Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:25

Təhsil Nazirliyinin keçmiş rəsmisinin məhkəməsi başladı


Orxan Kərimov
Orxan Kərimov
«Mən vəsatət vermirəm ki, onun barəsində həbs-qətimkan tədbirini dəyişəsiniz. Çünki barəsində hazırda həbs-qətimkan tədbiri yoxdur. Mən vəsatət verirəm ki, onu azadlığa buraxasınız».

Martın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdir müavini Orxan Kərimovun məhkəməsinə hazırlıq iclasında vəkili Ramiz Məmmədovun ilk vəsatəti onun azadlığa buraxılması ilə bağlı oldu. Vəkil dedi ki, Orxan Kərimov ötən il iyunun 6-da işlədiyi Təhsil Nazirliyində saxlanılıb. 2 gün sonra barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs müddəti iki dəfə uzadılıb. Son həbs müddəti martın 4-də başa çatıb, buna görə də o, qanunsuz həbsdə saxlanılır.

BÜTÜN DİNDİRMƏLƏRDƏ MTN İŞTİRAK EDİB

Vəkil Ramiz Məmmədovun digər vəsatətləri Orxan Kərimovun ibtidai istintaq zamanı hüquqlarının pozulması ilə bağlı oldu:

«Bütün dindirmələrdə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının iştirakı təmin olunub. Bu da qanunsuzdur. İnsan ac-susuz heç bir istintaq hərəkətinə cəlb oluna bilməz. İnsanın səhhəti nəzərə alınmalıdır. Heç bir halda heç bir istintaq hərəkəti işgəncə xarakteri daşımamalıdır. İstintaqın ilk günündən ciddi ürək ağrıları ilə mütəmadi olaraq dərman qəbul etməklə istintaq hərəkətlərinə cəlb olunub. Məhkəmədən bu məsələlərə münasibət bildirməsini xahiş edirəm».

Vəkil Orxan Kərimovun qayınanasının mənzilində axtarış aparılmasını da qanunsuz adlandırıb.

MÜTTƏHİMLƏR KÜRSÜSÜNDƏ DAHA KİMLƏR VAR?

Orxan Kərimovla müttəhimlər kürsüsünü Azərbaycan Beynəlxalq Universitetinin müəllimi Ramiz Hüseynov və onun qardaşı Rafiq Hüseynov,
Foto: Arxiv
Foto: Arxiv
çap məhsulları ilə məşğul olan «Zəngəzur» MMC-nin direktoru İbrahim İsgəndərov bölüşür. Hüseynov qardaşları vətəndaşlardan rüşvət alınmasında Orxan Kərimovla əlbir olmaqda, İsgəndərov isə rüşvət alınması müqabilində verilmiş diplomlara üzlüklər çap etməkdə təqsirləndirilir.

İbrahim İsgəndərovun vəkili Eldar Qurbanov da hazırlıq iclasında vəsatət qaldırdı ki, müvəkkilinin tutulanlarla heç bir əlaqəsi yoxdur. O deyib ki, İsgəndərovun direktoru olduğu mətbəə qəbul olunan sifarişləri yerinə yetirir və çap etdiyi sənəd üzlüklərinin sonradan hansı məqsədlə istifadə edilməsinə nəzarət etmir:

QƏTLƏ GÖRƏ BIÇAQ SATANI DA TUTMAQ

«Nazirlər Kabinetinin qərarına görə, mətbəə yalnız xüsusi sənədləri rəsmi razılıqla çap etməlidir. Bu işdə isə mətbəə diplom üzlüyü çap edib və buna görə xüsusi icazə sənədi lazım deyil. İş orasındadır ki, söhbət heç diplom çapından da getmir, onun üzlüyündən gedir. Diplom üzlüyü sifariş ediblər, çap edib verib. İbrahim İsgəndərova verilən ittiham ona bənzəyir ki, biri mağazadan bıçaq alır, gedib qətl törədir, qətli törədənlə birlikdə bıçaq satanı da tuturlar ki, bıçağı ona sən satmısan».

Dövlət ittihamçısı Vüsal Orucov isə bildirib ki, hazırlıq iclasında vəsatətlərə münasibət bildirə bilməz.

Hakim məhkəmə baxışını aprelin 2-nə təyin edib.

Təhsil Nazirliyi
Təhsil Nazirliyi
Ötən il iyunun 4-də işlədiyi Təhsil Nazirliyinin binasında həbs olunan Orxan Kərimov vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və rüşvət almaqda, Rafiq və Ramiz Hüseynov qardaşları sənədlər tərtib etməkdə, rüşvət almada vasitəçilik etməkdə, İbrahim İsgəndərov isə sənəd çap etməkdə təqsirləndirilir.

KÜLLİ MİQDARDA RÜŞVƏT İTTİHAMI

İttiham aktına görə, Orxan Kərimov 2008-ci ildən Hüseynov qardaşları ilə əlbir olaraq ayrı-ayrı vətəndaşların övladlarını ali məktəblərə köçürmələr yolu ilə düzəldib və buna görə onlardan külli miqdarda rüşvət alıb. Hüseynov qardaşları bu köçürmələrlə bağlı ayrı-ayrı vətəndaşlardan müvafiq sənədləri və pulları yığaraq iş otağında Orxan Kərimova veriblər.

Orxan Kərimov ibtidai istintaq dindirmələrində özünü təqsirli bilməyib.

Təhsil naziri Misir Mərdanov isə hələ Orxan Kərimov tutularkən jurnalistlərə açıqlamasında demişdi ki, onun həbsi vəzifəsi ilə əlaqəli deyil.

Vəkillər bildiriblər ki, təqsirləndirilən şəxslərə verilən ittihamlar məhkəmədə sübuta yetirilsə, onlara 3 ildən 9 ilədək həbs cəzası verilə bilər.
XS
SM
MD
LG