Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:43

Parlamentdə icazəsiz aksiyalara görə böyük məbləğdə cərimə təklifi var


Arxiv foto: müxalifətin 2010-cu il aprelin 2-də keçirdiyi aksiyadan görüntü.
Arxiv foto: müxalifətin 2010-cu il aprelin 2-də keçirdiyi aksiyadan görüntü.
-

«BELƏ CÜZİ CƏRİMƏ İLƏ İNSANI QANUNSUZ ƏMƏLDƏN ÇƏKİNDİRMƏK OLMAZ»

«Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu 20 manat cərimə olunmaqla azadlığa buraxılıb. O, AzadlıqRadiosunun əməkdaşına deyib ki, üstündə bu qədər pul yoxdur. «Gedim görüm haradan 20 manat tapıram» deyən başqan müavini başqa sualları cavablandıra bilməyib».

Bu xəbər AzadlıqRadiosunun saytında 26 may tarixində yerləşdirilmişdi.

Amma görünür, daha 20 manat cəriməni ödəməkdə çətinlik çəkən müxalifətçilər etiraz aksiyalarına çıxmazdan qabaq yüz ölçüb bir biçəcəklər. Təbii ki, deputat Rafael Cəbrayılovun «Sərbəst toplaşma azadlığı haqqında» qanuna etdiyi təklifləri layihəsi qəbul olunarsa. O təklif edir ki, razılaşdırılmamış kütləvi aksiyalarda iştirak edənlərlə bağlı cərimələr artırılsın. Özü də dəfələrlə. İndi hökumətlə razılaşdırılmayan aksiyada iştirak edən şəxslər 7 manatdan 13 manatadək cərimə olunurlar. Milli Məclis Aparatına təqdim olunan layihədə bu cərimənin 500 manatdan 1000 manatadək artırılması təklif edilib. Deputat Mediaforum saytına belə deyib.

Deputat deyir ki, hazırda icazəsiz aksiyanın cəriməsi 7 manatdan 13 manatadəkdir:

«Bu, çox cüzi miqdardır. Qanunvericilikdə də qeyd olunub ki, cərimənin məqsədi şəxsin maddi vəziyyətinə zərər vurmaqdır. Belə cüzi cərimə ilə insanı qanunsuz əməldən çəkindirmək olmaz. Qanunsuz mitinqdə iştirak edib 10 manatını ödəyəcək, sonra yenə də iştirak edəcək. Amma üç-dörd aylıq maaşını cərimə ödəsə, onda anlayacaq ki, qanunsuz əməllərdə, aksiyalarda iştirak etmək olmaz».

«BU, MOSKVANIN ADDIMLARINI YAMSILAMAQDIR»

Müsavat başqanı İsa Qəmbər həmin təkliflərlə tanış olmasa da, münasibət bildirdi:

«Bu, məntiqsiz və ictimai maraqlara zidd bir təklifdir. Görünür, Moskvanın təsiri altında qərar qəbul edilir.
İsa Qəmbər
İsa Qəmbər
Moskvanın addımlarını yamsılamaqdır. Moskva ilə bağlı başqa məsələni yada salmaq istəyirəm. İmperiya dövründə bizim Gəncəmizi Yelizavetpol adlandıranda, qərar veriblərmiş ki, kim şəhərin adına Gəncə desə, bir qızıl cərimə ödəyəcək. Şəhərin də imkanlı, vətənpərvər insanları ciblərinə bir az qızıl pul qoyub çıxırmışlar küçəyə. Harada qorodovoy, jandarm görürmüşlər, qışqırırlarmış: «Gəncə!». Jandarm gələndəsə bir qızılı verib yollarına davam edirmişlər. Yəni, xalqı bu cür üsullarla dayandırmaq mümkün deyil. Təbii ki, ziyanlı qərardır, yanlışdır, xalqın maraqlarına ziddir. Amma hakimiyyətə fayda gətirməyəcək, çünki prosesin qarşısını bu cür qərarlarla almaq mümkün deyil».

Yada salaq ki, bir müddət əvvəl Rusiyada da sərbəst toplaşmaq azadlığı hüququ ilə bağlı sanksiyalar sərtləşdirilib. Bunun Rafael Cəbrayılovun hazırladığı yeni layihəyə təsiri məsələsinə gəlincə, deputat Mediaforum-a deyib:

«Rusiyanın bununla bağlı qanunu dünyanın ən sərt qanunlarından biridir».

«QANUN BİR AZ DA SƏRTLƏŞDİRİLMƏLİDİR»

Rafael Cəbrayılov deyib ki, qanun layihəsini öz təşəbbüsü ilə hazırlayıb və artıq oktyabrın 16-da Milli Məclisə təqdim edib.
Fəzail Ağamalı
Fəzail Ağamalı
Onunla eyni Komitədə təmsil olunan deputat Fəzail Ağamalı qanun layihəsi ilə hələlik tanış deyil. Ancaq o, «cərimələrin artırılması normaldırmı» sualına belə cavab verdi:

«Bu, müxtəlif rəqəmlər ola bilər. İndiki də ola bilər, bir az bundan artığı da mümkündür. Hər halda düşünürəm ki, razılaşdırılmamış mitinqlər ictimai təhlükəyə səbəb olursa, digərlərinin hüquqlarını pozursa, iğtişaşlara gətirirsə, qanun bir az da sərtləşdirilməlidir. Müəyyən çərçivələr olmalıdır. Nəqliyyatın, insanların olduğu yerdə razılaşdırılmamış aksiyaların keçirilməsi təhlükəlidir və yolverilməzdir».

«BU TƏKLİFLƏRİN NƏ HÜQUQİ ƏSASI VAR, NƏ DƏ PRAKTİKİ»

Hüquqşünas Hafiz Həsənov isə Rafael Cəbrayılovun təklifinin haqqa-ədalətə sığmadığını deyir:

«Konstitusiyanın prinsipi var ki, qanunlar haqqa-ədalətə uyğun olmalıdır. Bu təklif isə o ədalətə uyğun deyil. O halda yeni qanun layihəsinə ehtiyac yaranır ki, onunla bağlı cəmiyyətdə problem var. Mən hesab edirəm ki, belə təklifin əsası yoxdur, nə praktik, nə də hüquqi.
Hafiz Həsənov
Hafiz Həsənov
Bu, subyektiv mülahizələrlə bağlı irəli sürülən təkliflərdir. İndiki halda icazəsiz aksiyalara görə sanksiyaların sərtləşdirilməsi ona hesablanır ki, sərbəst toplaşmaq azadlığı yönündəki məhdudiyyətlər bir qədər də sərtləşdirilsin. Bu aspektdən baxanda, bu təklif qəbuledilməzdir. Bir halda ki, Azərbaycan fundamental insan azadlıqları ilə bağlı beynəlxalq konvensiyalara qoşulub, o, bu azadlıqları, hüquqları məhdudlaşdırmağa yönələn amilləri aradan qaldırmalıdır, nəinki onların sərtləşdirilməsinə çalışmalıdır».

Hafiz Həsənovun fikrincə, əslində deputat vətəndaşların sərbəst toplaşmaq azadlığı sahəsindəki problemə diqqət çəkə bilərdi:

«Yəni həmin təkliflər sərbəst toplaşmaq azadlığının, hüququnun reallaşmasına hesablansaydı, başadüşülən olardı. Çünki mitinqlərin, yürüşlərin keçirilməsi ilə bağlı məhdudiyyətlər var və bu yöndə təkliflər daha çox gözlənir» .

Layihədə hökumətin razılıq vermədiyi kütləvi aksiyanın təşkilatçıları üçün nəzərdə tutulan cərimələr də fərqlidir. Adi təşkilatçı 1500 manatdan 3000 manatadək cərimə oluna bilər. Yox, təşkilatçı vəzifəli şəxsdirsə (məsələn, siyasi partiyanın rəhbəri və ya funksioneridirsə), onun 3000 manatdan 6000 manatadək cərimə edilməsi təklif olunub.
Təşkilatçı hüquqi şəxsdirsə (siyasi partiya, QHT, şirkət və s.), onun 15 min manatdan 30 min manatadək cərimə edilməsi mümkündür.

İndiki qanunda isə təşkilatçılar cəmi 500 manatadək cərimələnir.
XS
SM
MD
LG