Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:49

Rəis, mən bir az zatıqırıq adamam ha...


Azad Qaradərəli
Azad Qaradərəli
-


...Böhtan böhtan dalıycan döşədim kağıza. “Məni maxinasiyaya, yerlibazlığa çəkir, korrupsanerliyə alışdırmaq istəyir, müstəqilliyimizə kölgə salmağa çalışır, böyüyümüzə böhtan atır...”


Azad Qaradərəli


“ŞƏHƏRCİK”

(romandan parça)


...Oruc özü öz taleyini Ağaquliyevə danışmışdı. İlk sözü indiki kimi yadındaydı : “Rəis, mən bir az zatıqırıq adamam ha... gərək mənə çox da etibar eləmiyəsən.” Sonra da başlamışdı başına gələnləri danışmağa...

“Rəis... of... rəis...”

Ortaboylu, dik alınlı (bu dik alın hər adamda olmur, bu cür kişilərdə saç anadangəlmə arxaya daranır – klassik kişi fiqurasıdır bu) anadangəlmə paqonluymuş kimi körpülü çiyinləri, bir də bir-birinə bitişik qaşları onun vaxtilə yaraşıqlı kişi olduğundan xəbər verirdi. Amma bunu indi hər adam sezə bilməzdi. İndi o yaraşıqlı adamdan heç nə qalmamışdı.

Qoluyla ağzının suyunu silib çuxura düşmüş gözlərini ona zilləmişdi. O hansısa itirdiyi halına dönmək, işləklikdən qalmış sözləri tapıb yaddaşında bərpa etmək istəyir, əzabkeş sifəti daha əzablı günə düşürdü. Əynindəki didilmiş paltarları kimi sözlər də ağzından didilmiş halda çıxır, özünü heç cür bərpa edə bilmirdi. Amma o, özünə güvənirdi. Bilirdi ki, insan öz orqanlarına, məsələn qara ciyərə çox oxşayır. Qara ciyərin yarıdan çox hissəsini (xarab olmuş hissəni) kəsib atsalar, yerdə qalan az hissə (əgər salamatdırsa ) qısa bir zamanda özünü bərpa edə bilir. Bilirdi ki, sadəcə zibil tiyanının yanından aralanmaq, bir qədər adam kimi xörək yemək və bir insan övladıyla kəlmə kəsmək yetər ki, o özünü bərpa edə bilsin. Bu şərtlə ki, gərək tutması tutmasın. Tutması tutdusa, elə oradaca uzalı qalacaq, ölüb-eləməsə, ayılsa, təzədən özünü bərpa etməyə həmin vaxt və şərait lazım olacaq. İndi ona görə də ciddi-cəhdlə özünə əl qatıb normal vəziyyətə qayıtmağa çalışırdı. Elə bil hiss eləmişdi ki, bu adam kimdisə, ona yaxşılıq etmək istəyir. Ya da bu yaxşılıq elə-belə deyil, bunun arxasında hökmən nəsə var. Qoy olsun, lap beş gün də ona adam kimi yaşamaq üçün imkan, şərait yaratsınlar, sonra lap qoy aparıb öldürsünlər, dənizə atsınlar, gündə eşələndiyi zibilliyə tullasınlar. Təki vaxtilə dadını çıxartdığı o gözəl günlərə bir də dönə bilsin, lap bircə günlüyə də olsa.

“Rə-is, mən, mən, zadam...”

Axır ki, “Qara ciyər “ bərpa olundu deyəsən:

“Rəis, sən allah, qoy səninlə şərtimizi bəri başdan kəsək, sonra demiyəsən ki, ay Oruc, ay suka, ay bessovestniy, niyə məni vaxtında xəbərdar eləmədin... Bayaq dediyim kimi, mən bir az zatıqırıq adamam... Gərək mənim kimi adama, adam da deyirəm, günah eliyirəm, çox da etibar eləmiyəsən... Mənim kimisinin adamlığıynan heyvanlığı məhlim dəyil ki... Mənim beləliyimə baxma, AZİ-ni bitirmişdim. Özü də yaxşı oxumuşdum. Neft-qazçıxarma idarəsində növbə rəisinəcən yüksəlmişdim. Bir gün bizim tərəflərdən olan birini böyüdüb (heç böyümüyəydi) neftayırma zavoduna növbə rəisi qoydular.

O da mənim savadıma bələd idi. Gətirdi öz yanına. Sovet hökumətinin dağılhadağıl vaxtıydı. Gecə növbəsində səhərəcən levı benzin satırdım. Pulu meşoğnan alırdım, meşoğnan da təhvil verirdim. Sonra iş elə gətirdi ki, pulu yerlimdən böyüyünə də mən aparmalı oldum. Hər dəfə hər meşoxdan filan qədər əkişdirirdim... Axı bu mənim nəyimə gərəkdi? Mənə onsuz da bütün nəslimizə-kökümüzə çatası qədər pul qalırdı... Anama pul göndərirdim, kəndimizdə yaxşı bir mülk tikdirmişdim, bağım, maşınım, şəhərdə ikimərtəbəli dəbdəbəli sarayım...”

Uzun saçlarını yığıb futbolçular kimi əski parçasıyla arxadan bağlamışdı. İndi danışdıqca əski boşalır, saçı gözlərinin üstünə, boyun-boğazına tökülürdü. İri, hələ də qüvvəsini itirməmiş əllərini qaldırıb qapqara saçlarını yenə yığdı, əskisi ilə sıxıb bağladı. Cibindən yer-yurddan yığdığı siqaret kötüklərini çıxarıb birini seçdi, ikinci cəhddə yandırıb sümürdü. Uzanıb sinəsinə tökülən saqqalını yoluşdura-yoluşdura ara verdiyi əzablı söhbətinə başladı.

“Bir axşam anam kənddən yanıma gəlmişdi. Dedi ki, ay bala, gəlmişəm , səni evləndirəm. Allaha şükür, yaxşı qazanırsan, hələ mənə də əl tutursan, evin-eşiyin, pulun-pənən də var. Allah eloğlumuzun köməyi olsun, elə onun bacısı qızına elçi getmək istəyirəm. Hər gün gəlir bizə, suyumu gətirir, çörəyimi bişirir, əlimdən tutur. Su sonası kimi qızdı. Özü də messestralığı qurtarıb. Nə deyirsən?

Dedim, ay ana, mən nə hayda, sən nə hayda? Mənim hər günüm təhlükədi. Mən evlənib, heç kimin qızını bədbəxt eləyə bilmərəm. Sonra gətirib bir yastıq üzü dolu pulu qoydum arvadın qabağına, dedim ki, ay ana, bunu özünlə apar kəndə, içinə də bir az toyuq tükü yığarıq ki, balınca oxşasın, şübhələnməsinlər, işdi şayəd, mənim başıma bir iş gəlsə, həm özünüz xərclik eləyərsiniz, həm də məni qurtararsınız. Anam bilirsiniz nə elədi? Dəli kimi çığırıb dedi ki, dur bu saat mənimlə gedək milisə, aparaq bunu təhvil verək, səni tutarlar. Sən bank yarmısan, canisən, quldursan, day nə bilim nələr... Hə, axı arvad köhnə kommunistdi. İlk dəfə bolşeviklər bizim rayona gələndə onlara qoşulub bələdçilik eliyən, indiki dillə desək sukalıq eliyən, müsavatçıları qırdıran mənim babam Əjdər olub.

Partiyanın ilk özəyi də bizim kənddə yaranıb. Sovetliyimizdə beş adamın adı İnqilab, üçününki Oktyabr, dördününki də Marks idi. Anamın adı da Roza idi – kişi Roza Lüksemburqun şərəfinə qoymuşdu bu adı... (Bunu qoyum onu deyim: hələ xalamın adı laıp kef idi – Dolares. Hə də, Dolares İbarrurinin adını qoymuşdu biçarəyə. Kəndin bicəngələri məktəbdə oxuyan gənc qızın adını hərə bir cür yamsılıyıb: biri Dalaras deyib, biri Duluras deyib, biri Döl-aras deyib, qızı dəlicə eliyiblər. Axırı nənəm kənd sovetinin katibinə bir beçə verib, uşağın adını dəyişdirib Dilarə eləmişdi. Amma elə ölüncən ona kənddə arvadlar Dolarız, kişilər də ki, bildiyiniz kimi çağırdılar.) Nəysə, arvad çox dedi, mən az eşitdim, axırı şalını atdı başına, qayıtdı ki, niçevo (dedim axı, anam köhnə kommunist idi, ona görə rusca ac-maz bildiyi sözləri toqquşdurmağı sevərdi), mən özüm gedərəm yoldaş prokurorun yanına. Nə qədər elədim, arvad dediyindən dönmədi. Bildim ki, gedəcək. Babam qardaşı oğlunu - müsavat hökümətinin bizim zonadakı əlaqələndiricisi olmuş, İstanbulda ali təhsil almış Mirzə Ələskəri (o, qaçaqlara qoşulubmuş) öz əlləri ilə tutub bolşeviklərə təhvil vermişdi. Nəslimizdə vardı belə praktika... Hə, əlacımı allah kəsdi, qolundan tutub qaytarıb saldım içəri. İstədi əlimdən çıxıb qaça. Yapışdım birçəyindən, çırpdım divara. Çırpdım deyəndə ki, vallah əslində mən heç o cür bərk çırpmazdım, arvad hirslə əlimdən çıxmaq istəyəndə mənim zərblə çırpmağım, özünün də həmin səmtə dartınmağı üst-üstə düşdü, ana-bala xata elədik. Başından qan fışqırdı. (Sonra başa düşdüm ki, dəhlizdə divarın içində yığdırdığım palrat mebelinin sərt ucu arvadın başına girmişdi.) Nə qədər elədim, qan durmadı. Həkimə də aparmağa qorxdum... Anam gözümün qabağında can verdi... Offf, rəis...”

Birdən gözü çevrildi, dalbadal asqırıb içini döyən xəstə qoyunlar kimi başını qaldırıb-endirir, içini döyə-döyə tısqırır-fısqırır, ağzı köpüklənirdi. Əlini çətinliklə də olsa yan cibinə uzadıb elə çabalaya-çabalaya kirə-pasağa bulaşmış dəsmala bükülü tabletka dərman çıxartdı, birini qopardıb ağzına qoydu, yanındakı kapron butulkadakı sudan da əsə-əsə bir qurtum içib gözlərini yumdu. Təxminən on dəqiqəyəcən belə qaldı və nəhayət gözlərini açıb heç nə olmamış kimi söhbətini qaldlğı yerdən davam elədi.

“... Bağışla, rəis... Gözlədim, ölənnən sonra sürüyüb apardım hamama, qanını yudum, təmizlədim, gedib yataq otağındakı mələfələri çıxardım, meyidi özüm alabaşına-külbaşına kəfənlədim, sonra da Bakıdakı qohum-qardaşı çağırıb aparıb Binəqədidəki qəbiristanda basdırdıq. Dəfn elədik yox ha, basdırdıq deyirəm... Oğlunun əli ilə öldürülüb vacibasız, sidri-kafərsiz, imansız-Quransız gorbagor olana day nə deyərlər ki? Mən ali təhsilli olsam da, “basdırmaq”nan “dəfn eləmək” sözlərinin fərqini bilməzdim. Onda bildim, rəis...”

Gözləri meyit gözləri kimi çevrilmişdi, bəbəkləri yerindən bu saat çıxacaqdı sanki. Hiss olunurdu ki, bu danışdıqları onun içində şiş kimi yığılıb qaldıqca kor çiban təki ona indiyəcən olmazın əzablarını verib. Bu danışılası asan olmayan, amma danışmamağın da mümkün olmadığı kədər dolu yükü çiynindən atmağa məqam gəzirdi elə bil. “Rəis, mənə başqa bir basdırmaq zillətini görmək də qismət olub . Mən o zilləti heç düşmənimə də arzulamıram... Təxminən səkkiz-doqquz yaşlarındaydım.

Həyətimizə hardansa bir qancıq it azıb-təzib gəlmişdi. Axı çox az-az adam qancıq it saxlayardı. Şəhərə baxma, kənd-kəsəkdə sahibsiz it nədi, heç pişik də olmur. Sahibsiz adam olur, amma heyvan olmur. Vaxt olsa, sənə inşallah o sahibsiz adamdan da danışaram. Hə, qancıqları on kənddən birində ya it ölüsü olan adam – it həvəskarı demək istəyirəm – ya da çoban-çoluq saxlayardı. Kənddə kimin iti qocalsa, yaxud gülləyə-zada tuş gəlsə, gedib haman adamı tapar, bir erkək küçük alıb (ya pulla, ya da əvəzində quzu-çəpiş verməklə) gətirərdi qapısına... Əlqərəz, rəis... Bir gün bu it küçüklədi, samanlığımızda küy olmasın ona yaxın gözüyumulu küçük zəngildəşirdi. Deyəsən, balası çox olduğundan yetirib hamısının qarnını doyuzdura bilmirdi. Ona görə mən anamın inəkdən sağdığı süddən boşqaba töküb samanlığa apardım. Arvad bunu səhər biləndə məni saldı şiv çubuğun altına ala-göy elədi. İndi mən gömgöy göyərmiş bədənimdəki çubuq izlərinə baxa-baxa küçüklərdən də betər zəngildəyirdim. Anam gün batanda əlinə bir bel, bir də külüng götürüb məni də qatdı qabağına. Bağımızın ayağındakı qobu dediyimiz yerdə təxminən yarım metr dərinliyində çala qazdı. İçini də mənə təmizlətdiyi həmin çalaya bu namərdin qızı haman üç günlük küçükləri doldurub üstünü də torpaqladı. Hələ qıraqdan beş-on iri daş da gətirib onların üstünə qalaqladı ki, qancıq qazıyıb balalarını çıxarda bilməsin... Mən nə qədər özümü yerə sürtüb ağlasam, yalvarsam da xeyri olmadı. İnanırsan, rəis, düz o gecə səhərəcən bizim qobuda yerin altından küçüklərin iniltisi, üstündən də ana qancığın zəngiltisi kəndi başına götürdü. Mənim kor olmuş bu gözlərim belə kopayoğluluğa, toyes, köpəkqızlığına şahidlik eyləyib, rəis...”

O ağlamaq istəyirdi, ağlaya bilmirdi. Susmuşdu, ancaq içində danışırdı əslində. Qəribəsi də o idi ki, elə bil qarşısındakı da onun susmuş vəziyyətdə “danışdıqlarını” başa düşür, anlayırdı. “Rəis, mən çox kopayoğlu adamam, gərək mənim kimisini qapında it yerinə də saxlamayasan. Anam öləndən sonra mən guya arvadın arzusunu yerinə yetirmək üçün dediyi qızla evləndim. Amma o yazığın da gününü göy əskiyə bükdüm. Əlli yerdə əllisiynən kef çəkirdim, dayısını işdən çıxartmışdılar axı! Day o mənim nəyimə gərəkdi ?.. (Yeri gəlib, qoy bunu da ayrıca da olsa danışım sənə, içimdəki bu dağ boyda düyünlərə təkcə yiyəlik eliyə bilmirəm axı. Hə, bir gün Nadirov – bizim haman o növbə rəisinin familyası beləydi – məni yanına çağırıb dedi ki, səndən şikayət var, işdən qovulursan. Dedim, nə qədər lazımdı, pul verirəm, düzəlt bu işi, qovulmayım. Axı hər gün onun da payını verirdim, gərək bu hesabla mənim işdən qovulmağıma razı olmasın. Dedi, yaxşı, filan qədər gətir, mən böyüyümüzlə danışım, səni qaytarsınlar yerinə. Rəis, o filan qədər deyəndə bilirsən nə qədər demişdi? Təxminən o vaxtacan mənim qazandığımın yarısı! Buna yaxşı deyib, işdən sonra özüm getdim böyüyün yanına. Dedim hal-qəziyə belədi, Nadirov belə deyir, mən neyniyim? Qayıtdı ki, Nadirov qələt eliyir, başını daşa döyür. Sən başını sal aşağı işini gör, ona da bir söz demə. Ancaq mənimçün balaca bir kağıza bu dediklərini yaz, ver. Yazdım, hələ beş də artığını! Nə qədər fantaziyam imkan verirdi, böhtanı böhtan dalıycan döşədim kağıza. “Məni maxinasiyaya, yerlibazlığa çəkir, korrupsanerliyə alışdırmaq istəyir, müstəqilliyimizə kölgə salmağa çalışır, böyüyümüzə böhtan atır...” Min cür şər-şəbədə yazıb doldurdum kağıza. Heç ikicə gün keçməmiş, dostumu atdılar bayıra. Hələ tutacaqdılar, canını güclə qurtardı.) Nə başınızı ağrıdım, bı köpək qızı axırda gördü ki, mənimlə yaylıyıb-qışdamaq olmur, içkili vaxtımda xörəyimə nəsə qatdı, ağlım başladı tormoz eləməyə... Əvvəl işdən atdılar bayıra, sonra da arvad qapını üzümə bağladı, var-dövlətim əlimdən çıxdı, qaldım küçələrdə... Neçə ildi bu kökdəyəm, vallah onu da bilmirəm, day illərin sayını itirmişəm. Heç soruşsan, neçənci ildi, bilməyəcəm. Hərdən elə bilirəm ki, anam (yazıq anam) məni elə belə bomj doğub... Bir cüt balama, topdağıtmaz ev-eşiyimə həsrət qalmışam... Rəis...”

Orucun bir qara çaydanı, hansı ki, onda su qızdırıb çay əvəzinə içirdi, bir para palazı, (yenə palaz!) onu da üstünə örtərdi, bir də bir dəftəri vardı. O bu dəftəri çaydandan da, palazdan da çox istəyirdi. Dəftərin üzü qalın idi. İçərisində qara karandaşla kiril əlifbasıyla nəsə qaralama yazılar vardı.

Ağaquliyev onu maşına mindirib aparanda “nəyin var, get, götür” demişdi. O da acı-acı gülmüş, elə olanının bu üç seydən ibarət olduğunu bildirmişdi. Çaydan ilə palazı atmaq istəməmişdi. İkisini də bərk-bərk qucaqlamışdı. Dəftəri isə soxmuşdu şalvarının alüminium məftildən olan bağının altına.

Onu hamama salanda paltarları yandırdılar. (Təkcə üstdən geyindiyi gödəkcəsini saxladılar, o bir az abırlı idi) Çaydan ilə palaz qırığını zibil qutusuna atdılar. Ayna dəftərçəni də yanan paltarların içinə atanda Ağaquluyev əlindən almış, maşınının dal oturacağının cibinə qoymuşdu. İndi həmin dəftəri götürüb vərəqləyir, oxumaq istəsə də oxuya bilmirdi. Eləcə əlində tutmuşdu.

Ağaquluyev əslində acmamışdı. Heç min il də yeməsə, bu vəziyyətdə acan deyildi. Amma mədəsi farağat dayana bilmirdi. Bir də hər günorta onun bir çapma stəkan araq içib üstündən bir kasa piti, dalıncan iki şiş kabab yeməyi vardı. Yəqin mədə bunları istəyirdi. Bir də gördü maşını “Ağ saray” şadlıq evinin tinindəki kafenin qabağında saxlayıb. Yadına düşdü ki, Orucu bu kafenin qabağındakı zibillikdə görmüşdü. Nə qədər maşını sürüb keçmək istəsə də özünü saxlaya bilməmişdi. Yaxınlaşıb ona pul vermişdi.

Sonra da özü ilə kafeyə aparmışdı. Kafedə sifariş verdiyi kababları, salatları, soyuq içkiləri sellofan torbalara doldurub vermişdi Orucun əlinə, özünü də maşınına mindirib gətirmişdi içərisində təmir gedən villasına. Yol boyu fikirləşmişdi ki, beləsini bataqlıqdan çıxarsan, sədaqətlə sənə qulluq eləyər, köpək kimi quyruq bulayıb həyət-bacanı qoruyar. Gətirib fəhlələrə, ustalara göstərmişdi, demişdi ki, bu kişi innən belə bizim bu evdə xidmətçi olacaq. Nə iş olsa, ona buyurun.

Mülkün arxasında kiçik bir otaq, yanında da tualet və hamam vardı. Bu otağı da, hamam-tualeti də verdi Oruca. Möhkəm-möhkəm tapşırdı ki, daha zibilliklərdən yığış. Sənin gündəlik yeməyin, yatmağa yerin, hətta cib xərcliyin də var bu gündən.

Xəstəliyinə də bir əncam çəkəcəyini demişdi – həkimə göstərəcəkdi. (Əslində onun yerinə qohum uşaqlarından birini götürə bilərdi. Amma bu olmazdı. Nədən ki, milyon da versən, həmin “sədaqətli qohum” bir gün harada işlədiyini, kimin evinə baxdığını və nəhayət, Ağaquluyevin, onun Aynasının adını ağzından qaçıracaqdı. Bu da onun evində, allah eləməmiş işində, axırda isə nazirliyində kiminsə qulağına çatacaqdı, sonra da başlayacaq bütün şəhərdə ayaq tutub yeriməyə, ki, bəs, İskəndərin buynuzu var, buynuzu... Hələ allah eləməmiş bir səfeh müxbirin qələminə də tuş gəlsə, Aşqabat batan kimi batar...)
XS
SM
MD
LG