Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:27

Olimpiya oyunlarında «Azərbaycan normativləri»


-
Azərbaycanın müxtəlif sahələrində analoqu, yəni bənzəri olmayan inkişafı barədə dəfələrlə eşitmişik. Deyəsən, get-gedə, bu deyimi «Azərbaycan standartı» əvəzləyir.
Prezident İlham Əliyev 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunları Təşkilat Komitəsinin ilk iclasında bu standartdan danışıb:

«YENİ STANDARTLAR TƏTBİQ EDİRİK»

«Biz bu tədbirləri keçirməklə və öz təşkilatçılıq qabiliyyətimizi göstərməklə bir növ yeni standartlar tətbiq edirik. Bu, artıq Azərbaycan standartlarıdır. Çünki istənilən beynəlxalq tədbir Bakıda yüksək səviyyədə keçirilir və hesab edirəm ki, Avropa oyunları da yüksək səviyyədə keçiriləcək».

İlham Əliyev və Mehriban Əliyeva
İlham Əliyev və Mehriban Əliyeva
Prezident oyunlar ərəfəsində nəqliyyat və səhiyyədə yoluna qoyulası məsələlərdən də danışıb, amma əminliyini də bildirib ki, «Eurovision-2012» Mahnı Müsabiqəsində olduğu kimi, «Mehriban Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsi etimadı yüksək səviyyədə doğruldacaq».

Azərbaycan daha öncə 2016 və 2020-ci illər olimpiadalarına ev sahibliyi üçün müraciət etsə də kənarda qalıb.

NORMATİVLƏRDƏ GÜZƏŞTLƏR

İdman yazarı Sərxan Musayevin fikrincə, Avropa oyunlarının təşkilindən bir məqsəd də elə gələcəkdə Beynəlxalq Olimpiya Komitəsindən olimpiadanın keçirilməsinə icazə almaqdır. Yəni bu, Azərbaycan üçün bir sınaqdır. Yazarın sözlərinə görə, Olimpiya oyunları həm də idman infrastrukturunun qurulmasına stimul verəcək, bəzi idman növləri populyarlaşacaq. Avropa oyunlarına basketbol, həndbol salınsa, bu növlərə də diqqət artacaq.

Bəs «Azərbaycan standartı»nı nədə görəcəyik? Sərxan Musayev deyir ki, Avropa oyunlarında iri idman qurğularının tikintisi çox da ayrıca tələb kimi qoyulmayıb, Azərbaycan gerçəkləri də nəzərə alınıb və normativlərdə bəzi güzəştlər əksini tapa bilər. Əsas hədəf o götürülüb ki, maliyyə xərci az çıxsın, mövcud idman qurğularına müəyyən düzəlişlər edilsin, azarkeş tutumu artırılsın.

«Voleybol, basketbol yarışları üçün 15 min tamaşaçı tutumlu zal istənirsə, ola bilsin Avropa oyunları üçün daha az, 5-6 minlik arena da yetərli sayılsın».

BÖYÜK ŞOR STADİONU HAZIR OLACAQMI?

Böyük Şor stadionunun layihəsi
Böyük Şor stadionunun layihəsi
Bu ildən Böyük Şorda qurutma işləri başa çatdırılmalı, tikinti başlamalıdır. İdman yazarı 65 minlik Böyük Şor olimpiya stadionunun 2 ilə hazır olacağına şübhəylə yanaşır.

Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin müdiri Könül Nurullayeva AzadlıqRadiosuna bütün işlərin qrafik üzrə getdiyini, heç bir yubanma olmadığını, ancaq Tofiq Bəhramov adına stadionun da ehtiyat variant kimi saxlandığını bildirir. Yəni Böyük Şor stadionunun inşası vaxtında bitməsə, Tofiq Bəhramov adına stadiondan yararlanmaq olar:

«Qrafikə görə görüləsi işlər qaydasında gedir. Problem yoxdur. Ancaq açılış hansı stadionda olacaq – bu barədə danışıqlar gedir. Hələ proqram da təsdiqlənməyib. Ancaq narahatçılığa əsas yoxdur. Əsas odur ki, bizdə alternativ var».

Rəsmilər Azərbaycanın bu yarışlara ev sahibliyindən 120-130 milyon avro qazanacağını bildirirlər.

ÖZÜNÜ YAXŞI GÖSTƏRMƏK

İdman yazarı Sərxan Musayev Azərbaycanın olimpiya hazırlıqlarını sürətləndirmək üçün əlavə vəsait xərcləyəcəyini istisna etmir: «Son hadisələr fonunda hakimiyyət özünü yaxşı göstərmək üçün xərcləri artıracaq, vəziyyəti sabitləşdirəcək. Digər tədbirlər göstərdi ki, dövlət istəyəndə təşkilatçılıq yüksək səviyyədə olur».

Arch Puddington
Arch Puddington
Elə digər müşahidəçilər də Avropa Oyunlarına ev sahibliyinin dünya birliyinin Azərbaycan reallıqlarına diqqət çəkəcəyini düşünürlər. Ancaq Freedom House hüquq-müdafiə təşkilatının tədqiqat üzrə vitse-prezidenti Arch Puddington bu yaxınlarda AzadlıqRadiosuna müsahibəsində deyirdi ki, beynəlxalq tədbirlərə ev sahibliyi ölkəyə heç də demokratik imic gətirmir:

«Azərbaycan düşünür ki, «Eurovision» beynəlxalq mahnı müsabiqəsi, İnternet Forumu, idman tədbirləri keçirməklə, normal demokratik dünyaya qoşula bilib. Ancaq bu ölkənin seçkilər, siyasi məhbuslarla davranış, hüququn aliliyi üzrə topladığı ballara baxanda görürük ki, Azərbaycan Avrasiyada daha bir diktatorluqdur».
XS
SM
MD
LG