Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:15

Cindar Həsən: “Sehir, cin, cadu – bunlar hamısı Quranda təsdiqlənib”


soldan sağa: İlqar Dərgahlı, Gündüz Ağayev
soldan sağa: İlqar Dərgahlı, Gündüz Ağayev

«Pen klub»dakı debata rəssam Gündüz Ağayev, parapsixoloq İlqar Dərgahlı, ekstrasens Həsən Həsrəti, teletənqidçi Qulu Məhərrəmli və «Soy» kompaniyasının direktoru Oqtay Əliyev qatılıb.

-

Səadət Akifqızı

- İndi özünü cindar kimi təqdim edən Həsən Həsrəti efirdədir. Həsən bəy, bildiyim qədəriylə siz “Space” kanalında cin çıxartma proqramına qatılıbsınız. Lütfən bu haqda danışın.

Həsən Həsrəti

- Belə başlamaq istəyirəm ki, sehir, cin, cadu, əməl – bunlar hamısı Quranda təsdiqlənib. Əgər biz müsəlman olaraq öz Quranımıza inanırıqsa, deməli bu əməllər var.

Gündüz A.

- Deməli, bu bəy cin çıxardır. O adamların bədənində cini görür, mənə maraqlıdır o cin sonra gedib kimin bədəninə girir. Mən əminəm ki, o gedib hansısa məmurun bədəninə girə bilməz, ya da məktəbdə rüşvət alan bir adamın bədəninə girə bilməz, ancaq kasıb-kusubun bədəninə girə bilər...


Bu yaxınlardan ANS-in «Adam içində» verilişində nümayiş etdirilən cin çıxartma səhnələri gündəmi silkələdi. Milli Televiziya və Radio Şurası ANS-in «Adam içində» verilişində yaşanan cin qalmaqalı ilə bağlı telekanala xəbərdarlıq edib. Bəs belə səhnələrin TV-lərdə yayımlanması nə dərəcədə doğrudur? Bu, TV-lərə reytinq gətirir, yoxsa xalqın xurafata inamından irəli gəlir?

Mövzunu «Pen klub»da rəssam Gündüz Ağayev, parapsixoloq İlqar Dərgahlı, ekstrasens Həsən Həsrəti, teletənqidçi Qulu Məhərrəmli və «Soy» kompaniyasının direktoru Oqtay Əliyev müzakirə edirlər.


Səadət Akifqızı

İlqar bəy, ilk sualım sizədir, sizcə, TV-lərdə niyə cin çıxardırlar?

İlqar Dərgahlı

- Bir parapsixoloq olaraq, deyə bilərəm ki, cinin insan ruhundan təmizlənməsi məsələsi ekzaltasiya adlanır. İnanıram ki, bu mövzuda danışacaq daha yaxşı mütəxəssislər var və bu gün onlar bizi dinləyirlər. Mən onları həmkar sayıram. Hesab edirəm ki, bu sahədə olduqca böyük dünya təcrübəsi var, hətta bu mövzu orta əsrlərdən bu yana aktuallığını itirməyib və bu gün daha da aktuallaşıb.

Səadət A.

- Bunu aktual edən nədir?

İlqar D.

- Bunun bir neçə obyektiv-subyektiv səbəbləri var. Ən azı cəmiyyət televiziyanın, kinonun təsiri ilə onun yaxşı və pis tərəfləri ilə təlimlənib, məlumatlandırılıb. İnsanların anlamağa ehtiyac duyduğu bir çox proseslər var ki, bu səpkidə yozumlara ehtiyac yaranır. Günün aktual prosesinə çevrilir. Burda baxış birmənalı deyil. Burda nevropsixoloji xüsusiyyətlər də var, insanın xarakterindən qaynaqlanan şeylər də var. Bu gün yer aktivliyinin artması, ekoloji problemlərin gərginləşməsi, insan orqanizmində fotogen enerjilərin aktivləşməsi də buna gətirib çıxara bilər. Bununla bağlı cəmiyyətdə ikili təzad var, alimlər və bu sahədə çalışanlar arasında antoqonist münasibət yaranıb. Bu işin təbliğatı, maarifləndirilməsi düzgün aparılmasa, insanların buna münasibəti daha da kəskinləşəcək, kütlənin buna marağı daha da artacaq.

Səadət A.

- Gündüz bəy, sizin də münasibətinizi eşitmək istərdik. Siz həm də ona görə studiyamızdasınız ki, bu mövzuya karikaturalarınızla münasibətinizi bildiribsiniz. Sizin son olaraq çəkdiyiniz “Döyüş cinimizə yazılıb” karikaturanız sosial şəbəkələrdə paylaşıldı.

Gündüz Ağayev
Səadət Akifqızı
Səadət Akifqızı

- Əslində, orda iki karikatura var, birincisi cin çıxardan şəxsin ifşasına yönəldilib, ikincisi isə bunu təbliğ edən televiziyanın ifşasına. İlqar bəy elmi dildə danışdı, bir şey başa düşmədim, amma televiziyada yaxşı, ya da pis mənada göstərildiyini deyir, bunun təbliğatından danışır. Bu ümumiyyətlə pis şeydir, nə yaxşısı, nə pisi var. İnsanlar bunu görür, onlara təsir edir və bu, cəhalətə aparan bir yoldur. Burda yaxşı və pis məna yoxdur. Bu birbaşa qaranlığa, xurafata aparır.

Səadət A.

- Sizcə, televiziyalar nəyə görə məhz belə mövzulara müraciət edirlər. Belə çıxır camaat üçün maraqlıdır, onlar da reytinq qazanmaq istəyirlər?

Gündüz A.

- Elə də izah etmək olar. Televiziya sivilizasiya üçün işləyən, inkişafa yönəlik bir kəşfdir. Bundan yaxşı məqsədlərlə istifadə etmək lazımdır. Amma bunu götürüb cəmiyyəti savadsızlığa, xurafata aparmaq üçün istifadə etmək düzgün deyil. Televiziyanın, qəzetin rolu cəmiyyətə kömək etməkdir. Amma sən götürüb cin çıxartmaq səhnələrini, çox eybəcər səhnələri göstərməməlisən.

Səadət A.

- Televiziyaların rolu müxtəlif ola bilər, o həm əyləndirir, həm də informasiya yayır. O buna yardım etməyə də bilər, burda söhbət özəl telekanallardan gedir. Əgər tamaşaçı baxırsa, niyə belə şeyləri verməsin?

Gündüz A.

- Lap bu qədər də yox də, onsuz da bizdə şou proqramarı həddindən artıq çoxdur, maarifləndirici verilişlər azdır. Üstəlik də cin çıxartmaq lap biabırçılıqdır. Bilirsiniz biz özəl televiziyalar deyirik, bizdə özəl televiziyalar yoxdur, hamı bilir ki, bu özəl televiziyalar nəyə xidmət edir. Mən belə televiziyalara baxanda onların verilişləri, şou proqramları məndə ikrah doğurur. Özümü yaxşı hiss etmək üçün AZTV-yə çox baxıram. Orda cin çıxartmırlar, həm də özünü Avropa vətəndaşı kimi hiss edirsən ki, doğurdan da hər şey yaxşıdır ölkədə. Cin çıxartma məsələsinə gəlincə, orda görürük Qurandan nələrsə oxuyurlar, mənə maraqlıdır, bir yaponun bədənində olan cini çıxartmaq istəyəndə nə deyirlər, cin hansı dildə bilir, hansı dildə reaksiya verir və bəlkə də Yaponiyada yaponların bədənindən cin çıxartmaqla bağlı belə bir veriliş yoxdur.
ANS-də "cinlini sakitləşdirmə"
ANS-də "cinlini sakitləşdirmə"

Səadət A.

- İlqar bəy, siz necə düşünürsünüz, cin xurafatdırmı?

İlqar D.

- Yox xanım, mən elə deməzdim. Buna konkret, birmənalı münasibət bildirmək düzgün deyil. Mən indi Gündüz bəyin sözlərinə qulaq asıram, cəmiyyətdə bu sahəyə müxtəlif münasibətlər var. Amma tarixi faktlar var, bu gün dünyanın bir çox dinlərində bu var. Yaponiya haqqında bilmirəm, deyə bilmərəm. Amma istər Çin olsun, istər Tibet olsun, istərsə də Avropanın mötəbər təhsil müəssisələri tərəfindən bu həm tədris olunur, onların rahibləri bu metodikaları öyrənir, bununla məşğul olur. Buna misal olaraq Fransanı göstərmək olar, Rusiyanın özündə bu iş, bu gün çox aktualdır. Bu bir fakt olaraq orta əsrlərdən bu yana yaşayır və gəlir.

Səadət A.

- Elm təsdiqləyirmi bunu?

İlqar D.

- Yəqin ki, elm təsdiqləməz. Elm çox şeyləri təsdiqləmir. Mən belə şeylərin içində ömrümün xeyli hissəsini keçirtdim. Bu işə münasibətdə ikili standartlar görürəm. Bir yandan inkar edirik ki, cin deyilən şey yoxdur, digər tərəfdən kütləvi surətdə təbliğat aparırıq. Bu insanları çıxmaza gətirir. İnsanlar seçim qarşısında qalırlar ki, göstərilirsə deməli var, yoxdursa nə üçün göstərilir. Alimlər bu sahədə yetərincə tədqiqatlar aparırlar. İstər Misir ehramlarının içində, istərsə digər yüksək fotogen zonalarda ruhlarla bağlı tədqiqatlar aparılıb.

Səadət A.

- Hər bir sahədə tədqiqatlar aparıla bilər, amma elmin təsdiqləmədiyi sahəni televiziyanın göstərməsi doğrudurmu?

Gündüz A.

- Bu, konkret vətəndaşı aldatmaq deməkdir. Bu yollarla insanları aldadırlar.

Səadət A.

- İnsanlar istəmirsə baxmasınlar, çevirsinlər kanalı.

Gündüz A.

- Hansına çevirsin, bütün kanallar o gündədir də. Bütün kanallar cin çıxartmaqla məşğuldur.

Səadət A.

- İndi “Soy production”un direktoru Oqtay Əliyev telefon xəttindədir. Oqtay bəy, sizcə televiziyalar bu tipli mövzulara reytinq qazanmaq üçünmü müraciət edirlər?
Oqtay Əliyev
Oqtay Əliyev

Oqtay Əliyev

- Təbii ki, reytinq qazanmaq da vacib məsələlərdən biridir. Əgər bir kanal, yaxud veriliş reytinq qazanmırsa, onda o bağlanmalıdır. Kanallar sizin dediyiniz cin mövzularına insanları dəvət edir, bu haqda danışdırırlar, amma bu o demək deyil ki, kanallar bunu təbliğ edirlər. Sadəcə olaraq bizim televiziyalardan kənarda da o cindarlar, falçıların qapılarında aylarla, illərlə növbələrə düzülüb müalicə olunmağı, bəxtini açdırmağı gözləyən insanlar var. Belə cindarları verlişlərə gətirib, alimlər, bu işlərlə məşğul olan peşəkarlar onları ifşa etməlidir ki, “Ay camaat, artıq 21-ci əsrdir, artıq belə şeylərə son qoymaq lazımdır”. Kanallar belə şeyləri göstərirlər və həm aparıcı tərəfdən, həm qonaqlar tərəfdən belələri tənqid olunurlar. O ki, qaldı belə verilişlərə, Rusiyanın sırf bununla məşğul olan “TNT” kanalı var. O kanal başdan-ayağa kimi, falçılardan, bəxtə baxanlardan verir. O cümlədən Türkiyədə də belə kanal var. Hətta “TNT” də “Bitva Ekstrasensov” var ki, onun reytinqi çox yüksəkdir, tamaşaçılar buna baxır. Nə isə mif xarakterli bir şey veriləndə tamaşaçıları bu cədir, amma heç kəs bunu kütləvi şəkildə təbliğ edib efirə vermir. Sadəcə olaraq göstərirlər ki, belə bir adam var. Gedib onun qapısında gözləməkdənsə ki, bu mənə kömək edəcək, sağaldacaq, həmin adamı efirə çağırır. Göstərir ki, get ağlını başına yığ, belə şeylər olmaz.

Səadət A.

- Oqtay bəy, siz demək istəyirsiniz ki, bu tip veirlişlərin əksinə, maarifləndirmək məqsədləri var və bunlar həqiqət deyil. Sizcə əks-effekt nə dərəcədə realdır? Belə ekstrasenslər kütləvi tanındıqdan sonra onların qapısına gedən adamların sayı artmırmı?

Oqtay Ə.

- Deməli belədir, istəyirsiniz efirə çıxartmayın, istəyirsiniz çıxardın, istəyirsiniz göstərməyin, ya göstərin, fərqi yoxdur. Onsuz da kimin istəyi varsa, kim ona inanırsa ordan-burdan, qonşulardan, internet səhifələrindən belə adamların nömrəsini tapıb mütləq gedəcək. Bu hal hətta 80-ci illərdə, 70-ci illərdə, 60-cı illərdə də vardı. O vaxt deyirdilər, Gəncədə filankəs var, Lənkəranda filankəs var. Maşınlar gedib belələrinin qapısına düzülürdü. Belə şeylər həmişə var, həmişə olacaq. Sadəcə olaraq, beşi inanırsa, onu inanmayacaq və həmin onuna işləmək lazımdır. Əgər adam tərəddüd edirsə, informasiya yayıb, maarifləndirmək, inandırmaq lazımdır ki, belə şeylərə inanmaq olmaz. Amma belə verilişləri tamam bağlayın, yenə də adamlar gedib onları tapacaq.

Səadət A.

- İndi özünü cindar kimi təqdim edən Həsən Həsrəti efirdədir. Həsən bəy, bildiyim qədəriylə siz “Space” kanalında cin çıxartma proqramına qatılıbsınız. Lütfən bu haqda danışın.

Həsən Həsrəti

- Belə başlamaq istəyirəm ki, sehir, cin, cadu, əməl – bunlar hamısı Quranda təsdiqlənib. Əgər biz müsəlman olaraq öz Quranımıza inanırıqsa, deməli bu əməllər var. Sadəcə mən həmişə insanları bu əməllərdən uzaq tutmağa çalışmışam. İkincisi mənim reklama ehtiyacım yoxdur. İlin 8-9 ayını xaricdə oluram. Mən İstanbulda, Moskvada, Peterburqda, Gürcüstanda, Dubayda işləmişəm. Dörd il İstanbulda yaşamışam. Bakıya gəlib, verilişlərdə iştirak edib, müştəri qazanmağa çalışmamışam. Bütün kanallarda, radiolarda çıxışlarım olub, həmişə insanları bu şeylərdən, cadudan, əməldən uzaq olmağa çağırmışam. O ki, qaldı cinin varlığına, Qurani-Kərimn 72-ci surəsini açıb oxuya bilərsiniz. Mən heç, Quran bunu təsdiq edir. Təkcə bizim dinimizlə yox, göndərilən hər dörd kitaba görə, cadu, sehr, şeytan, cin var. Sadəcə bu qüvvələrdən qorunmaq lazımdır, insanları daşındırmaq lazımdır bu şeylərdən. O ki, qaldı Həsən Həsrəti bu gün qınaq obyektinə çevrilib, mən niyə qınanmalıyam axı, bir halda ki, Süleyman Əleyhəssalamın yoluyla getməyə çalışmışam. O da cinləri və şeytanları özünə ram edib. Əgər mən birini sağaldıramsa bunun nəyi günahdır. Yaxud da əgər televiziya efirində bir əşya qalxıb yerə düşüb qırılırsa, onu mən qaldırıramsa, onda niyə görə məni inkar edirlər.

Səadət A.

- Həsən bəy, heç sirkdə gözbağlayıcılara baxmısınızmı?

Həsən H.

- Mənim işim fokus deyil, mən insanları sağaldıram. Mənim yanıma xəstə gəlir, mən Quran oxuyub sağaldıram onu. Adamlara deyirəm, əvvəlcə həkimə müraciət edin, artıq həkimin gücü çatmayanda, iynə-dərman kömək etməyəndə ən son məqamda bizə müraciət edin. İkincisi də mən bu yaxınlarda o kanalda cin çıxartmamışam, sadəcə cinlənmiş bir qızı sakitləşdirdim, veriliş arası fasilədə onu yatırdım və ancaq bundan sonra onu götürüb apara bildilər.

Gündüz A.

- Deməli, bu bəy cin çıxardır. O adamların bədənində cini görür, mənə maraqlıdır o cin sonra gedib kimin bədəninə girir. Mən əminəm ki, o gedib hansısa məmurun bədəninə girə bilməz, ya da məktəbdə rüşvət alan bir adamın bədəninə girə bilməz, ancaq kasıb-kusubun bədəninə girə bilər. Kasıbın burdan da bəxti bağlanıb. Bu insanlara, bu söhbətlərə ciddi yanaşmaq olmur.

Səadət A.

- Əgər Həsən bəyin yanına insanlar gedirsə, onda nə günah var. Bəlkə problem başqa yerdədir?

Gündüz A.

- Problem cəmiyyətdədir. Bizim televiziyalarımız bir kitab təbliğ eləmir. Bunlar deyirlər biz insanlara bunların ziyanını təbliğ edirik. Ondansa bir kitab təbliğ elə, bir yaxşı film çək insanlar maariflənsin. Bir əsr bundan əvvəl belə şeylərə inanan daha çox idi, nəinki indi. Deməli, insanlar maariflənib. Vallah, ayıbdır cin var, şeytan var demək. Mən bunlara mifik obrazlar kimi baxıram, cin, şeytan insan özüdür. Xarekterinə görə, birini tülküyə oxşadıblar, birini əjdahaya, birini şeytana. Bunlar mifik obrazlardır, gərək o qədər gerizəkalı olasan ki, belə şeylərə inanasan.

İlqar D.

- Bilirsiniz söhbət nədən gedir? Baxmayaraq ki, internet maariflənmək üçün həddsiz, sərhədsiz imkanlar açır. Səmavi kitabların hər birində bu mövzu qaldırılıb, bu mövzu haqda xəbərdar edilib. Bu reallıq var və insanlar cindarın, falçının yanına gedir. Mənsə çox arzu edərdim ki, necə ki, xaricdə tibb fakültəsi gedib kilsələrdə ekzaltizmi öyrənir, bizdə də elm adamları, ekstrasenslərlə birlikdə, bir-birinin təcrübəsiylə tanış olsunlar, bəlkə də onda daha çox təcrübə əldə edə bilərdilər. Mən açığını deyim, özümdə qüdrət tapmıram ki, deyim cin yoxdur. Mən o sözü deyə bilmərəm. Bəli, bunun aşırı təbliğatı insanları yanlış yerlərə yönləndirə bilər, onlar ara fırıldaqçılarının qurbanı ola bilərlər. Bunların da aradan qaldırılması yolu Həsən bəy kimi, Zirəddin bəy kimi adamları qəbul etmək, onlarla əməkdaşlıq etməkdir.

Səadət A.

- Oqtay bəy, televiziyada cin çıxartmaq, ruh çağırmaq səhnələrinin qurama olmadığı nə dərəcədə bəllidir? Necə təminat verilə bilər ki, bədənindən cin çıxardılan adam burda rola girməyib?

Oqtay Ə.

- Deyim ki, birincisi o cin çıxartma heç də quraşdırma deyil. İkincisi, mən Həsənə cindar kimi yanaşmanızı yanlış hesab edirəm. Onu daha çox psixoloq hesab etmək lazımdır. İnsanlar ona inanırlar. O ki qaldı efirdə kitabla bağlı verilişlərə, bəli bu gün efirdə kitabla da bağlı, maarifləndirmə ilə də bağlı verilişlər var, sadəcə o studiyada olan adam bunlara diqqətlə baxmayıb. Mən bir daha deyirəm, cin çıxartma ilə bağlı televiziyada son günlər olan həmin verilişə diqqətlə baxsınlar. O verilişdə söhbət cin çıxartmanın təbliğindən getmirdi. Sadəcə bunu bir hadisə kimi qeyd etmək lazım idi ki, belə bir insan var, filan-filan edir. Bu, sadəcə müzakirəydi. Bu, şou deyil, insanları maarifləndirmək üçün nəzərdə tutulub. Məsələ burasındadır ki, o verilişi müzakirə edənlər, oturub ona axıra qədər baxmır ki, burda nədən danışıldı, sadəcə adamlar cin çıxarılma səhnələrini internetdə görüb, amma onun axırında, əvvəlində nələr oldu, bu heç kimi maraqlandırmır.

Səadət A.

- İndi teletənqidçi Qulu Məhərrəmli telefon xəttindədir. Qulu bəy, Oqtay Əliyev deyir ki, haqqında söhbət gedən müzakirələr əslində şou proqramlarda yox, ictimai-sosial mövzulu verilişlərdə gedir. Necə bilirsiniz Azərbaycanda bu tip mövzular çox müzakirə olunan məsələlərdirmi ki, televiziyalara ayaq açır?
Qulu Məhərrəmli
Qulu Məhərrəmli

Qulu Məhərrəmli

- Bilirsiniz, bu məsələyə iki baxış var, biri televiziya tərəfidir, onlar belə hesab edirlər ki, televiziyada belə mövzuları verməklə tamaşaçı cəlb olunur, reytinq yaranır, müəyyən reklam gəlirləri əldə olunur. Bu, işin anlaşılan tərəfidir. İkinci məsələ isə, televiziyanın missiyası ilə bağlıdır. Yəni bu tip verilişlər, mövzular bu günkü cəmiyyət üçün nə dərəcədə aktualdır? Biz nə dərəcədə ekranların qarşısında belə xurafat iyi verən sujetlərə baxmalıyıq, min illər boyu qəbul edilmiş ənənələri ortaya gətirib mənasız, bayağı və düşük şoular düzəltməliyik? Ölkəmizin ucqarlarında, ya da elə şəhərlərdə elə şeylər olur ki, hələ də nadanlıqla üz-üzə qaldığını anlayırsan. Amma məgər televiziyanın missiyası hansısa qaranlıqdan bir mövzunu çıxarıb gün işığı altına qoymaqdır? Televiziyanın missiyası bu deyil. Televiziyanın missiyası sosial harmoniya yaratmaqdır, cəmiyyəti ifadə etməkdir, problemlərə güzgü tutmaqdır, sosial problemləri müzakirə etməkdir.

Bəyəm bizim cəmiyyətimizdə bu tip problemlər azdır? Bax burda biz televiziyaların azadlığı, müstəqilliyi, sərbəstliyi məsələsinə gəlib çıxırıq. Yəni bu tip verilişlərə, mövzulara meyl həm də aktual olan mövzuların kamera qarşısında, ekranda müzakirəsindən yaxa qurtarmaq cəhdidir. Mən televiziyaları qınamıram, çünki bizdə televiziyalar sahəsində ən aşağısı beş-altı ildir yaradıcılıq, peşəkarlıq böhranı var. Bax bu tip mövzuların müzakirəsi həmin böhranın nəticəsidir. Gəlin görək on il əvvəl ANS, ATV ya başqa televiziyalar bu cür mövzuları verməyi özünə rəva bilərdi? Təbii ki, yox. Amma bu gün o mövzular süni şəkildə aktuallaşdırılır.

Belə çıxır ki, bizim hədəf auditoriyamız cəmiyyətin fəal təbəqəsi deyil, yalnız xurafata meylli, aşağı səviyyəli, bəsit düşüncəli insanlardır. Ona görə də televiziyalar bu məsələlərdə ehtiyatlı olmalıdırlar. Əlbəttə onların fikirlərinə diqqətlə yanaşmaq lazımdır, amma heç cürə haqq qazandırmaq olmaz ki, bir televiziya günün bir saatını, saat yarımını belə mövzuya həsr etsin. Həssaslığı itirmək televiziya üçün müəyyən mənada öz tamaşaçı çevrəsini itirmək deməkdir.

Debatı tam olaraq izlə
XS
SM
MD
LG