bu, ABŞ-da prezident seçkilərindən sonra, ola da bilsin əvvəl baş verər. Bu, İranın nə vaxt nüvə silahına malik ola biləcəyindən asılıdır.

- ABŞ-da prezident Barak Obama ilə görüşdən sonra İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, İranın nüvə proqramı xeyli irəliləyib. İsrail məhv olmaq təhlükəsi ilə yaşaya bilməz. Sizcə İsrail özü nə edə bilər, İrana qarşı?

İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Barak Obama
İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Barak Obama
- İsrail əsgəri baxımdan olduqca inkişaf etmiş dövlətdir. İsraillə bu məsələdə zarafat etməyə dəyməz. Xatırlayırsınızsa, İsrail İraqa hücum edərək Səddam Hüseynin yaratdığı nüvə obyektlərini bir neçə saatın içində məhv etdi. İsrail istədiyi vaxt İranın nüvə obyektlərini külə döndərə bilər. İsrail artıq İrandan qaz hücumuna hazırlaşır. Əhaliyə belə hücumlardan qorunmaq üçün təlimlər keçir. Yəni İsrail müharibəyə ciddi surətdə hazırlaşır. O təkbaşına da bu əməliyyatı həyata keçirə bilər.

- Yaya qədər İrana zərbə olacağı barədə Rusiyadan da fikirlər səslənir.

- Rusiyanın baş qərərgahının, müxtəlif politoloqlarının dediklərinə ciddi yanaşmaq lazım deyil. Onlarsız da demək olar ki, yaza qədər, yaxud da yaya və ya qışa qədər İrana zərbə ola bilər.

- Vladimir Putin deyib ki, İranda 20 milyon azərbaycanlı var. Zərbə olsa onlar bu tərəfə keçəcəklər. Ona görə də İrana zərbə Rusiyaya sərf etmir.

«GUYA PUTİN BİZİM QAYĞIMIZA QALIR»

Vladimir Putin
Vladimir Putin
- Guya Azərbaycan Rusiyanın dost ölkəsidir. Guya Putin bizim qayğımıza qalır. Yalan danışır. Putinin ölkəsi və onun kimiləri bizim ölkəni işğal edənlərdir. Sadəcə İran Rusiyanın müttəfiqidir. Rusiya da bizim yox, İranın qayğısına qalır.

- İrana zərbənin Azərbaycana nə təsiri olacaq?

- Bu hadisənin bir tərəfdən Azərbaycana xeyri də ola bilər. İranın indiki rəhbərliyi hazırda Azərbaycana qarşı aqressiv siyasət yürüdür. Bəlkə sonrakı rəhbərlik dost siyasəti yürüdər. Bəlkə bu hadisələrin gedişində İranda yeni Azərbaycan dövləti yarandı. Bunları da unutmaq lazım deyil.

Amma eyni zamanda sözsüz ki, bizim regionda, qonşuluğumuzda belə böyük müharibənin baş verməsi bizim xeyrimizə deyil. Fəsadları sözsüz olacaq.

- Hər halda, əgər bu müharibə baş versə, Azərbaycan nə etsin?

- Azərbaycan özünü həmişəki kimi sakit aparsın.

- Martın 7-də Naxçıvanda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşü olacaq. Bu qonşu ölkələr İrana zərbə təhlükəsini sovuşdurmaq üçün nəsə edə bilərlərmi?

- Heç nə edə bilməzlər. Çünki ABŞ-a bu üç dövlətin heç birinin o qədər də təsiri yoxdur. Əgər ABŞ-ın milli maraqları tələb edəcəksə, bu müharibə olacaq.

- Gürcüstan prezidenti Mikheil Saakashvili Bakıda rəsmi səfərdədir. Martın 7-də parlamentdə çıxışı olacaq. Sizcə o Azərbaycana Qərbin İranla bağlı hansısa mesajını gətirə bilər?

- Mən hesab edirəm ki, nə mesaj lazımdırsa, Azərbaycan birbaşa Qərbdən özü alır. Mikheil Saakashvilinin Azərbaycana bu səfəri də qonşu, müttəfiq ölkənin başçısının gəlişi kimi normal hadisədir.
XS
SM
MD
LG