Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:15

TeleRadio Şurası ANS-in «cin»ini sıxışdırıb


«Adam içində» verilişində «cin çıxarılma»
«Adam içində» verilişində «cin çıxarılma»
-
Milli TeleRadio Şurası (MRTŞ) yanvarın 10-da keçirdiyi iclasda başqa məsələlərlə bərabər ANS-in «Adam içində» verilişində «cin çıxarılma»sını da müzakirə edib.

MRTŞ-nın yaydığı aşıqlamada deyilir ki, sözügedən verililşdə «Televiziya və radio yayımı haqqında» qanunun 32.0.1; 32.0.9; 35.11-ci maddələrinin, «Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar»ın 2.4-cü bəndinin tələbləri pozulub. Buna görə də MRTŞ «ANS Müstəqil Yayım və Media Şirkəti»nə xəbərdarlıq edib.

Ölkə teleməkanında «cin» məsələsi yeni deyil. Ötən ilin dekabrında «Space» telekanalının «Günaydın» verilişində də ekstrasens kimi tanıdılan şəxs canlı efirdə proqram iştirakçılarından birindən «cin çıxarmışdı». Sosial şəbəkələrdə dartışmalardan dərhal sonra «Space»in icraçı direktoru Kamil Kələntərli «Qafqazinfo»ya açıqlamasında demişdi ki, cəmiyyətdə «cin çıxarma» mövzusu geniş yayıldığından onlar da bunun «şarlatanlıq» olduğunu sübut etmək istəyiblər.

Bəs ANS-in «cin çıxarma»sı niyə MRTŞ-nın diqqətini cəlb edib? MRTŞ sədri Nuşirəvan Məhərrəmli bunun səbəbini «Qafqazinfo»ya belə açıqlayıb ki, sosial problemli insanların vəziyyətləri üzərində şou düzəldilməsi xoşagəlməz haldır. Şura sədrinin fikrincə, fiziki, mənəvi problemləri olan insanların durumunu əyləncə mövzusuna çevirmək olmaz.

«VERİLİŞ REYTİNQ GƏTİRMƏLİDİR»

Əyləncə proqramları ilə tanınan «Soy» kompaniyasının direktoru Oqtay Əliyev AzadlıqRadiosuna müsahibəsində deyir ki, teleməkanı tamaşaçı marağı yönəldir:

«Televiziyaya veriliş təqdim edəndə yeganə yanaşma budur ki, veriliş reytinq gətirməlidir. Əgər reytinq gətirmirsə, yaşamaq hüququ olmur. Düzdür, bəzən bayağı verilişlər də reytinq gətirir. Reytinqli verilişi, təbii ki, maraqlı, informativ və maarifləndirici etmək olar. Amma söhbət ondan gedir ki, tamaşaçı nəyə baxır, nəyə üstünlük verir.
Oqtay Əliyev
Oqtay Əliyev
Televiziyalar da, prodakşnlar (istehsal şirkətləri – S.A.) da sizi inandırım ki, tamaşaçı zövqünü nəzərə almağa məcburdur. Hər ayın axırında reytinq cədvəli çıxanda, o verilişlərin reytinqi azalarsa, demək, bağlanmalıdır. Çünki sponsorlar və ya reklamverənlər həmin verilişdən üz döndərir».

«CİN ÇIXARMAQ DA OLAR, RUH ÇAĞIRMAQ DA»

Oqtay Əliyev deyir ki, verilişdə cin çıxarmaq da olar, ruh çağırmaq da. O, ekstrasensə, falçıya yer verən bəzi Türkiyə, Rusiya telekanallarını misal gətirir. Müsahibimizin sözlərinə görə, hər bir insanın hər bir şey haqqında oxumağa, bilməyə haqqı var:

«Amma baxır bunu necə təqdim edirsən. Əlbəttə, əgər verilişdə «cin çıxarırsan»sa, ora mütəxəssislər də dəvət edirsən ki, bunun xürafat olub-olmadığı barədə açıqlamalar versinlər».

«Soy» kompaniyası prezidentinin fikrincə, kiməsə «bayağı» gələn o biri üçün «əla» sayıla bilər. O deyir ki, tamaşaçı baxmasa, belə verilişlər bağlanıb gedər.

«TELEVİZİYALAR MÖVZU AXTARMAQDA ÇƏTİNLİK ÇƏKİR»

«Televiziyalar müstəqil, sərbəst deyillər, mövzu axtarmaqda çətinlik çəkir». Bu qənaəti AzadlıqRadiosuna bölüşən teletənqidçi Qulu Məhərrəmli düşünür ki, yerli televiziyalar cəmiyyətdə olan çoxsaylı sosial-iqtisadi problemləri ya görmür, ya da görməzlikdən gəlir:

«Cəmiyyət həyatında o qədər ictimai-siyasi mövzular var ki, bunların hamısının həm ekranlarda, həm qəzet səhifələrində ciddi müzakirəsi tələb olunur. Amma cəmiyyətin problemlərinə, dərdlərinə güzgü tuta bilməyəndə və ya araşdırmaq istəməyəndə, bu cür – cin çıxarmaq və ya sünnət eləmək, qonşuyla dalaşmaq kimi heç kəsə gərək olmayan, şit, bayağı şoular hazırlayır və guya reytinq qazanırlar. Bunun sayəsində də Azərbaycan tamaşaçıları yerli kanala baxmır, onu mötəbər saymır».

Qulu Məhərrəmli
Qulu Məhərrəmli
Qulu Məhərrəmli son 7-8 ildə televiziyaların üzləşdiyi bu durumu böhran sayır və hesab edir ki, bu böhrandan çıxmaq üçün TV siyasəti bütünlüklə dəyişməlidir:

«Belə olmasa, televiziyalar cindən, sünnətdən uzağa gedə bilməyəcəklər».

YARIM MİLYARD DOLLARLIQ REKLAM GƏLİRİ

Ötən il Azərbaycan telekanalları nə qədər reklam əldə edib? Bu sahədə araşdırmalar aparan «SİAR-Media»nın (Sosial Marketinq Araşdırmalar Mərkəzi) rəhbəri Xanım Fərzəliyeva AzadlıqRadiosuna bildirib ki, ötən il dövlətdən maliyyələşən və özəl TV-lərin reklam gəlirləri təxminən 520 milyon dollar olub. Xanım Fərzəliyeva qeyd edib ki, hesablamalar kanalların rəsmi qiymət vərəqələrində göstərdikləri məbləğlərə əsasən aparılıb və kanallar tərəfindən reklamverənlərə təqdim olunan heç bir güzəşt faizini əks etdirmir.

Bu rəqəmlər televiziyaların reklam sarıdan korluq çəkmədiyini göstərir. Bəlkə elə buna görə də keyfiyyət arxa plana keçib?

Qulu Məhərrəmli reklam arxayınçılığını istisna etmir və deyir ki, onsuz da hansı televiziyaya nə qədər reklam veriləcəyi bəllidir, çünki ən aşağısı, birillik müqavilələri olur. Amma o, problemi təkcə reklam arxasınca qaçmaqda görmür və vurğulayır ki, dövlət büdcəsindən maliyyələşən televiziyalar da tamaşaçını maraqlandırmır:

«Dövlət büdcəsindən 4 televiziya maliyyələşir. AzTV, Mədəniyyət və İdman telekanalları və İctimai TV. Axı heç bunlar da tamaşaçı diqqətini çəkən proqramlar hazırlamırlar. Nə qədər ki, auditoriya qarşısında məsuliyyəti dərk edib qiymətləndirmirlər, bayağı, aşağı səviyyəli verilişlər davam edəcək».
XS
SM
MD
LG