Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:29

Olimpiya hazırlıqlarına 2 il bəs edəcəkmi?


İlham Əliyev
İlham Əliyev
-
Azərbaycanın Avropa Olimpiya Oyunlarına hazırlaşmağa cəmi iki il vaxtı var. Bəs, Bakı 50-yə qədər ölkədən 4 500 idmançını qarşılamaq üçün bu iki ildə hazırlaşa biləcəkmi?

«AZƏRBAYCAN OYUNLARI YÜKSƏK SƏVİYYƏDƏ KEÇİRƏCƏK»

Prezident İlham Əliyev dekabrın 18-də belə deyib. Prezident bildirib ki, istənilən ölkəyə olimpiya oyunlarına ev sahibliyi üçün 6-7 il vaxt gərəkdir. Amma Azərbaycanın cəmi iki il vaxtı var. Prezident vaxt azlığına baxmayaraq, Azərbaycanda oyunların yüksək səviyyədə keçiriləcəyinə inanır:

«İnfrastruktur istənilən oyunların keçirilməsinə, istənilən sayda xarici idmançının yerləşdirilməsinə imkan verir. Bakıda son 2 ildə istifadəyə verilən yeni mehmanxanalar, istirahət zonaları, idman obyektləri Olimpiya Oyunlarına ev sahibliyi ilə bağlı qərarın verilməsində rol oynayıb. Təbii ki, qərar verilməzdən öncə Avropa Olimpiya Komitəsi Bakıya öz qiymətləndirici missiyasını göndərib. Komitənin üzvləri burada infrastrukturla yaxından tanış olublar».

Dekabrın 8-də Avropa Olimpiya Komitəsi I Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi barədə qərar verib. Oyunların sayı, iştirakçı ölkələr barədə məlumat ikitərəfli razılaşmadan sonra təsdiqlənəcək.

«XƏRCLƏR YARIŞLARDAN ƏLDƏ OLUNAN GƏLİR HESABINA ÖDƏNİLƏCƏK»

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehtiyev deyir ki, yarışlar Bakıda bir neçə məkanda keçiriləcək:

Tofiq Bəhramov adına stadion
Tofiq Bəhramov adına stadion
«Yarışların Heydər Əliyev adına İdman Konsert Kompleksində, Tofiq Bəhramov adına stadionda, Bakıdakı 3 Olimpiya İdman Kompleksində, 8-ci kilometr İdman Stadionunda keçirilməsi nəzərdə tutulur. Bundan başqa, hazırda inşası davam etdirilən Bakı Olimpiya Stadionu, Gimnastika və Su İdmanı Mərkəzi də Avropa Olimpiya Komitəsinə təklif olunacaq. Müvəqqəti idman qurğuları da quraşdırılacaq. Yarışların təşkili üçün çəkiləcək xərc hələlik bilinməsə də, yarışların təşkilindən əldə olunacaq gəlirlə qarşılanacaq. Bütün bu məsələlər təşkilati komitə yaradıldıqdan sonra daha dəqiq məlum olacaq».

OLİMPİYA ŞƏHƏRCİYİ HARADA SALINACAQ?

Qabil Mehtiyev onu da əlavə etdi ki, hələlik Olimpiya idman şəhərciyinin harada salınması dəqiq məlum deyil.

Gənclər və idman naziri Azad Rəhimov isə bir müddət əvvəl bildirib ki, Olimpiya şəhərciyi metronun «Koroğlu» stansiyasının yaxınlığındakı binalarda salına bilər. Həmin binalar bir neçə ildir tikilir, hazırda onların qarşısında Gimnastika Mərkəzi inşa olunur.

Nazir Azərbaycanın bu yarışlara ev sahibliyindən 120-130 milyon avro qazanacağına da diqqət çəkmişdi.

Prezident İlham Əliyev də çıxışında 2013-cü ildən meqalayihələrin icrasına başlanılacağını söyləyib.
Natiq Cəfərli
Natiq Cəfərli

LONDONLA BAKININ FƏRQİ...

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, Azərbaycanın bu oyunlara ev sahibliyindən iqtisadi qazancı olmayacaq, gəlir götürməyəcək. O, 2012-ci il London Olimpiadası ilə müqayisə aparır. Deyir ki, Londonda keçirilən yarışların xərcləri ilə gəlirləri bir-birini zorla qarşıladı:

«Baxmayaraq ki, London həm də turizm məkanı kimi cəlbedicidir. Özəlliklə Avropadan Londona yetişmək daha asan idi. Yeni, müxtəlif vasitələrlə, yollarla Londona getmək mümkündür. Azərbaycana çatım həm çətindir, həm də bahalı... Beləliklə, turistlərin sayı az olacaq. «Eurovision» yarışları da göstərdi ki, Bakıya gələn turistlərin sayı proqnozlaşdırılandan daha az oldu. Bundan əlavə, Azərbaycan başqa adla olsa da, məhz olimpiya oyunları üçün yeni layihələr keçirəcək, infrastrukturu yaxşılaşdıracaq. Bu, birmənalı olaraq oyunların təşkili üçün xərclərin gəlirdən qat-qat çox olacağını göstərir».

Bununla belə, Natiq Cəfərli Azərbaycanın Avropa Oyunlarına ev sahibliyini müsbət dəyərləndirir. Deyir bunun sayəsində qarşıdakı iki ildə dünya ictimaiyyətinin diqqəti Azərbaycanda olacaq. Bu da ölkə reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq üçün əlavə şansdır.
XS
SM
MD
LG