Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:49

R. Mehdiyev prezident seçkisindən, «Daş yuxular»dan, Facebook-dan danışdı


Ramiz Mehdiyev
Ramiz Mehdiyev
-
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev martın 14-də AzərTAc informasiya agentliyinə müsahibə verib.
Müsahibədən bəzi hissələri ixtisarla dərc edirik:
«İLHAM ƏLİYEV... ÖZÜNÜ TAMAMİLƏ SƏRBƏST HİSS EDİR»
«İlham Əliyev yeni əsrin yeni lideridir. Onun yeni əsrdə Azərbaycanın Prezidenti olmasının özündə rəmzi məna vardır. O, postsovet məkanında tamamilə yeni tipli siyasi liderin nümunəsinə çevrilmişdir. Hesab edirəm ki, cənab İlham Əliyevi səciyyələndirən başlıca xüsusiyyəti onun hədsiz səmimiliyidir. Həm milli mədəniyyətimizin, həm xalqımızın əxlaqi-mənəvi dəyərlərinin təbliğində, həm də ölkəmizin dolğun müsbət imicinin formalaşmasında ailəsinin hər bir üzvü onunla həmrəydir, həmfikirdir. Cənab İlham Əliyev xarici ölkələrə rəsmi səfərləri zamanı müxtəlif çəkili siyasi liderlərlə görüşlərində, BMT, İslam Əməkdaşlıq Təşkilatı, Davos İqtisadi Forumu çərçivəsindəki təmaslarında, istər Luvrda, istərsə də Sinqapurda, həm Milli Elmlər Akademiyasının yığıncaqlarında, həm sadə vətəndaşların, sahibkarların, neftçilərin arasında özünü tamamilə sərbəst hiss edir. O, ünsiyyətin ilk anlarından ətrafdakılara xoş əhval-ruhiyyə aşılaya bilir, insanlar da ondan aldıqları müsbət enerjini qarşılıqsız qoymurlar. Cənab İlham Əliyev hər kəs üçün, ilk növbədə Prezidentdir, dövlət başçısıdır, milli liderdir, bununla yanaşı, həm də xalqın hər bir nümayəndəsinin nəzərində xeyirxah, qayğıkeş, səmimi bir insandır. Hesab edirəm ki, məhz buna görə də Azərbaycan xalqı, vətəndaşlarımız onun bütün təşəbbüslərini ürəkdən və yekdilliklə dəstəkləyirlər».
BƏZİ İCRA RƏHBƏRLƏRİ NÜMUNƏ GÖTÜRMÜRLƏR…
İlham Əliyev
İlham Əliyev
«Prezident İlham Əliyev regionlara səfərlərində həmişə sahibkarlarla görüşür, onları narahat edən problemlərlə maraqlanır və bu məsələləri daim diqqət mərkəzində saxlayır. Təəssüf ki, bəzi yerli icra orqanlarının rəhbərləri bundan nümunə götürmürlər, sahibkarlara, yumşaq desək, soyuq münasibət bəsləyirlər. Bəzi hallarda isə sahibkarlıq subyektlərinə öz tabeçiliklərində olan strukturlar kimi yanaşırlar və onlara aidiyyəti olmayan tapşırıqlar verirlər. Azərbaycan Prezidenti sahibkarlara ən yüksək səviyyədə dəstək verirsə, onların arxasında durursa, bütün problemlərinə diqqət və qayğı ilə yanaşırsa, dövlət orqanları, vəzifəli şəxslər bundan nəticə çıxarmalıdırlar. Dövlət strukturları iş adamlarının fəaliyyətinə şərait yaratmalı, onlara mane olmamalıdırlar. Vergi ödəyiciləri kimi sahibkarların fəaliyyətinin stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər daha da sürətləndirilməlidir. Bütün bunlar dövlət başçısının, qanunlarımızın qarşıya qoyduğu vəzifələr və tələblərdir».
MÜXALİFƏT DİNDAR QRUPLARA ÜZ TUTUB
«...Son 20 ildən artıq bir dövrdə dağıdıcı müxalifətin siyasi hakimiyyət uğrunda «mübarizəsi» imitasiya xarakteri daşımış və əslində, özünüifşanın bariz nümunəsinə çevrilmişdir. Məhz ona görədir ki, radikal, siyasiləşmiş dindar qruplara üz tutmuş və onları özlərinə tərəfdaş seçmişlər. Qeyd etməyi vacib bilirəm ki, cəmiyyət, Azərbaycan ictimaiyyəti əsassız şəkildə onun adından çıxış etməyə çalışan müxalif qrupların, özlərini «ziyalı» adlandıranların Əkrəm Əylislinin mənfur «Daş yuxular» əsəri ilə bağlı xəyanətə bərabər mövqeyini gördü və bir daha bunların hansı məzhəbə qulluq etdiklərinə əmin oldu. Hakimiyyətə iddialı olan, özünü iqtidara opponent hesab edən dağıdıcı müxalifət, yüksək ziyalı adından sui-istifadə edənlər ümummilli məsələlərdə də xalqın tərəfində yox, onun iradəsinə zidd mövqedə durdular və əsl simalarını açıq nümayiş etdirdilər. Çox təəssüf ki, cəmiyyətimizdə belələrinə hələ ki, yer tapılır. Ancaq ictimaiyyətimiz, vətəndaşlarımız, əsl ziyalılarımız, gənclərimiz həm Əkrəm Əylisli kimilərinin, həm də onun havadarlarının əməllərini görür və öz qəti mövqelərini ortaya qoyurlar».
SOSİAL ŞƏBƏKƏLƏRDƏKİ ÇAĞIRIŞLAR
«...Facebook sosial şəbəkəsində ölkə həyatında baş vermiş ayrı-ayrı hadisələrə dair təxribat xarakterli çağırış edənlərin mövqeyi ictimai rəyi əks etdirmir. Ayrı-ayrı gənclərin emosiyalarının məhsulu olan, əsasən satqın-radikal müxalifət tərəfindən dəstəklənən və qızışdırılan sosial şəbəkələrdəki bu çağırışlar qanunla qorunan ictimai asayişi pozmaq üçün bəhanə ola bilməz. Lakin planlaşdırılan cinayətin üstünün bu günlərdə Milli Təhlükəsizlik Nazirliyi və Respublika Baş Prokurorluğu tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində açılması əyani şəkildə göstərdi ki, ictimai sabitliyi pozmaq istəyən qruplar sadəcə çağırışlar etmirlər. Bu, kifayət qədər narahatedici məsələdir. Çünki «Molotov kokteyli», narkotik vasitələr, külli miqdarda pul vəsaiti bu niyyətin kifayət qədər ciddi olduğunu açıq-aydın göstərir. Əlbəttə, hüquq mühafizə orqanlarının fəaliyyətinə, istintaqa təsir edə biləcək hər hansı şərh vermək düzgün olmazdı. Lakin hadisədən məlumatı olan hər bir şəxsi heç bir yerdə işləməyən gənclərdə bu qədər narkotik vasitənin, pulun haradan olduğu maraqlandırır. Yəqin ki, istintaq bu məsələlərə aydınlıq gətirəcəkdir.
MDİ İLƏ ƏMƏKDAŞLIQ DAYANDIRILA BİLƏR
Beynəlxalq QHT-lərin Azərbaycandakı fəaliyyəti ilə bağlı bir fakta münasibət bildirmək istərdim. Bu günlərdə yerli mətbuatda ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevsin ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş fəaliyyəti haqqında məlumat yayıldı. Əgər orada göstərilən faktlar təsdiq olunsa, biz bu qurumla əməkdaşlığımızı dayandırmalı olacağıq. Üstəlik, MDİ-nin nümayəndəsi martın 10-da «Fəvvarələr» meydanında keçirilməsinə cəhd olunmuş qeyri-qanuni aksiyada iştirakını etiraf etmişdir. Görünür ki, MDİ-nin Bakı nümayəndəliyi və onun əməkdaşları haqqında yayılan məlumatlar ciddi yoxlanılmalıdır.
ABŞ Milli Demokratiya İnstitutu
ABŞ Milli Demokratiya İnstitutu
«Biz müşahidələrimizi və tədqiqatlarımızı davam etdiririk. Bu gün Azərbaycan qanunvericiliyinin tələblərini pozan digər təşkilatların adının çəkilməsini hələ ki, məqsədəmüvafiq hesab etmirəm. Lakin nəticə çıxarmasalar, onları Azərbaycan qanunlarına hörmət etməyə məcbur edəcəyik. Ədliyyə Nazirliyi də nizamnamə məqsədlərindən kənara çıxan QHT-lərə bir neçə dəfə xəbərdarlıq etmişdir. Əgər həmin QHT-lər bu iradlardan nəticə çıxarmasalar, onlar barəsində də ciddi tədbirlər görüləcəkdir. Ümumiyyətlə, belə hallar Azərbaycan cəmiyyətində ciddi narahatlıq yaradır, ölkəmizin daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Bu məsələlər aidiyyəti dövlət orqanlarını ciddi düşündürməlidir».
PREZİDENT SEÇKİLƏRİNİN NƏTİCƏSİNİ GÖRMƏK ÇƏTİN OLMAZ
«Təsadüfi deyil ki, Həmkarlar İttifaqları Konfederasiyası, Ağsaqqallar Şurası, Qızıl Aypara Cəmiyyəti kimi Azərbaycanın ən kütləvi, böyük təşkilatları artıq cənab İlham Əliyevin namizədliyini irəli sürmüşlər. Bir daha qeyd etmək istəyirəm ki, əgər biz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi heyrətamiz nailiyyətləri, keçirilmiş sosioloji sorğuların nəticəsi olaraq onun xalq arasında 87-93 faiz təşkil edən yüksək reytinqini və beynəlxalq nüfuzunu, habelə cənab Prezidentin öz sıralarında 600 mindən artıq vətəndaşı birləşdirən, ölkənin ən böyük və nüfuzlu siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etdiyini nəzərə alsaq, bu ilin payızında keçiriləcək prezident seçkilərinin nəticəsini görmək çətin olmaz – seçicilərin böyük əksəriyyəti öz səslərini Prezident İlham Əliyevə verəcəkdir.
Buna baxmayaraq, təbii ki, biz Administrasiya olaraq bu seçkilərə təşkilati nöqteyi-nəzərdən hazırlaşırıq, Mərkəzi Seçki Komissiyası ilə birlikdə üzərimizə düşən işləri görürük, fəaliyyətimizi seçki praktikasının təkmilləşdirilməsi, demokratik, azad və ədalətli seçkilərin keçirilməsi istiqamətində qururuq».
XS
SM
MD
LG