Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:21

NİDA-çıların məhkəməsi: «Heykəl vətəndaşdırsa, deyin, biz də bilək...»


Xalid Bağırov: "İfadələri alıb, ona uyğun şahid hazırlamaq istəyirlər"
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Xalid Bağırov: "İfadələri alıb, ona uyğun şahid hazırlamaq istəyirlər"

-
Dekabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində 7 NİDA-çı gəncin və «Azad Gənclik» təşkilatının üzvü İlkin Rüstəmzadənin işinə baxış davam etdirilib.

Proses başlamazdan öncə təqsirləndirilən gənclərlə məhkəmə nəzarətçiləri arasında narazılıq yaşandı. Narazılıq məhkəmənin gedişini işıqlandırmağa gələn jurnalistlərə ön sırada oturmaq imkanı yaratmamaqdan qaynaqlanmışdı. Eyni narazılıq bundan öncəki prosesdə də yaşanmış və hakim nəzarətçilərə göstəriş vermişdi ki, bu cür hərəkətlərə son qoyulsun.

Gənclərin etirazından sonra jurnalistlər ön sırada yerlərini tutdular.

«HEYKƏL VƏTƏNDAŞDIRSA...»

Məhkəmə iclası başlayınca, Bəxtiyar Quliyevin vəkili Cavad Cavadov vəsatət qaldırdı. Vəkil Bəxtiyar Quliyevi xuliqanlıqda suçlandırmağın onlara qaranlıq qaldığını diqqətə yetirdi:

«Bu ittihamın əsasında zor tətbiqetmə və ya zor tətbiqetmə hədəsi dayanır. Bəxtiyar Quliyev kimə zor tətbiq edib? Heykəl (söhbət «Harleme Shake» videosunda Sahil Bağındakı dekorativ heykəllərin birindən gedir – Ü.A.) vətəndaşdırsa, deyin, biz də bilək. İstəyirik ki, dövlət ittihamçısı bu ittihamı izah etsin».

Başqa bir vəkil – Xalid Bağırov bu vəsatətin İlkin Rüstəmzadəyə də aid edilməsini istədi. Vəkil Elton Quliyevsə dövlət ittihamçısını bu ittihamdan əl çəkməyə çağırdı.

Dövlət ittihamçısı ittihamın qalıb-qalmayacağı məsələsini sonraya saxlamağı məntiqli saydı. Onun fikrincə, məhkəmənin gedişində sübutlar araşdırılarkən, ehtiyac yaranarsa, həmin ittihamdan imtina etmək mümkündür.

Hakimlər yerindəcə müşavirə keçirib vəsatəti əsassız sayaraq təmin etmədilər.

İFADƏDƏN İMTİNA MÜBAHİSƏ YARATDI

Daha sonra təqsirləndirilən Bəxtiyar Quliyevə ifadə vermək təklif olundu. Bəxtiyar Quliyev prosesin bu mərhələsində ifadə verməkdən boyun qaçırdı. O, bildirdi ki, ittiham tərəfinin sübutları araşdırılandan sonra ifadə verəcək.

Bu zaman hakimlə vəkillər arasında mübahisə doğdu. Hakim Cavid Hüseynov dedi ki, təqsirləndirilən şəxs ifadə verməkdən imtina edərsə, onun istintaq zamanı verdiyi ifadə əsas götürüləcək.

Vəkillər buna etiraz etdilər. Bəzi vəkillərlə hakim arasında yüksək tonda mübahisə də yarandı. Hakim vəkil Xalid Bağırova xəbərdarlıq da etdi.

Hakim: «Nəyə əsasən deyirsiniz ki, bu, məhkəmə gedişatına maneçilik yaratmaq deməkdir. Həm də tonunu fikir ver...».

Xalid Bağırov: «Neyləyəcəksən mənə? Mənim tonum belədir».

Vəkillər birmənalı etiraz bildirsələr də, hakim bəlli ardıcıllığı dəyişmədi.

Məhkəmədə Bəxtiyar Quliyevin bu il martın 7-8 və 9-da istintaqa verdiyi ifadələr oxundu.

«DEDİ Kİ, «MOLOTOV KOKTEYLİ»Nİ RƏŞAD HƏSƏNOVUN GÖSTƏRİŞİ İLƏ HAZIRLAMIŞIQ»

Bəxtiyaq Quliyev 2013-cü il martın 7-də istintaqa verdiyi ifadədə bildirib ki, bir neçə mülkigeyimli şəxs yaşadığı evdə axtarış aparıb. Bu zaman onun qarderobdakı paltarının cibindən selofana bükülü və kibrit qutusunda olan narkotik maddə tapılıb. Bəxtiyar Quliyev həmin anda bu əşyaların ona məxsus olmadığını söyləyib. Daha sonra həyətdə axtarış aparılıb. Kağız qutunun içində şüşə qablar tapılıb. Təqsirləndirilən gənc həmin anda bu qabları ilk dəfə gördüyünü, ona aid olmadığını deyib. Bəxtiyar Quliyev ifadəsində həmin qabları «Molotov kokteyli» sandığını və həmin kokteyli daha öncə yalnız internetdə gördüyünü bildirib. O, ifadəsində deyib ki, «facebook»da Şahin Novruzov adlı – şəxsən tanımadığı biri, ona bu kookteylin necə hazırlanmasına dair «youtube»da yayılmış videomaterial göndərib.

Bəxtiyar Quliyevin 8 mart 2013 tarixində istintaqa verdiyi ifadədədə NİDA Vətəndaş Hərəkatına necə üzv yazılmasını danışıb. İfadədə yazılan sözlərə görə, o, NİDA-nın tədbirlərində səslənən bu fikri açıqlayıb: «hər birimiz lider olub bir neçə gənc cəlb etsək, inqilab edib çevrilişə nail ola bilərik. Beynəlxalq təşkilatlardan bizə maddi yardım göndəriləcək». Daha sonra – 10 mart aksiyasından bir neçə gün öncə Bəxtiyar Quliyev şəhərdə aksiyalarda rastlaşdığı, amma adını bilmədiyi bir gənclə üzləşdiyini deyib:

«O mənə bir qutu verdi və dedi ki, aksiyaya kimi bunu saxlayım. Dedi ki, bunlar «Molotov kokteyli»dir, aksiya zamanı istifadə edəcəyik. Onu da dedi ki, bunları Rəşad Həsənovun göstərişi ilə hazırlamışıq, hələ tüstü buraxan maddələrimiz də var. Həmin qutunu taksi ilə evə gətirdim. Yadıma Rəşad Həsənovun bir ifadəsi düşdü. O deyirdi: «İğtişaş törətmək lazımdır ki, Misirdəki kimi inqilaba nail olaq». Qarderobdakı paltarımın cibindən tapılan narkotik vasitəni də bu qutunun işindən tapmış, sonradan cibimə qoymuşdum».

2013-cü il martın 8-dəki ifadəsində Bəxtiyar Quliyev onu da deyir ki, cibindən tapılan narkotik maddə 10 mart aksiyasında iştirakçılara paylamaq üçün nəzərdə tutulubmuş.

Vəkillər məhkəmədə bu ifadələrin videoyazılarına da baxılmasını istəyiblər. Onlar videoyazıda önəmli məqamların olduğunu buna əsas gətiriblər.

Hakim ehtiyac yaranarsa, videoyazılara da baxılacağını dedi.

Bəxtiyar Quliyev bu ifadələrin ona məxsus olmadığını bildirdi:

«Kompüterdə yazırdılar, mən də dayanıb baxırdım».

MƏHKƏMƏ DEKABRIN 10-DA DAVAM EDƏCƏK

Bəxtiyar Quliyevin başqa ifadələrinin növbəti iclasda açıqlanacağı bildirildi. Həmin iclas dekabrın 10-da keçiriləcək.

NİDA-çı gənc Bəxtiyar Quliyev qanunsuz yollarla silah, partlayıcı maddə və qurğular əldəetmə, saxlama, daşıma və gəzdirmədə ittiham olunur. Ona qarşı həm də narkotik maddə saxlamaq, xuliqanlıq və zorakılıqların, talan və yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşların təşkili və ya belə iğtişaşlara qatılma maddələri də qaldırılıb.

NİDA-çılardan Məmməd Əzizov və Şahin Novruzluya qarşı silah, narkotik maddə və iğtişaşla bağlı maddələr irəli sürülüb.

Digər NİDA-çı gənclər – Rəşad Həsənov, Rəşadət Axundov, Zaur Qurbanlı və Üzeyir Məmmədli silah, partlayıcı maddə və qurğular əldəetmə, saxlama, daşıma və gəzdirmədə və kütləvi iğtişaşa cəhddə ittiham olunurlar.

«Azad Gənclik» Təşkilatının fəalı İlkin Rüstəmzadəyə qarşı ittihamlar xuliqanlıq, silah və kütləvi iğtişaşla bağlıdır.

Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty İnternational» müttəhimləri «vicdan məhbusu» elan edib.
XS
SM
MD
LG