Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:44

Miqrant anası: İş harada, aş orada...


Mokva bazarı
Mokva bazarı
-
Rusiyada işləyən Kamil Əliverdiyev 10 ildən çoxdur ki, ticarətlə məşğul olur. Onun dediyinə görə, ötən ilin oktyabrında Azərbaycan vətəndaşı Orxan Zeynalov rus gəncin ölümündə ittiham olunandan sonra oradakı azərbaycanlılara qarşı münasibət dəyişibmiş. Ancaq indi durum dəyişib, sakitlikdir.

Ötən il Kamil də, bir çox həmvətəni kimi, Azərbaycana qayıtmağı düşünürmüş. Ailəsinin dolanışığını göz önünə gətirərək, sonradan fikrindən daşınıb və qalıb Rusiyada işləməyi üstün tutub:

«Özüm ali təhsilli adamam. Burdakı qazancımla təkcə ailəmə deyil, qohumlarımın yarısına baxıram. Orada işim-gücüm olsaydı, heç buraya gəlməzdim. Oradakı dolanışığımızı burdakı qazancımızla təmin edirik».

«ADAM NƏ QƏDƏR TƏHQİRƏ DÖZƏR?»

Keçən ilin oktyabrında Moskvada baş verənlər Azərbaycanda miqrasiya problemini gündəmə gətirmişdi. Çoxları oradakı azərbaycanlıların qayıdacağını düşünürdü. Həmin vaxt qayıdanlar da olmuşdu. Onlardan biri – Tariyel Əzimli deyir ki, burda işsiz olsa da, Rusiyaya geri dönməyi düşünmür:

«Axı orada heç kim bizim pozulan hüquqlarımızla maraqlanmır. Yiyəsizlikdir də. Kimi harada tuturlarsa, pulunu, pasportunu alırlar. Adam nə qədər təhqirə dözər?».

«ÖZÜNÜ YAXŞI APARSA... KİM OĞLUMA NƏ EDƏCƏK Kİ?»

Oğlu azı 5 ildir Moskva bazarında alış-veriş edən Əmir Ağayevsə fərqli düşünür. O, oğlunun vətənə qayıtmasını istəmir. Çünki oğlu öz ailəsinə də, valideynlərinə də əl tutur:

«Oğlumun burada işi-gücü yox idi. Orada isə ticarətlə, nə bilim, alverlə-zadla dolanır, bizi də dolandırır. Onsuz hadisə hər yerdə olur, tək Rusiyada olmur ki...
Əlövsət Əliyev
Əlövsət Əliyev
Adamın özündən də çox şey asılıdır. Özünü yaxşı aparsa, başını aşağı salıb çörəkpulunu qazansa, kim oğluma nə edəcək ki?».

«20 FAİZİN QAYIDIŞI AZƏRBAYCANI TƏRPƏDƏ BİLMƏZ»

«Rusiyada çalışan Azərbaycan vətəndaşları vətənə dönərkən işsizlik və uyğunlaşma problemi yaşayırlar» – Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev belə düşünür:

«Onlar Azərbaycandan könüllü getməyiblər. Əksəriyyəti orta sahibkarlara şərait yaradılmadığı üçün Azərbaycanı tərk edənlərdir. O üzdən, elə hesab etmirəm ki, onlar gəlib Azərbaycanda iş tapacaqlar. Düzdür, xırda ticarətlə məşğul olanlar və ya Rusiyada tikintidə çalışanlar Azərbaycana qayıda bilər. Onların burada yaşayıb işləməsi gözləniləndir. İndi Azərbaycan böyük tikinti meydançasıdır. Onlar burdakı tikintilərdə özlərinə iş tapa bilərlər. Ancaq kütləvi axın ola bilməz, çünki oradakı azərbaycanlıların bir qrupu Rusiya vətəndaşlığı əldə edib, təxminən 60 faizinin də daimi yaşamaq hüququ var. Aşağı-yuxarı, 20 faizin qayıdışı isə Azərbaycanı tərpədə bilməz».

Nazim Məmmədov
Nazim Məmmədov
«BİR MİLYON 800 MİNƏ YAXIN AZƏRBAYCAN VƏTƏNDAŞI RUSİYADA ÇALIŞIR»

Rusiya Miqrasiya Xidmətinin yaydığı məlumata görə, bu ölkədə xaricdən gələn 11 milyon 280 min miqrant qeydə alınıb. Onların arasında 630 min Azərbaycan vətəndaşı var. Söhbət, təbii ki, qeydiyyata düşənlərdən gedir. İqtisadçı Nazim Məmmədov deyir ki, onların sayı da, Azərbaycana göndərdiyi vəsait də deyiləndən qat-qat çoxdur:

«Rusiya hökumətinin açıqladığı 630 min rəqəmi miqrant işçi kimi qeydiyyata alınanları bildirir. Bu rəqəmi təxminən 3-ə vurmaq lazımdır. Onda görərik ki, təxminən 1 milyon 800 minə yaxın Azərbaycan vətəndaşı Rusiyada çalışır. Əksəriyyəti müxtəlif kənd rayonlarından alış-verişə gedən insanlardır. Çoxunun vətənində evi, pay torpağı, kənd təsərrüfatı məhsullarının istehsal və emalı üçün imkanları var. Bu, təxminən 2 milyon işçi qüvvəsi bu gün Azərbaycan iqtisadiyyatının inkişafına çalışsaydı, dövlət də, vətəndaşlarımız da bundan çox irəli düşərdi. Ölkə daxilində idxal problemini həll edə bilərdik».

Moskvada miqrantlara qarşı reyd, 2013
Moskvada miqrantlara qarşı reyd, 2013
RUSİYADAKI ƏMƏKÇİ MİQRANTLAR SİYAHISINDA AZƏRBAYCANLILAR 5-Cİ YERDƏDİR

2003-cü ildə Rusiyanın Əmək və Sosial İnkişaf Nazirliyi ilə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əmək, məşğulluq, sosial rifah haqqında saziş imzalanıb. Həmin sazişə dayanaraq, hər iki dövlətin uyğun nazirlikləri əməkdaşlığa dair öhdəlik götürüblər. Amma ekspertlər həmin sazişin, əslində, kağız üzərində qaldığını deyirlər.

Ekspertlər onu da bildirirlər ki, Rusiya öz miqrasiyaya dair qanunlarını nə qədər sərtləşdirsə də, miqrantlar yenə orada qalmağı üstün tuturlar. Öz vətənlərindəki həyat onlara çox çətin görünür. Oğlunu işləmək üçün Rusiyaya yola salan Elmira Əliyeva da belə düşünür:

«Oğlumun burda işi olsaydı, nə işi vardı yad ellərdə. Orada işi, çörəyi varsa, demək, onun yeri oradır...».

Rusiyadakı əməkçi miqrantlar siyahısında azərbaycanlılar 5-ci yerdədir.
XS
SM
MD
LG